Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qardaşım İlkin Soltanlı haqqında ayrılıq sözüm

 Yenixeber.org: Qan qardaşım, iqtisad üzrə fəlsəfə doktoru, dosent İlkin Soltanlı 50 yaşında ağır xəstəlikdən yaşamdan (həyatdan) getdi.

Onun ölümüylə ailəmizin yaşamında (həyatında) yeni çağ başladı: canımızdan ağrıyla qopan, həyatın amansızlıqla (acımasız) apardığı, heç vaxt sağalmayacaq dərdi, yaranı, itkini yaşamaq çağı.

Dərd insana gələndə güzəşt eləmir, özünü boyamır.

Ancaq itki həmişəlik də insanı halsızlıqda saxlaya bilmir, bilməməlidir.

Həyatın amanızlığını anlayırsan. Bilirsən ki, ölüm-həyatın şərtidir.

Həyat gətirdiyini aparmalıdır ki, yenilərini gətirsin.

Bu əbədi qaydanı bilə-bilə doğmanın yaşamdan getməsiylə barışa bilmirsən.

Kədərinlə baş-başa qalırsan.

Əcdadlarımız da ağlayıblar, yəni ağlanıb-işıqlanıblar.

Kədərdən güc almaq bu deməkdir.

Dərddən-kədərdən zəlilləşmək – insanlığa uyğun olmayan haldır əslində.

***

Ölmək istəmirdi qardaşım. Yaşamaq istəyirdi!

Vəsiyyəti olmadı.

Zarımadı.

Bu və başqa ayrıca vurğulanmalı cəhətlərini gördüm.

Qardaşımı idealizə etmirəm.

İnsan mahiyyətcə zamandan üstündür.

İnsan ölür, onun yaxşı cəhətləri qalır – İnamdan, İdrakdan, Mənəviyyatdan, İradədən nəyi varsa.

***

İlkin ailəmizin böyük övladı, oğlu idi.

Dədəmin, anamın ilki olduğuna görə adı İlkin idi.

Uşaqlıqdan zərif, həssas idi.

Habelə kənd həyatının bütün çətinliklərindən keçmişdi.

Yaşamın (həyatın) hər üzünü görmüşdü.

Axıracan həyatçı (yəni həyata uyğunlaşan) ola bilmədi.

Ruhsal (mənəvi) keyfiyyətləri yaşam ölçüsü sayırdı.

İki gen olur: soy (nəsil) geni və ulus geni.

Soyumuzdan gələn gözəl keyfiyyətlər əsasında var oluruq, özümüzü aşkarladıqca ulus geninə layiq oluruq.

İlkin Soltanlıda dəyərləndirdiyim başlıca cəhət ailəcanlılığı idi.

O, türk ailəcanlığına uyğun yaşayırdı.

Balalarının ləyaqətli, halal böyüməsi üçün gecə-gündüz çalışdı.

Baba oldu.

Nəvəsinin ona baba deməsini gördü.

Ancaq bu fərəhinin ömrü az oldu.

***

Ömür yel kimi ötür, keçir.

İlkinin adıyla artıq soyu yaranır.

Yeni nəvə(lər)i doğulacaq, soyunu yaşadacaqlar.

***

Basdırıldığı gün kəndimizə yüzlərlə adam gəlmişdi.

Hamı kədər içindəydi.

Basdırılarkən söz dedim. Dedim, başını dik tut, Qalib müəllim!

İlkinin ölümü ailəmizin faciəsi olsa da, dərdimizi məğrurcasına daşıyacağıq. Zəlil olmayacağıq.

Basdırmağa gedəndə anama dedim, kədər sənindir, heç kəsin kədərini əlindən almağa, adiləşdirməyə gücü yetməz.

Ancaq ağlamağımızda nümayiş olmamalıdır.

Ona görə ki, “Tənha ağlayarlar, birgə gülərlər” (İnam Ata-Asif Ata).

***

Ölümünün 3-cü günündə, Bakıdakı evində keçirilən yas törənində gələnlərə ailəmiz adından sayğımı bildirdim. Habelə ulusal yöndə ölən - yaşamdan gedən haqqında söz dedim. Fərqi yoxdur, ölən ya eldən, ya da evdən gedir, onun haqqında söz deyilməlidir. İstər adi bir sənət yiyəsi olsun, istərsə də ictimai mühitdə tanınmış insan olsun.

***

Dədəmin İlkinin ölümünə ürək dağlayan hayqırtısı, anamın bayatılı ağıları ürəyimi göynətdi. Bu hayqırtılarda, ağılarda zəlillik yox idi, türk ruhuna xas olan ağılda, duyğuda ölümlə öcəşmək, ölümə meydan oxumaq, ölümdən ötə olmaq vardı.

***

Qardaşımı basdırarkən dediyim ulusal sözün mayasını – İnam Atanın (Asif Atanın) Ulusumuz üçün Ölügötürmə Kurallarının mahiyyətini ifadə edən uyğun sözünü sunuram:

 

AQİBƏT

 

İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.

Biri dedi: Gözəl ailə başçısı öldü.

O biri dedi: Səmimi dost öldü.

Biri dedi: Xeyirxah, xalqsevər öldü.

Digəri dedi: İti, parlaq zəka məhv oldu.

Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.

O biri dedi: İşıqlı mənəviyyat söndü.

Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyunca danışdılar. Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim arayacaq, arayacaqdı.

 

***

MATƏM ÜSTƏ MÜTLƏQLƏ TƏMAS

 

Ölən – Əzəlidə qalır.

Əbədidə qalır.

Sonsuzda qalır.

Kamildə qalır.

Üzlərdə qalır.

Gözlərdə qalır.

Dodaqlarda qalır.

Xalqda qalır.

Ölən – Gerçəklikdən gedir –

Mənada qalır.

***

Bir daha bu ağır günlərdə qardaşım İlkin Soltanlının yaşamdan getməsi (ölümü) ilə ilə bağlı yasa gələn, başsağlığı verən, zəngiylə dərdimizi bölüşən hər kəsə sayğımı bildirirəm.

İşıqlı Atalı

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam