SOS...SOS...TƏHSİL CAN VERİR....MOLLA YOXDUR Kİ, YASİN OXUSUN....
(Təhsil və Milli ruh anlayışı)
Yenixeber.org: Hörmətli oxucular, həmsöhbətim Arif Hüseynzadə adına 20 saylı məktəb-liseyinin təqaüdə buraxılmış ibtidai sinif müəllimi, gözəl pedaqoq, güclü metodist və ən əsası gözəl insan olan Lətafət Aslanova ilə olan müsahibəni sizlərə təqdim edirəm.
Salam. Xoş gördük sizi. Sizinlə həmsöhbət olmağa çox şadam. İstərdim sizinlə həm psixoloq kimi və həm də, pedaqoq kimi “Təhsil və Milli oyanış” məhfumu araşdıraraq bu barədə fikir mübadiləsi edək:
-2019-dan bu yana, yəni 2020-2021-ci illərdə “pandemiya” ilə bağlı təhsildə gedən axsamaları peşəkar pedaqoq kimi necə dəyərləndirirsiz?
-Bilirsiz? ...Mən həmişə sözümü deyən müəllimələrdən olmuşam. Və zamanla hiss etmişəm ki, mənim dürüst mövqey sərgiləməyim kimlərinsə xoşuna gəlmir. İndidə sözün düzünü deyərək həmişə olduğu kimi öz mövqeyimdən çıxış edəcəm. Mən təhsil sistemində islahat adıyla başlayan “kurikulum” formatını heç bəyənməmişəm və bu sistemə qarşı işlədiyim müddətcə mübarizə aprmışam. Mənim proqramlarımda həmişə ibtidai siniflərə dərsləri tədris etmək üçün öz dəstixəttim olub. Və nəticələridə həmişə ürəkaçan olub. Onu qeyd edim ki, heç bir valideyn təhsil baxımından mən tərəfdən nigaran qalmayıblar. Bu nədir “online”sistem icad ediblər? Bunlar niyə başa düşmürlər ki, şagird müəllimin apardığı dərs prosesini canlı-canlı görməlidir. Manitorun arxasından dərs mənimsəmək olar??? Şagird, müəllim sinifə daxil olanda başa düşməlidir ki, dərsə hazırdır ya yox. Şagird öz məsuliyyətini dərk etməlidir. Şagirdin müəllimlə bərabər əlləri yazı taxtası önündə təbaşirə bulaşmırsa, o nə biləcək dərsi mənimsəmək nə deməkdir. Yuxarıda oturanlar məgər bunları dərk etmirlər?!...
-Lətafət müəllimə, “online”la aparılan təhsil proqramları hansı dönəmlərdə öz fəsadlarını biruzə verəcəkdir?
- Heeçç uzağa getmək lazım deyil:-“online-la aparılan tədris proqramları zamanla öz mənfi fəsadlarını göstərəcək. Beləki, birmənalı olaraq uşaqlar savadsız yetişəcək və təhsildən çox geri sayacaqlar. Ən acınacaqlısı budur ki, dərs anlayışından kənarda qalacaqlar. Təhsil Nazirliyi unudur ki, ailələr var interneti yoxdur. Hətta nəinki internet yoxdur, heç smartfon telfonları da kasıbçılıq üzündən ala bilmirlər.. Elə insanlar var ki, uzaq dağ kəndlərində yaşayırlar. Bəs Təhsil Nazirliyi deyilən iradları nəzərə alırmı??? Mən belə düşünürəm ki, yaxın gələcəkdə gərəkli sahələrə ixtisaslı kadr kasadlığı yaranacaq. Bir pedaqoq olaraq, belə hallar məni çox narahat edir. Daima məni bir sual düşündürür. Bizim axırımız hara gedir? Vəziyyət elə gətirib ki, İmkanı olan valideynlər “online” tədris proqramından imtina edərək, övladlarını fərdi müəllimlərin verə biləcəyi biliklərə yönləndirirlər . Axı kasıb valideyn bu və ya digər üsullardan istifadə edə bilmirlər.
-Əgər Azərbaycanda olsaydınız peşəkər pedaqoq kimi yaranmış vəziyyəti idarə etmək üçün hansı təklifləri irəli sürərdiniz?
-Lətafət müəllimə ikrahla cavab verir: Bizim heç bir təklif irəli sürməyə ixtiyarımız yoxdur. Başda oturanlar təklifləridə özləri irəli sürürlər, hətta icrasında birbaşa iştirak edirlər.
