YAP-ın namizədi əsgərlikdən yayınıb?- ŞOK
Namizəd Şahin İsmayılov "Nurçu" hərəkatının üzvüdür?!
"Xeberinfo.com": Artıq ölkəmizdə keçiriləcək parlament seçkilərinə sayılı günlər qalıb. Amma buna rəğmən cəmiyyətdə seçki həyacanı hiss edilmir. Bu gün medianı düşündürən əsas məsələlərdən biri də məhz budur. Çünki ölkədə seçki həyacanı, seçki rəqabəti yaşananda media da bir işə yarayır - həm peşəkarlığını artırır, həm də gəlirləri artırmağa şərait yaranır. Bəs, nə üçün ölkədə seçki həyacanı hiss edilmir? Birincisi odur ki, illərdir Azərbaycanda seçki əvəzinə, əcaib bir seçki şousu keçirilib. Namizədliklər verilib, siyasi mübarizə aparılıb, amma sonda hökumətin nəzərdə tutduğu namizəd kimdirsə, həmin adam da deputat təyin edilib. Ona görə də həm seçicilər, həm də namizədlər öz taleləri ilə barışıb. Hamıya bəllidir ki, hökumətin siyahısında kimdirsə, o, da deputat olacaq. Elə isə nə üçün hökumətin qeydiyyat "fiksasiya" xatirinə keçirdiyi seçki şousunda iştirak edərək dolayısı ilə bu kampaniyaya "ayı xidməti" göstərilsin? Əlbəttə, cəmiyyətdə bu heç kimə gərək deyil. Amma hamıya bu kriteriyadan yanaşmaq düz deyil. Bir sıra namizədlər var ki, onlar yalnız yuxarıda qeyd etdiyim "ayı xidməti"ni göstərərək ondan öz bəhrəsini götürmək üçün seçkiyə qatılıb. Bu qism namizədlər yalnız görüntü yaratmaq, "seçki çələngi"ni zənginləşdirmək üçün dekorasiya rolunu oynayırlar. Digər qrup namizədlər əvvəlki illərdə mandata haqq etmiş namizədlərdi ki, onlar yenidən namizədliklərini verməklə hökumətə mesaj verirlər ki, biz iddialarımızdan hələ də əl çəkməmişik. Üçüncü qrupa isə sadəlövh, hələ də seçki möcüzələrinə inanan azlıqdır. Bütün bunlar da seçki kampaniyasının kütləvilik səviyyəsini aşağı salır. Hazırda deputat təyin olunacağı daha çox ehtimal olunan namizədlər YAP-ın vahid namizədləridir. Təcrübəyə əsaslansaq, YAP-ın 117 namizədindən 50-60-ı mandat ala biləcək, qalanları isə elə başqa qrupdan olan namizədlər kimi dekorasiya missiyasını yerinə yetirəcək. Bu ilki parlament seçkilərinin təbliğat kampaniyasının belə sönük keçməsinin səbəbini daha detallı 81 saylı seçki dairəsinin timsalında izah etməyə çalışaq. Bu dairədən ən maraqlı namizəd YAP-ın vahid namizəd İsmayılov Şahin Əmir oğludur. Bu namizəd ona görə maraqlıdır ki, o, ilk dəfə Beyləqanda dairəyə bildiriş öhtəliyini doldurmağa gələndə olub. O vaxta qədər Şahin İsmayılov heç Beyləqan rayonunun Azərbaycanın hansı tərəfində yerləşdiyini belə bilməyib. Bu uyğunsuzluğu ört-bastır etmək üçün namizəd nə platformasında, nə də tərcümeyi-halında harada doğulduğu barədə məlumat verməyib. Bəziləri bunu bir təsadüf kimi qəbul edə bilər, amma belə deyil. Namizəd harada doğulduğu barədə məlumat versə, ortaya sual çıxır: bu gənc yaşında Suraxanıda səni tanımırlarsa, seçmirlərsə, bəs Beyləqanda necə seçiləcəksən? Beyləqanda 5-6 min YAP-çının olmasına baxmayaraq, bu dairədən YAP-ın parlamentə layiqli namizədi Bakı şəhərinin Suraxanı rayonunda anadan olmuş 29 yaşlı bir gəncdir. Əslində, istənilən dairədən deputatlığa namizəd seçicilər tərəfindən tanınan, dairə ərazisinin və əhalinin problemlərini bilən bir adam olmalıdır. Seçki görüntü xarakteri daşısa da, heç olmasa hökumət bu detalları nəzərə alsa, əhalinin bir qisminin seçkiyə inamı olardı. Bu dairədə hökumətin seçdiyi də, elə sözügedən namizəd olduğundan, İsmayılov Şahin Əmir oğlunun təbliğatı ilə rayonun bütün idarə, müəssisə və icra hakimiyyəti məşğuldur. İndi YAP Beyləqan camaatını inandırmağa çalışır ki, bu gənc onları, onlar da bu gənci tanımasa da, o, beyləqanlıların layiqli deputatı olacaq. Amma