Azərbaycanda ilk Azad İqtisadi Zona fəaliyyətə başlayır -Hansı güzəştlər var?
Azərbaycanda yaxın vaxtlarda fəaliyyətə başlayacaq Ələt Azad İqtisadi Zonada (AFEZ) sahibkarlara və investorlara veriləçcək güzəştlər və bununla bağlı detallar məlum olub.
Yenixeber.org: AFEZ əvvəlcədən üç sahəyə ayrılmsış 850 ha ümumi sahəyə malikdir. Sahələrdən ilk ikisi - Zona 1 və Zona 2 - Bakı Limanına bitişikdir və ümumi sahəsi 639 ha təşkil edir. Üçüncü sahə, Bakı Limanından 7 km məsafədə, 3-cü Zonada yerləşir və 211 hektar sahəni əhatə edəcək.
Hazırda zonanın əlverişli yerində - liminın girişində və avtomobil yolunun kənarında yerləşən - ilkin 60 hektarlıq ərazi tikilməkdədir. Burada 5 hissə olacaq. Gömrük sahəsi və AİZ-ə əsas giriş, AFEZ-in səlahiyyətli qurumunun və investorlar üçün vahid pəncərənin yerləşdiyi bina, ofisdə investorlar üçün ilkin yerləşdirilmə, investorlara icarəyə veriləcək ərazilər, kommunal xidmətlər mərkəzi.
Güzəştlərə gəlincə AFEZ-dən bidirilib ki, zonada investorlar vergisiz fəaliyyət şəraiti, təkmil infrastruktur və yüksək dövlət zəmanəti ilə təmin ediləcəklər. Eləcə də investorlar asanlaşdırılmış viza dəstəyi də veriləcək.
AFEZ-də investorları normal işgüzar mühit və strateji mövqedən dünya bazarlarını çıxış gözləyir. Bundan başqa, zonanın əsas müştəriləri cəlbedici vergi və gömrük güzəştləri paketi gözləyir. Vergi, gömrük və digər xidmətlərlə bağlı güzəştlər aşağıdakı kimidir:
0% Korporativ Vergilər;
İxrac üçün mallara 0% gömrük və ƏDV;
Ticarətin asanlaşdırılmasına əsaslanan gömrük rejimi;
Xarici mülkiyyət məhdudiyyəti yoxdur;
Xarici valyuta və ya mənfəətin geri qaytarılması ilə bağlı heç bir məhdudiyyət yoxdur;
Xarici vətəndaşlar üçün viza alınması asanlığı;
Biznesin «bir pəncərə» vasitəsilə qiymətləndirilməsi və lisenziyalaşdırılması;
Müstəqil İdarəedici və tənzimləmə orqanı;
Mübahisələrin beynəlxalq standartlara uyğun olaraq müstəqil həlli;
Sağlamlıq, təhlükəsizlik, əmək və ətraf mühitlə bağlı beynəlxalq standartlar;
İnvestorların tam qorunması;
Əqli mülkiyyət hüquqlarının tam qorunması.
İqtisadçı Eldəniz Əmirov bildirib ki, şirkətlər güzəştlər kateqoriyasına görə 3 yerə bölünəcək: "Birinci qrupdan olan əsas müştərilər - əsas investorlara bütün güzəştlər ediləcək. Bunlar beynəlxalq istehsal şirkətləri, eləcə də xarici ixraca yönəlmiş, innovasiyalı məhsul və xidmətlər istehsal edən, yeni texnologiyalar tətbiq edən və bu sahədə yeni iş yerləri yaradan şirkətlərdir.
İkinci qrup şirkətlər zonadan kənarda yerləşən və güzəşti olmayan şirkətlərdir. Bunlar AFEZ-in əsas müştəriləri üçün köməkçi məhsullar hazırlayan şirkətlər olacaq və onlara icazə veriləcək ki, zonaya bitişik xüsusi ayrılan ərazidə yerləşsin.
Üçüncü qrup şirkətlərin isə zonada yerləşəcək, amma güzəştləri olmayacaq. Onlar da AFEZ-ın əsas müştərilərinə kommersiya, pərakəndə və məişət xidməti göstərən şirkətlərdir".
İqtisadçı vurğulayıb ki, bölgüdən göründüyü kimi əsas AFEZ-in taleyində 1-ci qrup rol oynayacaq: "Ona görə də mənə ən maraqlı olan onlara verilən güzəştlərdir. Bu siyahıda korporativ vergilər - 0%, ixrac üçün mallara gömrük və ƏDV - 0%, asanlaşdırılmış gömrük rejimi və s. kimi xeyli sayda güzəşt istiqamətləri əks etdirilib".
Ekspertin sözlərinə görə, burada daha diqqət cəlb edən vacib güzəştlər xarici mülkiyyət məhdudiyyətinin olmaması, xarici valyuta və ya mənfəətin geri qaytarılması ilə bağlı məhdudiyyət olmaması, mübahisələrin beynəlxalq standartlara uyğun olaraq həll edilməsi, investorların qorunması kimi güzəştlərdir: "Bu güzəştlər 0% vergi, 0% gömrük güzəştlərindən daha vacibdir. Çünki, xarici investor özünü təzyiq altında hiss etməməlidir, mülkiyyət məhdudiyyətilə qarşılaşmamalıdır, qazandığı mənfəəti istədiyi zaman ölkədən sərbəst çıxara bilməlidir. Xarici investor nəinki bunlar pozulduqda, hətta pozulma ehtimalını hiss etdikdə belə ilk fürsətdə buradan qaçacaq. Hətta ən adi güzəştlərindən belə maksimum yararlanmaları üçün imkan vermək lazımdır. Məsələn, verilən güzəştlərdən biri belədir ki, xarici işçilərin Dövlət Sosial Müdafiə fondunda iştirakı, yəni bu fonda ödəniş edib etməməsi könüllü olacaq. Yəni bu ödənişləri edib etməməyə işçi və çalışdığı şirkət qərar verəcəklər. Hətta bu məsələdə belə Dövlət Sosial Müdafiə fondunda bir az artıq vəsait yığılsın deyə bu şirkətlərə rəsmi və ya qeyri-rəsmi səviyyələrdə təzyiq etmək, buna cəhd etmək kimi hallara yol verilməməlidir. Miqyasından asılı olmayaraq istənilən təzyiq növü xarici investoru Azərbaycandan qaçıran ən başlıca səbəbdir. Buna görə də nə olursa olsun, hansısa qurumun, hansısa məmurun və ya hansısa bürokratik əngəllərin bu güzəştlərdən xarici investorların tam istifadə etməsinə mane olmasına imkan vermək olmaz. Çünki, bu təkcə investorun və ya bu azad iqtisadi zonanın taleyinə yox, bütöv Azərbaycan iqtisadiyyatının taleyinə ciddi zərbə olar. Ona görə ki, bu AFEZ qeyri-neft sektoru üzrə xarici investorların Azərbaycana axının yeni dalğasını yarada bilər. Yetər ki, onların Azərbaycan ərazisində azad iqtisadi fəaliyyət imkanlarının yaradılmasına inamını, güvənini qazana bilək. Bu inamı qazanmaq üçün AFEZ əla bir fürsətdir. Belə fürsətlər hər deyəndə ələ düşmür".