-Sözügedən təhsil sisteminin şagirdlərin psixologiyasına təsiri varmı?
-Birbaşa cavab verir.
-Əlbəttə var. Götürək elə internetin zəif olmasını. Uşaqlar tezdən dururlar. Elə ailə varki bir evdə iki və ya üç uşaq dərsə girməlidir. Əvvəla dərsə qoşulmaq üçün gərək hər uşaqda ağıllı telfon olsun. Kasıb ailəsində isə bu mümkünsüzdür. Hə...deyək ki, dərs başladı. Manitorun arxasında gah müəllim qışqırır, gahda şagird. Müəllim deyir səsiniz gəlmir, uşaqlarda qışqıraraq çatdıqmağa çalışırlar ki, müəllim səsiniz zəif gəlir. Hələ səhər-səhər yuxudan oyanmayanların vəziyyətini demirəm. Dərsin mənimsənilməsi üçün yarım saat vaxt ayrılır, oda hay-həşirlə keçir. Bu münvalla uşaqlar hansı dərsi mənimsəyə bilərlər? Onuda qeyd edim ki, şagirdlərin əksəriyyəti dərsdə iştirak edə bilmirlər. Bəs belə uşaqların aqibəti necə olacaqdır?
-Gəlin, bir az Azərbaycandan kənardakı vəziyyətdən söz edək.
-Xaricdə “Covid” 19 pandemiyyasını əldə rəhbər tutaraq, təhsil sistemində zərurətdən yaranmış hansı proseslər gedir? Yəni, Azərbaycanda olduğu kimi “evdə qal” deyimi ideal fikir kimi əsas şuarlardan biridirmi?
Bu sualı verməniz yerinə düşdü deyə-sözə başladı.
- Vallah mən yalan demiş olaram ki, yaşadığım(Karkov) yerdə “evdə qal” devizi aktualdır. Hər kəs öz işində gücündədir. Heç kəsədə məcburi deyil ki, maskadan istifadə etsin. Əsasən burda maskadan yaşlı insanlar istifadə edirlər. Hec maskadan istifadə etməməyə görə cərimədə tədbiq edilmir. Amma mənə xəbər çatdığına görə Azərbaycanda maska taxmayanlar 100 manat cərimə edilirlər. Cərimə tədbiq edilsin deyən başda duranların ac və kasıb təbəqəsindən xəbəri varmı görən?! Niyə onlar düşünmürlər ki, axı insanların gəlir gələsi iş yerlərinin heç biri işləmir. Hardan və necə versin kimlərinsə ciblərinə axan cərimələri?
Əsəblərin tarıma çəkildiyi bir vaxtda mən Lətafət müəllimənin fikrini Milli ruh anlayışına yönəldərək, yenidən sözə başladım.
-Hə...gəlin ürəyimizi açmaq üçün igidlərimizin Qarabağdakı döyüş yoluna nəzər salaq.
-Bilirik ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsini qazanaraq əzəli və əbədi torpağımız olan Qarabağı erməni quldurlarından azad etmişdir. Azərbaycanda gedən Milli ruhun oyanışına fikrinizi bilmək yerinə düşərdi. Müasir gənclikdən bu qürurverici inkişafı gözləmək mümkün idimi?
-Təranə xanım, inanın Allaha ki, mən indiki gənclərlə qürur duyuram. Onlar necə vətənpərvər, cəsur, Allahını, Peyğəmbərini sevən gənclərdilər. Biz əsasən sovet dönəmində yaşayan insanlarıq. Mən həmişə düşünürdüm ki, tarixdə ikinci dünya müharibəsinin döyüşçülərindən cəsur əsgər ola bilməz. İlahi, mən necə yanılmışam... Şanlı Azərbaycanımızın necə cəngavər igidləri var imiş. Onların dilindən Vətən, Ana, Allah kəlməsi düşmürdü. Deyərdim ki, Vətən anlayışı kasıb zümrənin olduğu üçün Qarabağı da kasıbın balaları öz qanları, canları bahasına azad etdilər. Allah yuxarıda oturan məmurlara insaf versin ki, o Şəhid ailələrini yenidən ağlar qoymasınlar. Əlini, ayağını, gözünü itirmiş qazilərimizə rahat, firavan yaşayış bəxş etsinlər. Vallah onların əziyyətlərinin üstünə kölgə salmaq olmaz. Bütün dünya çaşqın idi xalqın birlik və vəhdətinə. Bu birliyi yaradan millətimizə eşq olsun. Mən onların qarşısında baş əyərək, onları dünyaya gətirən anaların əllərindən öpürəm.