deyəsən alınmır. Çünki təbliğat kampaniyasının elə ilk günlərindən kəndlərdə şagirdləri namizədin çıxışına qulaq asmağa məcbur edirlər. Baxmayaraq ki, şagirdlərin hələ səsvermə hüququ yoxdur. Hələ bu da hamısı deyil, aldığımız məlumata görə, YAP-ın vahid namizədi heç həqiqi hərbi xidmət də keçməyib. İlk baxışdan sağlam, boy-buxunlu görünən bu gəncin nədən hərbi xidmət keçməməsi müəmmalıdır. Bunun səbəbi xəstəlikdirsə, xəstə gənc beyləqanlılara necə deputatlıq edəcək? Yox, səbəb sərhəddə erməni gülləsinin qorxusundan hərbi xidmətdən yayınmaqdırsa, saxtakar namizədin gələcək fəaliyyəti də bəribaşdan bəllidir. Lakin ən yaxşı halda, hərbi mükkələfiyyətin verilməməsinin səbəbi təhsilini davam etdirməkdirsə, onda elmlə məşğul olan bir gənc beyləqanlıları parlamentdə necə təmsil edəcək, onun buna vaxtı çatacaqmı? Onu da qeyd edək ki, 81 saylı Beyləqan seçki dairəsindən namizədliyi hakim Yeni Azəərbaycan Partiyası tərəfindən irəli sürülən Şahin İsmayılovun seçkiqabağı ilk təşviqat kampaniyası uğursuz alınıb. Namizədin seçki təşviqatı ilə bağlı azmedia.info-ya məlumat verən Beyləqan sakinlərinin bildirdiklərinə görə, Şahin İsmayılov görüşlərə özü ilə Bakıdan gətirdiyi ATGTI üzvülərini də cəlb edib. Rayonun Örənqala və Günəşli kəndlərində keçirilən görüşdə çox az vətəndaşın qatıldığı bir seçki görüşü olub. Yerli sakinlərin bildirdiyinə görə onlar tanımaqdırları şəxsin seçki kampaniyasına maraqlı deyillər. Sakinlər bildirir ki, onlar onsuzda verilən heç bir vədlərə inanmırlar. Tək güvəndikləri şəxs ölkə prezidenti İlham Əliyevdir. Yerli sakinlər bildiriblər ki, Örənqala və Günəşli kəndlərindəki görüş əsasən Şahin İsmayılovun ATGT -üzvüləri və qonşu kəndlərdən icra nümayəndlərinin gətirdiyi bir neçə maşın adamdan ibarət olub. Kənd sakinləri isə görüşü uzaqdan seyr ediblər. Şahin İsmayılov çıxış etməmişdən öncə icra nümaynədəsinin zorla görüşə gətirdiyi bir neçə "kənd ağsaqqalı” çıxış edərək namizədi «bəy tərifinə» tutublar. Sonradan isə bu «bəy tərifi» kəndlilərin dilində lətifəyə çevrilib. Görüş iştirakçıları qarşısında çıxış edən Şahin İsmayılov isə populizimə qapılaraq vədlər verməyə başlayıb. Bu vədlərdən belə anlaşılıb ki, Şahin İsmayılov deputat olandan sonra Örənqala və Günəşli kəndlərindəki bütün problemlər öz həllini tapacaq. Bütün bu vədlər isə kənd sakinləri tərəfindən gülüşlə qarşılanıb. Hətta bəzi kənd sakinləri Şahin İsmayılov və ATGTI-üzvüləri kəndi tərk etdikdən sonra çayxanada uzun bir siyahı tutmaqla məşğul olublar. Onlar bu siyahıya Örənqala və Günəşli kəndlərindəki saysız problemləri yazıblar və növbəti dəfə həmin siyahını Şahin İsmayılova təqdim edərək, ondan problemlərin həllini tələb edəcəklər. Kənd sakinləri sadəcə bunu «məzə» xatirinə edəcəklərini bildiriblər. Digər tərəfdən, Şahin İsmayılovun həmçinin bir il əvvəl ölkənin siyasi arenasını lərzəyə gətirən "Nurçu" hərəkatının üzvü olduğu barədə məlumatlar var.Şahin İsmayılov fətullahçı Elnur Aslanova yaxın şəxslərdən biridir. O daha çox dövlət tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatına hər il ayrılan külli miqdarad vəsaitləri mənimsəyən bir şəxs kimi tanınmaqdadır. Hələ bunlar da hamısı deyil, bunlar sadəcə YAP-ın 81 saylı dariədən vahid namizədi haqqında bir neçə mənbədən təsdiqlənən minuslarıdır. Bundan bir neçə dəfə çox təsdiqlənməmiş məlumatlarımız var, amma onları hələ ki, təsdiqləyə bilmədiyimizdən dərs etmirik. Mənbəmizin məlumatları ilə bağlı Şahin İsmayılovla əlaqə yaratmaq istəsəkdə, bu cəhdimiz baş tutumadı. Məsələlər ilə bağlı qarşı tərəfində mövqeyi dərc etməyə hazırıq.
milletinsesi.info