Beynəlxalq tədbirlər üçün milyonlar, əlil uşaqları üçün 15 manat?
İqtisadçı: “Belə müavinətin məbləğini müəyyənləşdirənlərə ayıb olsun”
Yenixeber.org: 2020-ci ilin büdcəsindən müharibə və 20 Yanvar hadisəsi zamanı əlil olan ailələrin uşaqlarına aylıq müavinətin ödənməsi üçün 2 milyon 791 min 800 manat nəzərdə tutulub. Məbləğ həmin uşaqların 1 illik müavinəti üçündür.
Bu hesabla hər uşağa ayda 15 manat müavinət düşür.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, 15 manat bir uşağın aylıq xərcləri qarşısında çox azdır. Məbləği hər uşaq üçün 100 manata çatdırmaq 18 milyon 612 min manat vəsait tələb edir. Dövlət istəsə, bunu edə bilər, amma etmir.
“Əvəzində gələn ilin büdcəsindən yalnız xarici dövlətlərə və beynəlxalq təşkilatlara verilən qrantlar və digər ödənişlər üçün 12 milyon 620 min manat ayrılacaq. Çox güman ki, bu vəsait hesabına xaricdə kilsələr təmir olunacaq. Onlar pulsuz qazla təhciz ediləcək”.
İqtisadçı deyir ki, bundan əlavə, büdcədən beynəlxalq tədbirlər üçün ildə 221,5 milyon manat ayırır. Gələn il də Azərbaycan bir sıra beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə evsahibliyi edəcək:
“221,5 milyon manatı öz vətəndaşlarına xərcləmək yerinə bu tədbirlərin keçirilməsinə ayırıblar. 2019-cu ildə də bu məqsədlə xeyli vəsait ayrılmışdı, 65 milyon manat. Bütün bunların da müqabilində əlil uşaqlarına ayda 15 manat müavinət verilir. Belə müavinətin məbləğini müəyyənləşdirənlərə ayıb olsun”.
Qubad İbadoğlu deyir ki, hələ bu harasıdır, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq 5, şəhid ailələrinə isə 12 manat müavinət verilir: ““Böyük qayğı”dır, xərcləməklə qurtarmaz!”
42 yaşlı Rüstəm Məmmədovun 1-ci qrup əlilliyi var. O, Qarabağ müharibəsi dövründə 3 il ön cəbhədə, Beyləqanın Haramı düzündə döyüşüb. Deyir, gözünün ağı-qarası bircə övladı var. Ona da ayda 15 manat müavinət verirlər. Həmin pulun nəyə çatıb, nəyə çatmadığına gəlincə, Rüstəm Məmmədov deyir ki, heç nəyə yetmir:
“Adı üstündə, 15 manat. Nəyə çata bilər ki? Geyim, yemək, yol xərci, heç nədir bu 15 manat. İndi nə üçün nəzərdə tutub verirlər, bilmirəm. Amma həmin vəsaitin heç nəyə çatmayacağını yəqin özləri də bilirlər”.
Rüstəm Məmmədov deyir ki, özünün aldığı pensiya da müalicəsi və dərmanlarına tam çatmır:
“Mən indiyəcən iynə-dərmanımı pulsuz almamışam. Həmişə pulumu verib almışam. Düzdür, hökumət ev və avtomobillə təmin edib. Ancaq söhbət sırf pensiyanın nəyə çatıb, çatmadığından gedirsə, övladıma verilən heç nəyə çatmır. Özümün aldığımla da birtəhər dolanmağa çalışıram”.
Əhməd Rəhmanov isə 2-ci qrup Qarabağ əlilidir. Onun övladına da aylıq müavinət verilir. Deyir, bu məbləğə müavinət demək olmaz. O qədər azdır ki, heç uşağın məktəbə getməsi üçün xərclədiyi avtobus puluna da yetmir:
“Onların verdiyi müavinət adı altında qəpik-quruşdur. Mənim övladımın birinin həm də 1-ci qrup əlilliyi var. Öz pensiyası ilə bərabər ayda 200 manat alır. Məktəbə getdiyinə görə də 22 manat əlavə avtobus pulu ödəyirlər. Məktəb evə yaxın deyil. Əlilliyi olan uşaqlar üçün Bakı şəhərində 2 məktəb var. Biri 28 May ərazisindədir, digəri Əhmədlidə. Üstəlik, bu uşaq məktəbə tək getmir. Kimsə aparır. İkisinin birgə yolpulu günlük 2 manata çıxır. O 22 manat 2 həftəyə bəs etdi, bəs qalan günlər? Həmin günlər evdə oturmalıdır? Avtobus üçün verilən vəsait belə düzgün hesablanmayıb”.
Əhməd Rəhmanov deyir ki, əlilliyi olan uşağa analar baxır. Nəticədə, özü işləyə bilmir. Belə çıxır ki, verdikləri 200 manatla həm uşaq, həm də ana dolanmalıdır:
“Bu, necə ola bilər? Mümkündür? Bunun geyimi, yeməyi, dərmanı, müalicəsi var. Bu pula suda qanadılmış kartofla çörək də düşmür. Üstəlik, əlilliyi olan uşağın müalicə xərcləri də var. Adicə vitamin D-ni xaricdən gətirdirik. Verilən müavinət minimal istehlak səbətinə də yetmir. Həmin səbət 180 manatdır. Buna 2 nəfər necə dolanmalıdır?”
Müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin uşaqlarına 2018-ci il martın 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respiblikası Prezidentinin 23 fevral 2018-ci il 3711 nömrəli Sərəncamına əsasən, müavinətlər 10 faiz artırılaraq, 15 manat məbləğində müəyyənləşdirilib.(bia)