Vaksin olunanlara -“korona” diaqnozu qoyulmur" iddiası
Həmin şəxslər təkrar digər yerdə analiz verdikdə isə məlum olur ki, “korona”ya yoluxublar
Yenixeber.org: Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, reanimatoloq İsrail Məhərrəmbəyli vaksinasiyasının virusa yoluxmada göstərdiyi təsirdən danışıb. Onun sözlərinə görə, bəzən koronavirusa qarşı peyvənd olunan şəxslərin virusa yoluxması və reanimasiyaya yerləşdirilməsi barədə yanlış fikirlər yayılır: “İki-üç doza vaksin vurdurmaq insanı COVİD 19-a yoluxmaqdan sığortalaya bilməz. Yəni vaksinasiyadan sonra da yoluxmaq mümkündür. Müşahidələr göstərir ki, reanimasiyaya düşən vaksinli pasiyentlər xəstəliyi digərlərinə nisbətən yüngül keçirir. Ona görə də vətəndaşların vaksinasiya prosesinə qoşulması tövsiyə olunur”.
Belə iddialar da var ki, koronavirus şübhəsi olanlar təcili yardıma test verdikdə guya onlara virusa yoluxmaması haqda rəy verilir. Həmin şəxslər təkrar digər yerdə analiz verdikdə isə məlum olur ki, “korona”ya yoluxublar. Bu iddianın nə dərəcədə həqiqət payı var? Bunun vaksinasiyaya inamı sarsıtmaq üçün edildiyini təxmin etmək olar. Amma bu cür halların özü də xəstəliyin yayılmasına səbəb ola bilər. Qeyd edək ki, “Omikron”la bağlı dünyada vəziyyət çox pisləşsə də, Azərbaycanda yenə əks proses baş verməkdədir. Həm yoluxma, həm ölüm saylarında azalma var. Son rəqəmlərə görə, Azərbaycan əhalisinin 54 faizi vaksinasiyadan keçib. Vaksinasiya bu ilin yanvarında başlayıb, 11 aya görə statistikanı necə qiymətləndirmək olar? Niyə hələ də ölkəmizdə anti-vaksinçilər qalır?
Mərdan Əliyev
İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı belə şərh verib: “Vaksin istehsalçıları özləri də qeyd edirlər ki, peyvəndlər yüz faiz effektiv deyil. Müxtəlif ölkələrdə araşdırmalar aparıldı. Türkiyə və bizə yaxın digər ölkələrdə aparılan araşdırmalar zamanı ”CoronaVac" vaksininin effektivliyi 90 faizə yaxın olub. Amma Amerika, Braziliyada aparılan sınaqlarda bu effektivlik 60 faiz təşkil edib. “Pfizer”in effektivliyi yüz faiz deyil, o da 90 faizə yaxındır. Ümumi nəticəyə belə gəlinib ki, həm “Sinovac”, həm də “Pfizer”in effektivliyi 90 faizə yaxındır. “Pfizer”də effektivlik 5 faiz çoxdur. Bu da o deməkdir ki, hər yüz xəstədən 10-da bu vaksinin effekti yoxdur. Yəni 10 nəfərdə bu ümumiyyətlə, effekt vermir, həmin on nəfər xəstəliyə yoluxarsa, vaksin olunmayanlar qədər ağır keçirə bilər. Amma xəstələrin doxsan faizi xəstəliyi yüngül keçirəcək. Burada məsələ belədir ki, birinci və ikinci doza vaksin olunanlar virusa asanlıqla yoluxur. Birinci, ikinci doza vaksin virusdan qorumur, amma xəstəliyi yüngül keçirməkdə kömək edir. Son araşdırmalar göstərib ki, üçüncü dozadan sonra qoruma dəfələrlə artır, xəstəliyi çox yüngül və asimptomatik şəkildə keçirirlər. Bu araşdırmalar da praktik deyil, bunlar, sadəcə olaraq, qanda olan antitellərin titilini təyin edirlər. Antigeni neytrallaşdıran anticisimlər üçüncü dozadan sonra titil 18-20 dəfə daha yüksəkdir. Bundan belə nəticəyə gəlirik ki, bu, on səkkiz-iyirmi dəfə daha artıq qorumaya malik olacaq. Yəni peyvənd olunanlar arasında reanimasiyaya düşənlər də, ağır keçirənlər də ola bilər. Bayaq dediyim kimi, on nəfər reanimasiyaya düşə, ağrı keçirə bilər. Belə hal mümkündür. Ona görə istənilən halda yenə peyvənd vuranlar da özlərini qorumalıdırlar. İstəsələr qanda antitelləri yoxlaya bilərlər. Buradan bilmək olar ki, qanda peyvəndin effekti olub, yoxsa yox".
