"Zorakılığa məruz qalan qadınlar üçün"qaynar xətt"in yaradılması vacibdir"
"Zorakılığa məruz qalan qadınlar üçün "qaynar xətt"in yaradılması vacibdir".
Yenixeber.org: Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı hesabatın təqdimat mərasimində çıxışı zamanı deyib.
O, parlamentin 2019-cu il büdcəsinin müzakirəsi zamanı bu istiqamətdə vəsaitin ayrılması üçün məsələ qaldırdığını bildirib: "Hesab edirəm ki, bu zorakılıq problemlərinin aradan qaldırılması üçün çox effektiv nəticə verəcək. Qadınlar “qaynar xətt”dən sığınacaq mərkəzləri və hüquqları ilə bağlı geniş məlumat ala bilərlər".
Komitə sədri əlavə edib ki, Azərbaycanın məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericiliyi mükəmməl və beynəlxalq hüquq normalarına uyğundur: “2014-cü ildən Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında İstanbul Konvensiyası bütün Avropada və ondan kənarda zorakılığın qurbanı olan milyonlarla qadına güclü siqnal göndərir. Bu konvensiya islahat xarakteri daşıyır. Digər tərəfədən isə qadınlara qarşı zorakılığı insan hüquqlarının pozulması və ayrı seçkiliyin bir forması kimi tanıyır. Düşünürəm ki, Azərbaycannın da bu konvensiyaya qoşulması mühüm addım olardı".
Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələrinə dair məlumatlarla tanış olduğunu deyən A.Naxçıvanlı bu barədə təkliflərini səsləndirib: "Məlumat 2017-ci ili əhatə edir. Düşünürəm ki, 2017-cu ildəki statistika ilə 2020-ci ilin proqnozunu vermək çətin olardı. İqtisadi nəticələri verərkən son 3 ilin nəticələrini də vermək olardı. Biz bilərdik ki, tendensiya azalmağa ya artmağa doğru gedir. Yaxşı olardı ki, məlumatda zorakılıq qurbanları üçün sığınacaq mərkəzlərinin yaradılması və onlara ayrılan xərclər də göstərilərdi. Biz də parlamentdə çıxış zamanı deyərdik ki, sığınacaqların yaradılması üçün nə qədər vəsait lazımdır".