Lətafət müəllimə danışdıqca göz yaşlarına hakim ola bilmirdi. Mən onu səkitləşdirərək, yenidən hamımızı maraqlandıran sualları verməyə başladım.
-Lətafət müəllimə, gözəl Azərbaycanımız müharibə ərəfəsində xaricdən necə görünürdü?
-İnanın, Azərbaycan burdan necə möhtəşəm və əzəmətli görünürdü. Mənə elə gəlir ki, xalqımızın birliyi, əsgərlərinin şücaəti ilə Azərbaycanlıyam deyən hər bir vətəndaş sevinməyə bilməzdi. Çox qürürverici anlar idi. İndi xaricdə yaşayan hər bir Azərbaycanlı başı dik gəzir və öz milləti ilə fəxr edir. Allah daima bu birliyimizi qorusun.
Ürəkağrıdan sual olsada icazənizlə soruşum:
-Müharibə dönəmində keçmiş şagirdlərinizdən ŞƏHİD olan olubmu?
-Yalan deyə bilmərəm. Xəbərim yoxdur. Bir şagirdim vardı, daima mənimlə əlaqə saxlayırdı. Bilirdim ki, ailəlidir və iki övladı var. Mən bilən səfərbərlik 1996 –cı ildə doğulanlara aid imiş. Elə bu səbəbdən o uşaq Qarabağ müharibəsinin iştirakçısı ola bilmədi. Yəni bu qədərini bilirəm.
-Hə...Lətafət müəllimə yenə gələk hammını narahat edən təhsil sisteminə:-
-Lətafət müəllimə, sizcə MİLLİ RUH müasir gənclikdə hardan qaynaqlanırdı?Və bundan sonra yəni, belə təhsil sistemində daha da müasir gənclikdə öz əksini tapa biləcəkmi? Bir sözlə milli ruhun təhsillə bağlılığı varmı?
-Milli ruh deyilən anlayış, mənə elə gəlir öncə ailədən gəlir, sonra isə bu məhfumu uşaqlara məktəbdə müəllimlər aşılamalıdır. Uşaqlar məktəbdən yığdığı baza ilə cəmiyyətə atılır və davamını isə cəmiyyət özü o gəncliyi yetişdirir. Uşaqları cəmiyyət üçün, Vətən üçün, torpaq üçün Milli ruhda yetişdirən müəllimləri Allah var eləsin. Belə nəticəyə gəlmək olar ki, vacib meyar olan o milli ruhu Vətən müharibəsində iştirak edən qazilərə, Şəhidlərə həm ailəsi, həmdə məktəbdə müəllimlər aşılayıb. Amma daha bundan sonra deyə bilmərəm yeni nəslə bu məhfumu “online”la tədris sistemi ilə necə aşılayacaqlar?... Nə deyim: Bizə o düşər ki, ruhdan düşməyək. Unutmayaq ki, tarixən Azərbaycan zaman-zaman cəngavərlər diyarı olub. Əminəm ki, bundan sonrada olacaq. Necə ki, Mübariz İbrahimovumuz, Polad Həşimovumuz, Cəbrayıl Dövlətzadəmiz, öz səsi və mahnısı ilə tarixə düşən Xudayar Yusifzadəmiz və adı daima tarixdə yaşayacaq çox mərdliklə döyüşüb Şəhidlik zirvəsinə yüksələn yüzlərlə qəhrəmanlarımız var. Allah onların hər birinə cənnət nəsib etsin.
-Amin...
- İlk tədris ilini “online”-la başlayan uşaqların valideynlərinə məsləhət və tövsiyyələrinizlə nə demək istərdiniz?
