9 ayın yekunları müzakirə olunub -Füzulidə - fotolar
Yenixeber.org: Füzuli rayon İcra Hakimiyyətində 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilib.
Hesabat iclasında Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Şura üzvləri, rayonun idarə, müəssisə, təşkilatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, ictimaiyyət nümayəndələri iştirak edib.
İclasda rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev hesabat məruzəsi ilə çıxış edib, 2018-ci ilin 9 ayının bütün respublikamızda olduğu kimi Füzuli rayonunda uğurlu göstəricilərlə yada qaldığını vurğulayıb.
Bildirib ki, 2018-ci ilin 9 ayı rayonda bütün sahələrdə inkişafla, iqtisadi artımla müşayiət olmuş, əhalinin həyat səviyyəsi yüksəlmiş, uğurlar artmışdır. Qeyd edib ki, hesabat dövründə Füzuli rayonunda bütün sahələrdə inkişaf, tərəqqi əldə edilmiş, qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur. Bütün bunlar isə Prezident cənab İlham Əliyevin Füzuliyə və füzulililərə göstərdiyi diqqət və qayğının ifadəsi kimi olduqca qiymətlidir.
Alı Alıyev rayonun 2018-ci ilin 9 ayının iqtisadi göstəriciləri barədə danışıb. Bildirib ki, yanvar-sentyabr aylarında ümumi məhsul buraxılışının həcmi 126484.3 min manat olub. Məhsul buraxılışının əsasını sənaye, kənd təsərrüfatı və xidmət sahələri təşkil edib.
Alı Alıyev deyib ki, Prezident cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq 108217 ton taxıl istehsal olunub. Diqqətə çatdırıb ki, Füzuli taxıl istehsalına görə respublikanın 100 min tondan artıq taxıl istehsal edən rayonları sırasında öz yerini qoruyub saxlayır.
Ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq və baramaçılığın inkişafından danışan Alı Alıyev bildirib ki, hesabat dövründə rayon ərazisində 2100 ha sahədə pambıq əkilib, 38 tondan artıq yaş barama istehsal olunub. Pambıqçılıq və baramaçılıq sahəsində minlərlə insan mövsümü işə cəlb olunmaqla onların məşğulluğu təmin edilib, sosial-rifah halları yaxşılaşdırılıb.
Alı Alıyev hesabat iclasında kənd təsərrüfatı, sənaye, tikinti, quruculuq, rabitə və digər sahələrdə əldə olunan nailiyyətlərdən, mövcud nöqsan və çatışmazlıqlardan bəhs edib, aidiyyəti xidmət təşkilatlarına yol verdikləri nöqsanlardan nəticə çıxarmalarını tapşırıb.
Sonra rayonun xidmət təşkilatlarının 2018-ci il 9 ayı üçün fəaliyyətlərinə dair hesabatları dinlənilmiş, rəy və təkliflər irəli sürülmüşdür.
Müzakirələr zamanı Füzuli rayonu ərazisində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, taxılçılıq, pambıqçılıq, baramaçılıq, şəkər çuğunduru, heyvandarlıq və digər kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
Alı Alıyev sonda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışmış, uğurlarla yanaşı problemlər də qeyd etmiş, 2018-cı ilin sonuna kimi qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.