Mərkəzi Asiya: Yeni müharibə gözlənilirmi? -İNCƏLƏMƏ...
“Taliban” hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub.
Yenixeber.org: Bu barədə Əfqanıstanın “Hasht-e subh” qəzeti yazıb.
Qəzet iddia edib ki, münaqişə türkmən sərhədçilərin təqsiri üzündən baş verib.
“Üç gün əvvəl Türkmənistanın sərhəd xidmətinin əməkdaşları bir mülki şəxsi öldürüb, digərini isə döyüb. “Taliban” silahlıları insidentin araşdırılması zamanı onların hərəkətlərinə cavab olaraq atəş açıblar”, - Cuzdan əyalətinin informasiya və mədəniyyət şöbəsinin rəhbəri Hilal Balxi bildirib.
Qeyd edilir ki, atışma yanvarın 3-də Hamab əyalətində baş verib. Silahlı qarşıdurmada ölənlərin olub-olmadığı hələ məlum deyil.
Maraqlıdır, “Taliban” və Türkmənistan arasındakı qarşıdurma böyüyə bilərmi? Ümumiyyətlə, Mərkəzi Asiyada yeni müharibə ehtimalı var?
Bununla bağlı cebhe.info-ya danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, Mərkəzi Asiya bölgəsində uzun illərdir ciddi bir gərginlik hökm sürür: “Bu gərginliyin əsas səbəbi həmin regionda radikal dini qruplaşmaların siyasi rəhbərliyə can atmasıdır. Onlar ölkələrin idarəçiliyini ələ keçirmək istəyirlər. Bununla da dünyəvi yaşayış tərzinin qarşısı alınmağa çalışılır.
Bunun nəticəsində isə yerli dini qruplaşmaların dəstəklədiyi “Taliban” hərəkatı Əfqanıstanda yenidən hakimiyyətə gəldi. Bu prosesdə Pakistanın da rolu olduqca böyük idi. Nəzərə almaq lazımdır ki, uzun illərdir ki, Pakistanın hərbi-siyasi hakimiyyəti “taliblər”i dəstəkləyir. Sanki Əfqanıstanda yenidən “Taliban”ın hakimiyyətə gəlməsi Mərkəzi Asiyanın digər ölkələrinə də çıxış üçün bir stimul yaratdı.
Bu gün Türkmənistan ərazisinə giriş əldə etmək istəyən radikal dini qruplaşmalar da var. Onlar əvvəlcə sərhəd bölgəsində Türkmənistan və Əfqanıstan arasında müəyyən gərginlik yaratmağa çalışırlar. Buradakı əsas məqsəd Aşqabadın siyasi və hərbi rəhbərliyini təxribata çəkməkdir. Çünki Türkmənistan bölgədə neytral mövqe tutan və hər hansısa regional siyasi qruplaşmalarda iştirak etməyən ölkədir.
Yəni Əfqanıstandan sonra bənzər ssenarini Türkmənistanda da həyata keçirmək istəyən qüvvələr var. Lakin onların uğur qazana biləcəyini düşünmürəm. Çünki Türkmənistanın təhlükəsizlik məsələlərindən Rusiya da məsul tərəfdir. Ona görə də Kreml rəsmi Aşqabada öz dəstəyini göstərəcək”.