Əliyev əlavə edib ki, “Omikron” hazırda sürətlə yayılır və ölkəmizdə aşkar olunma ehtimalı da az deyil: “Hansı ölkələrdə ki, bu aşkar olunub, sürətlə yayılmağa başlayıb. Bizdə bu ştamm tapılmayıb. Aşkar olunarsa, genetik analiz olmalıdır. Amma son vaxtlar yenə də qrip, koronovirus, kəskin respirator virus infeksiyalarının sayı artıb. Bunu öz ətrafımda gördüklərimə əsasən deyirəm. Test verənlər, koronavirus aşkar olunanların arasında statistik göstərici olaraq bu say minə qədərdir. Artma müşahidə edilmir. Bu müsbət haldır. Amma “Omikron" ştammı bizdə də aşkarlanarsa, sürətlə artacaq".
Bu arada, Böyük Britaniyanın Səhiyyə Agentliyinin icraçı direktoru Cenni Harris “Omikron” ştammının dünya səhiyyəsi üçün yaratdığı təhlükənin miqyasından bəhs edib: "Yəqin ki, bu ştamm pandemiyanın başlanğıcından bu yana ən əhəmiyyətli təhlükədir", - deyə o bildirib.
Təyyar Eyvazov
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov isə bildirib ki, ölkəmiz infeksiya ilə mübarizədə bu gün ən effektiv vasitə sayılan vaksinasiya prosesinə erkən başlayıb və hazırda yetkin əhalinin 60%-dən çoxunun iki doza peyvənd alaraq qorunmasının nəticələri göz qabağındadır: “Artıq ilk dövrlərdə tətbiq olunan qapanmalar, əksər məhdudiyyətlər aradan qaldırılıb, insanlarımız pandemiyadan öncəki həyat tərzinə qayıdıb. Məhz vaksinasiya nəticəsində yüzlərlə yaşlı, müxtəlif risk faktorları, xroniki xəstəlikləri olan insanların həyatı xilas edilib. Lakin qoruyuculuq daimi deyil, vaxt keçdikcə zəifləyir. Ona görə də birinci növbədə risk qruplarına daxil olan, o cümlədən 50 yaş üzəri olan insanlar və eyni zamanda ümumiyyətlə, 18 yaşdan yuxarı bütün şəxslər vaksinasiya və ya xəstəliyi keçirmək sayəsində əldə etdikləri immuniteti gücləndirməlidir. Bunun yolu 3-cü, yəni buster dozanın vurulmasından keçir. Vaksinlərin bəzi ölkələrdə, hətta ilk dozalarının əlçatan olmadığı bir dövrdə, Azərbaycanda buster dozanın olunması üçün bütün ehtiyaclar güvənli şəkildə təmin edilib. İstəyimiz yalnız fürsəti əldən verməmək, bu imkandan yararlanaraq ümumi işimizə töhfə verməkdən ibarətdir. Pandemiya hələ sona çatmayıb. Bu gün virusun daha çox mutasiyaya uğramış, yeni ştammı - “Omikron" ştammı peyda olub və hamının narahatçılığına səbəb yaradıb. İlkin mülahizələrə görə, yeni ştamm daha sürətlə yayıla bilir, həm də əvvəlki qazanılmış immun cavabdan müəyyən qədər yayına bilir. Yaxın vaxtlarda müşahidələr bu mülahizələrin nə qədər doğru olmasına aydınlıq gətirəcəkdir. Belə bir təhlükə şəraitində insanların qorunması, yoluxma hallarının sürətli artımının qarşısının alınması məhz bizim qoruyucu qızıl qaydalara necə əməl etməyimiz və yenə də vaksinasiyada fəal iştirakımızdan asılı olacaqdır".