Təhsil haqqını ödəyə bilməyənlər üçün ianə saytı yaradıla bilər
Təhsil eksperti: “Müstəqil təhsil fondlarının təsis edilməsinə ehtiyac var”
Yenixeber.org: Ali məktəblərin ödənişli ixtisaslarına düşən tələbələrin bir qismi ərizəsini universitetdə təsdiqlətməyib. Səbəb isə təhsil haqqının bütöv şəkildə istənilməsidir. Buna isə valideynlərin imkanı yetmir. Eyni zamanda ekspertlər bildirir ki, cari tədris ilində ödənişli əsaslarla təhsil alanlar üçün təhsil haqqı sosial-iqtisadi vəziyyətə uyğun müəyyənləşdirilmədi. Təhsil haqlarının birinci kursa daxil olarkən bütöv halda və məhz tədris ilinin əvvəlində istənilməsi bir qrup insanlar tərəfindən müsbət qarşılanmayıb və bu sosial şəbəkələrdə müzakirəyə çıxarılıb. Bununla bağlı müxtəlif maraqlı təkliflər verənlər də olub.
Fransada yaşayan azərbaycanlı bloqçu Elnur Məcidli öz facebook səhifəsində təhsil məsrəflərinin maliyyələşdirilməsinə dəstək olmaq üçün ianə saytı (fondu) yaradılmasını təklif edib: “Bu il Dövlət İmtahan Mərkəzinin keçirdiyi tələbə qəbulu imtahanlarında yüksək bal yığaraq ölkənin ən prestijli universitetlərini qazanaraq tələbə adını daşıyacaqlardan tutmuş, dünyanın inkişaf etmiş ölkələrinin ən nəhəng universitetlərinə qəbul olunmuş yüzlərlə əzmkar gənclərimiz var. Lakin onların bu imtahanlara hazırlıq prosesindəki imkanları heç də bərabər səviyyədə olmayıb. Ona görə də minimal imkanlarla böyük nəticə göstərənlərin dəstəklənməsinin gərəkdiyinin vacibliyinə inanıram. İstər ölkə daxilində, istər ölkə xaricində yüksək nəticə göstərən və maddi imkanı zəif, yaxud yetərsiz olan tələbələr üçün ianə saytı açıla bilər. Saytın sadə formatda olması, ianə müraciəti təsdiqlənmiş tələbənin qısa bioqrafiyası, bank hesab nömrəsi və s. öz əksini tapa bilər. Motivasiya məktubunun da olması vacibdir”.
O, saytın fəaliyyəti və təşkilatın iş mexanizmi ilə bağlı bunları qeyd edir: “İanə üçün müraciəti edənlərin seçilmə prosesini 5-7 nəfərdən ibarət tanınmış ictimai fiqurlardan olan komissiya həyata keçirə bilər. Müraciət edən hər bir gənc xüsusi və ictimaiyyət üçün açıq müsahibəyə dəvət oluna bilər və qərar verilərkən şəffaflıq qorunması beləliklə təmin olunar. Neçə tələbəyə və hansı miqdarda ianə verilməsi məsələsi isə sayta üzv olacaq fərdi və kooperativ donorlardan, həmçinin komissiyanın qərarından asılı ola bilər. Məsələn, saytdan qeydiyyatdan keçən hər bir donor 5-100 manat arası aylıq ianə ödəməklə bağlı öhdəlik götürür. Kooperativ donorlarda isə bu məbləğ aylıq 1000-2000 manata qədər qaldırmaq mümkündür. Sayt ianələrin təqaüd formasında tələbələrə çatdırılmasına nəzarət edəcək, bunun üçün ”PayPal" və digər elektron ödəmə sistemlərindən istifadə etmək mümkündür. Beləliklə müraciəti təsdiqlənmiş hər tələbə, komissiyasının qərar verdiyi aylıq müəyyən məbləğdə təqaüd almaq imkanına sahib olacaq. Daha sonra ən az ildə 1 dəfə bu tələbələrin donorlarla görüşünü təşkil etmək də yerinə düşərdi. Bunu dərnək şəklində, assosiativ fəaliyyət çərçivəsində də etmək olar ki, hər şey rəsmi və hüquqi olsun. Bu təşkilatın fəaliyyətində könüllülük əsas olsun, heç bir komissiya üzvü maaş almamalı, əksinə donor olmalıdır. Həmçinin təşkilatın bütün tədbirləri də bu könüllülük üzərində qurulmalıdır. Bu qurumdan yeganə faydalanacaq şəxslər isə ancaq imkansız tələbələr olmalıdır. Bu təklifi həyata keçirmək imkansız deyil, çox yox, 5-10 nəfər yardım alsa, əminəm ki, bu proyekt baş tutacaq. Mən əminəm ki, xeyli həmvətənimiz bu prosesdə iştirak etmə gücünə və həvəsinə sahibdi".
Təhsil eksperti Kamran Əsədov müstəqil təhsil fondlarının yaradılmasına ehtiyac olduğunu dedi: “Təəssüflər olsun ki, ildən-ilə Azərbaycan ali təhsil müəssisələrinin bütün pillələri üzrə təhsil haqları ciddi şəkildə artırılır. Lakin bunun müqabilində verilən təhsilin keyfiyyətində heç bir artım müşahidə olunmur. İlk növbədə qeyd edim ki, 2013-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsini, Təhsilin İnkişafı Fondunun yaradılmasını nəzərdə tutur. Dünyada ali təhsil müəssisələri tələbələrdən hər semestr üzrə təhsil haqqını alır. Bizdə isə öncədən bir ilin bütün təhsil haqqı tələb olunur. Bu, doğru yanaşma deyil. Məhz buna görə minlərlə şəxs ali təhsil almaqdan məhrum olur. Bütün bunlara görə müstəqil təhsil fondlarının yaradılmasına ciddi ehtiyac var. Türkiyədə bu tipli kifayət qədər təşkilatlar fəaliyyət göstərir və onlar təhsil haqqını ödəyə bilməyən tələbələrə yardımlar edirlər. Bu gün ali təhsil müəssisələrinin müəyyən etdiyi təhsil haqları reallığı əks etdirmir. Onların qeyri-peşəkar olaraq müəyyən etdikləri yüksək səviyyəli təhsil haqqı burada insanların oxumasına maneə yaradır və onlar da daha ucuz qiymətə xarici ölkələrdə təhsillərini davam etdirməyə gedirlər”.