Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanda- barama mövsümü başlayıb

KTN-dən yerlərdə məcburi qurdpaylama barədə məlumatlara münasibət açıqlandı

“Səbr ilə halva olar, ey qora səndən, bəsləsən atlaz olar tut yarpağından”. Bir neçə həftədir Azərbaycanda məhz bu atalar sözündəki kimi, səbr ilə atlaz əldə olunması prosesi başlanıb. Bu həftələr baramaçılıq üçün mühüm ərəfədir: rayonlarda barama yetişdirəcək şəxslərə qurdların paylanması həyata keçirilir. Qurdu alanlar 40 gün müddətində onu tut yarpağı ilə bəsləməlidilər. Ki, məhsul əldə edib onu sata bilsinlər...

Yenixeber.org: Baramaçılıq Azərbaycanda ötən əsrin 70-ci illərindən inkişaf etməyə başlayıb. Sovet dövründə barama yetişdirmək hüququ kəndlərdə tut bağı olan şəxslərə verilirdi. Daha doğrusu, kənd Soveti sədrləri barama qurdunu alıb, bağında tut ağacı bol olan sakinlərə paylayırdılar. Müstəqillik dövründə iqtisadiyyatın əksər ənənəvi sahələri kimi, bu sahə də dərin tənəzzül yaşayıb. Ta ki, 2014-2015-ci illərdə neftin dünya bazar qiyməti kəskin ucuzlaşıb, ondan gələn gəlirlər azalanadək. Həmin illərdə hökumət Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də aqrar sahənin inkişafını prioritet elan edib. Bu proses dövlətin ciddi dəstəyi əsasında baramaçılığın yenidən dirçəldilməsini də əhatə etməkdədir.

Hazırda dünyada ən böyük ipək istehsalçıları Çin, Hindistan, Özbəkistan və Braziliyadır. Dünya üzrə xam ipək istehsalının 84 faizi, ixracın isə 54,1 faizi Çinin payına düşür. Buna görə də dünya bazarında ipək parça məmulatlarının qiymətlərini, başlıca olaraq, Çin istehsalçıları müəyyən edir. Dünyada ipək istehsalının həcminə görə Hindistan ikinci yerdə olsa da, yerli əhali arasında ipək parçalardan istifadə geniş yayıldığı üçün istehsal, əsasən, yerli tələbatı ödəyir və nəticədə ölkə beynəlxalq bazarlarda ipəyin qiymətinin formalaşmasında iştirak etmir. Özbəkistan ipək istehsalının həcminə görə dünyada 3-cü yeri tutsa da, istehsal olunan ipək keyfiyyət baxımından Çin ipəyindən aşağı olduğu üçün beynəlxalq bazarlarda onun bir kiloqramının qiyməti mövcud bazar qiymətindən 1-1,5 ABŞ dolları aşağı müəyyən edilir.

Təcrübə göstərir ki, ipəkçiliyi inkişaf etdirmək istəyən ölkələrdə barama istehsalı daim dövlət dəstəyi görür. Məsələn, Avropa İttifaqında yaş barama istehsalçılarına dəstək olaraq, barama toxumları kümçü ailələrinə pulsuz verilir. İstehsalçılar yaş barama məhsulunun satışında tam sərbəstdirlər. Özbəkistanda dövlət tərəfindən pulsuz verilən bir qutu barama toxumu müqabilində dövlətə təhvil verilən 50 kq-dan artıq yaş baramaya görə mükafat müəyyən olunub. Bu sahədə fəaliyyət göstərən müəssisələr üçün vergi güzəştləri var, idxal edilən xammal və materiallar isə gömrük rüsumlarından azaddır.

Cənub qonşumuz olan İranda dövlət yaş baramanı tədarük edib yerli emal müəssisələrinə daha ucuz satmaqla bu sahənin inkişafını təşviq edir. Nəticədə İranda ipək istehsalının həcmi ilbəil artır. Türkiyədə isə yaş baramanı kümçülərdən xüsusi yaradılmış kooperativlər birliyi, keyfiyyətindən asılı olaraq, satın alır. Bundan əlavə, birlik fermerlərə pulsuz ipəkqurdu toxumları paylayır, təlim kursları keçirir, yemləmə məntəqələrində dezinfeksiya işləri aparır.

Beləliklə, aydın olur ki, ipəkçiliyə dövlət dəstəyi tətbiq edən Azərbaycanın bu addımı dünya təcrübəsi ilə uyğunluq təşkil edir. Bu dəstək isə kifayət qədər həcmlidir. Belə ki, dövlət ipək qurdunu Çindən alıb yerli istehsalçılara pulsuz verir. Eyni zamanda Çindən məhsuldar tut tingləri alınıb gətirilərək bağlar salınır – indiyədək 3,5 milyon tin gətirilib. Bu bağlardan istifadə də kümçülər üçün pulsuzdur. Bundan əlavə, emal müəssisələrinə təhvil verilən hər kiloqram yaş baramaya görə dövlət tərəfindən kümçülərə 5 manat subsidiya ödənilir.