- Valideynlərə mənim məsləhətim və tövsiyyəm nədir? Mən fikrimi məktəbdə işlədiyim vaxtlarda valideynlərə də, müəllimlərə də deyirdim. Heç biri mənimlə hesablaşmaq istəmirdi. Valideynlərə aşılamağa çalışırdım ki, bütün günahlar sizdədir. Siz valideynlər belə bir sistemlə hesablaşmasanız nazirlik məcbur olub bu yeni krikulum sistemini ləğv edəcəklər. Şagird, valideyn olmasa bir deyin görüm o məktəb nəyə lazımdır? Krikulum əslində mərhələli təhsil sistemi sayılır. Görünən isə başqadır. Birinci sinifdə oxuyan uşaq həndəsə dərsi keçməlidir? Bu metod birdən yüzə sıçrayışdır. Uşaq beyni bu çıçrayışı necə qəbul edər deyə, düşünən yoxdur. Əslində mənim valideynlərə tövsiyəm budur ki, mən uşağımı “online”-la oxutdurmuram desinlər. Valideynlərin ən böyük günahı savadlı müəllimləri seçə bilməməsidir. Bir misal deyim. Tanınmışların uşaqlarından biri ibtidaidə mənim sinifimdə oxuyurdu. Onun özündən kiçik qardaşı vardı. Valideyn birinci sinifdə yaş həddini qəbul etməyərək həmin o uşağı 8 yaşında mənim sinifimə qoydu. Çünki, mənim uşaqlarla işləmə metodum tamam başqa idi. Təhsilimizdə o qədər problemlərimiz var ki, heç dilə gəlməyəcək dərəcədə. Təhsil sistemimiz ildən- ilə tənəzzülə doğru süqut etməkdədir. Harda görünüb ki, hər il tədris üçün kitabları başqa-başqa formada yeniləyəsən. Zamanla bizdə təhsil almışıq. Görmüşük ki, bir kitab bəlkə də ən azı on il məktəblərdə tədris edilirdi. Baxırsan, bir kitab digərinə uyğun gəlmir. Tariximiz saxta yazılır. Məntiqi mənası olmayan mövzular baş alıb gedir. Hətta mentalitet baxımından da yuxarı siniflərdə etikaya uyğun gəlməyən mövzular mövcuddur. Kökündə isə bu mövzunun müəllifi kiminsə adamıdır deyə; -mətbəədə mütləq çap edilməlidir. Əziz valideynlər təhsil sisteminin düzəlməsi üçün sizlər həyəcan təbili çalmalısınız. Görkəmli mütəfəkkir şair Abbas Səhhət demişkən: “Hansı dövləti yox etmək istəyirsənsə onun təhsilini məhv elə” Baxın, biz artıq bu mərhələyə addım-addım irəlləyirik. Görünən bu acı nəticələr zaman-zaman günümüzdə öz əksini tapacaqdır.
-Lətafət müəllimə, bütün inciklikləri bir kənara qoyaraq, pedaqoq və çox güclü metodist, ibtidai sinif müəllimi kimi o körpə fidanlarla yenidən işləmək istərdinizmi?
Lətafət müəllimə sanki yuxudan ayılırmış kimi...
-Təranə xanım, sizin bu sualınız mənim üçün çox gözlənilməz oldu. Onun gözləri yaşarır və səsi titrəyə-titrəyə cavab verməyə çalışır. Siz mənim qəlbimin lap kövrək telinə toxundunuz. İşliyərdim, özüdə lap beş yaşlılarla çalışardım. İnanın ki, təmənnasız çalışardım. Hər halda məktəbdə yaş təqaüdüm olduğu üçün qəbul eləməzlər, amma belə bir şans olsa məmuniyyətlə ağızları sudqoxulu fidanlarla sevə-sevə çalışardım. (Allah pis adamları bildiyi kimi etsin) Bir müddət öncə beş yaşlılarla çalışmışam. Bilirsiz? Mən gələcək üçün hansı alimləri, akademikləri kəşf edirdim? Uşaq vardı hazırlaşdırmışdım, həmin uşağı ikinci sinifə qəbul etdilər. Bəlkə bir az özümü tərif edim deyərək gülümsəyir. Mən uşaqları canıkönüldən sevirəm. Uşaqlarda məni, mən onları sevən qədər sevir. Baxın, əziz müəllimlər! Əziz valideynlər! Təhsilin bünövrəsi bu sevgidən başlayır.
P.S
Hörmətli Lətafət müəllimə müsahibə üçün sizə təşəkkür edirəm. Söhbət zamanı qəlbinizə toxunan incə məqamlar olubsa üzürlü sayın. Bizdə sizi ailəlikcə sevirik. Çünki, siz mənim nəvəm Nuray xanımın ibtidai sinif müəlliməsi olmusunuz. Sizin qoyduğunuz bünövrə yuxarı siniflərdə öz əksini tapmaqdadır. Sizə minnətdarıq.
Söhbəti apardı:Təranə Şəms(AJB-nin üzvü)