Azərbaycan İES-lərdən imtina etsinmi...
Ekspert: “Bir sıra ölkələr daş kömürlə işləyən stansiyaları azaltmağa çalışırlar”
Yenixeber.org: Azərbaycanda elektrik enerjisinin istehsalında üstünlük böyük faizlə istilik enerjisinin payına düşür. Belə ki, rəsmi statistik məlumatlara görə, ölkəmizdə istehsal olunan elektrik enerjisinin 90 faizi istilik elektrik stansiyalarında, qalanı isə su elektrik stansiyalarında əldə edilir.
Məsələn, Energetika Nazirliyinin açıqladığı rəqəmlərə görə, 2017-ci ildə Azərbaycanda elektrik enerjisi istehsalı 22 milyard 209,8 milyon kVt/saat təşkil edib. Bu, 22 milyard 665,7 milyon kVt/saat enerjinin istehsal olunduğu 2016-cı ildən 2 faiz aşağı göstəricidir.
Ötən il istehsal olunan elektrik enerjisinin ümumi həcmindən 20 milyard. 444,4 milyon kVt/saat istilik elektrik stansiyalarının payına düşüb. Su elektrik stansiyalarında elektrik enerjisi istehsalı isə 1 milyard 732,8 milyon kVt/saat təşkil edib. Bundan başqa, Naxçıvan Günəş Elektrik Stansiyasında 31,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Hazırda ölkəmizdə 13 istilik elektrik stansiyası fəaliyyət göstərir. Bunlar Azərbaycan İES (1981), Cənub ES (2013), Sumqayıt ES (2009), Şimal ES (2002), Səngəçal ES (2008), Bakı İEM (2001), Bakı ES (2007), Şahdağ ES (2009), Astara ES (2006), Şəki ES (2006), Xaçmaz ES (2006), Naxçıvan ES (2006), Naxçıvan Qaz-turbin ES -dir(2006).
Ölkəmizdə fəaliyyət göstərən su elektrik stansiyalarının sayı isə 14-dür. Onlardan 5-i kiçik SES-lər olsa da, digərləri ölkənin enerji ilə təmin edilməsində əhəmiyyətli rol oynayır. Bunlardan Arpaçay-1, Arpaçay-2, Biləv, Füzuli, Mingəçevir, Taxtakörpü, Varvara, Yenikənd, Şəmkir, Şəmkirçay böyük, Vayxır, Göyçay, İsmayıllı-1, İsmayıllı-2, Balakən-1 isə kiçik su elektrik stansiyalarıdır. Bundan başqa, Tərtər çayının üzərində tikilmiş Sərsəng SES 1977-ci ildə istismara verilsə də, hazırda ermənilər tərəfindən işğal edilmiş ərazidə olduğu üçün ondan istifadə mümkünsüzdür.
Bərpa olunan enerji mənbəyi sayılan su elektrik stansiyalarının sayı çox olsa da, göründüyü kimi, istehsal həcmlərində onların payı 10 faizi keçmir. Halbuki son illərdə dünyada müşahidə olunan əsas trend daş kömür və karbohidrogen xammalı əsasında işləyən elektrik stansiyalarının azaldılmasıdır. Bu zaman inkişaf etməkdə olan ölkələr hələ daş kömürlə işləyən stansiyaların sayını azaltmaq qayğısını çəkirlərsə, inkişaf etmiş ölkələr alternativ və bərpa olunan enerjiyə keçid prosesini yaşamaqdadırlar.
Dünyada elektrik enerjisinin istehsalında atom energetikası getdikcə böyük rol oynayır. Hazırda dünyada elektrik enerjisi istehsalının 18 faizə qədəri atom elektrik stansiyalarının (AES) payına düşür. Ən güclü AES-lər ABŞ, Fransa, Yaponiya, Almaniya və Rusiyadadır. İnkişaf etməkdə olan ölkələrdən isə Hindistan, Pakistan, Braziliya, Argentina, İran, Ermənistan və Qazaxıstan AES-ə sahibdir.
AES-lər adətən enerji xammalı az, lakin enerjiyə tələbatın çox olduğu ərazilərdə tikilir. AES-lərin üstünlüyü ondan ibarətdir ki, onların enerji mənbəyi olan uran və toriomun təbii ehtiyatları üzvi yanacağın ehtiyatından xeyli çoxdur. AES-lərin nöqsan cəhətləri tikintisi üçün yüksək xərclərin tələb olunması, su hövzələrini xeyli çirkləndirməsi və tam təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar çətinliklərdir.
Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, dünyada hazırda tendensiya kömürlə işləyən istilik elektrik stansiyalarının xüsusi çəkisinin azaldılmasıdır: “Qonşu Türkiyədə bu özünü çox qabarıq göstərir, ona görə də ildən-ilə mavi yanacaq idxalını artırır. Azərbaycanda bu problem ancaq 2000-ci ilin sonuna qədər aktual olub. Bizdə qaz qıtlığı ilə əlaqədar elektrik stansiyaları əsasən mazutla işləyirdilər və bu da ekologiyaya ziyan vururdu. Sonra Rusiyadan qaz idxalı hesabına mazutun İES-lərdə yandırılması dayandırıldı. Yalnız 2006-2017-ci illərdə yenidən qazla paralel işlədilib və hazırda yenidən qaz əsas yanacaq mənbəyidir. Avropa Komissiyası qazı təmiz enerji kimi məsləhət görür. Ancaq qaz karbohidrogendir, təbii resurs sayılır. Ona görə də Avropa Komissiyası özünün 2005-ci ildə qəbul etdiyi direktivə görə, Avropa Birliyinin üzvü olan ölkələr 2020-ci ildə enerji balansında ən azı 20 faiz alternativ enerji mənbələrindən istifadə etməlidirlər. Bura aiddir AES, günəş, külək və sudan alınan enerji”.
Azərbaycanda alternativ enerjidən istifadənin artırılması istiqamətində bir sıra addımlar atılıb, Naxçıvanda və Pirallahıda günəş elektrik stansiyaları istifadəyə verilib. Hökumət Qaradağ və Sumqayıtda günəş elektrik stansiyalarının işə salınması üçün özəl investisiyalar cəlb etməyə çalışır. Bundan əlavə, ölkədə AES tikintisi ilə bağlı da müəyyən müzakirələr aparılsa da, hələlik bu istiqamətdə hökumət hər hansı konkret təşəbbüs nümayiş etdirməyib.
Azərbaycan təbii qaz ehtiyatları ilə zəngin olduğu üçün digər xammal növləri ilə enerji istehsalının inkişafı aktual deyil.Təsadüfi deyil ki, son illərdə istifadəyə verilən yeni güclərin demək olar ki, hamısı qazla istehsala əsaslanır.