2017-ci ildə ölkədə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün dövlət proqramı” təsdiqlənib. Proqramda baramaçılıq və ipəkçilik sahəsində beynəlxalq tələblərə uyğun milli standartların yaradılması, ipəkçiliyə marağın artırılması məqsədi ilə dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur. Nəzərdə tutulur ki,  proqramın icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı  6 min tona çatdırılsın.

Son 3-4 ildə göstərilən dövlət dəstəyi barama istehsalında ciddi artım əldə olunmasına imkan verib. Belə ki, 2015-ci ildə ölkədə cəmi 236 kiloqram yaş barama istehsal edilmişdisə, 2016-cı ildə bu, 70,7 tona, 2017-ci ildə 245,2 tona, 2018-ci ildə isə 514 tona çatdırılıb. Kənd təsərrüfatı naziri İnam Kərimovun verdiyi açıqlamaya görə, bu il 800 ton yaş barama istehsalı planlaşdırılır. Belə ki, bu il dövlət büdcəsi hesabına Çindən 20 min qutu hibrid ipəkqurdu sənaye toxumları gətirilib. Bunun 16 875 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, 3 125 qutu isə Zaqatala, Balakən və Ucar rayonlarında fəaliyyət göstərən kümçülər tərəfindən inkubasiyaya qoyulub. 10 günlük inkubasiya dövrü başa çatdıqdan sonra mayın ilk həftəsindən başlayaraq barama qurdları 38 rayonun 5000-ə yaxın kümçüsünə bölgü əsasında əvəzsiz olaraq paylanılıb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu il Azərbaycanda ilk dəfə olaraq 42 ipəkçi mütəxəssis mütəmadi olaraq ipəkqurdlarının bəslənməsi prosesi dövründə kümçülərə yardım edir, onlara məsləhət və tövsiyələr verir.

Onu da bildirək ki, son illərdə bir sıra aqrar istehsal sahələrində olduğu kimi, baramaçılıqla bağlı da yerlərdə məcburiliklə bağlı narazılıqlar var. Bu günlərdə redaksiyamıza daxil olan məlumatlarda barama qurdunun kəndlərdə icra nümayəndələri və bələdiyyə sədrlərinə bir çox hallarda məcburən verildiyi bildirilir.

Bu məlumatlarla bağlı Kənd Təsərrüfatı Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun  “Yeni Müsavat”a dediyinə görə, barama yetişdirilməsi çox gəlirli bir sahədir: “Baramanı insanlar əsas iş yerlərindən ayrılmadan, böyük əziyyət çəkmədən yetişdirə bilirlər. Qurd pulsuz verilir, tut tingi pulsuz verilir. Cəmi 40 gündən sonra əldə olunan yaş baramanın kiloqramı 4 manatdan kümçülərdən alınır, üstəlik, 5 manat da dövlət tərəfindən subsidiya verilir. Bu qədər gəlirin qarşılığında kiminsə barama yetişdirməyə məcbur edildiyini söyləmək nə qədər realdır?”

KTN rəsmisinin bildirdiyinə görə, hər bir rayona qurd onun imkanlarına uyğun həcmdə verilir: “Bu, dövlət vəsaiti hesabına alınıb gətirilən toxumdur. Onu yem bazası olmayan rayona vermək, məhv etmək deməkdir. Rayonlara bölgü yem bazası potensialına uyğun aparılır. Bir sıra rayonlarda insanlar qurd almaq üçün növbəyə dururlar. Elə yerlər var ki, bir neçə ailə birləşib böyük həcmdə qurd yetişdirir. Bir ton yaş barama cüzi əziyyət hesabına 9 min manat gəlir əldə etmək imkanı deməkdir. Rayon yerləri üçün bu, kifayət qədər böyük məbləğdir. Bu baxımdan, kiminsə zorla barama yetişdirməsi inandırıcı deyil”.

V.Hüseynovun sözlərinə görə, “Şəki İpək” ASC tərəfindən bu günə qədər 34 rayondan 4873 kümçü ilə müqavilə imzalanıb: “İpəkqurdu toxumu paylanan digər 4 rayon üzrə kümçülərlə müqavilələrin bağlanması davam edir. İyunun ilk ongünlüyündə artıq yaş baramanın təhvil verilməsi prosesi başlayacaq. Bu il təxminən 800 ton yaş barama istehsalı proqnozlaşdırılır, mövsümün yekununda yaş barama istehsalının proqnozdan yüksək olacağı istisna edilmir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam