Enerji istehsalında müdhiş maxinasiya
100 milyon manatlıq mazut necə “yox”a çıxıb?
Xeberinfo.com: “360 min ton mazut – 59 milyon dollar – 100 milyon manat qeybə çəkilib?! Bu qədər yanacağın nəinki tozu, heç izi də görünmür”. Bunu iqtisadşı alim Nemət Əliyev “Facebeook” səhifəsində Yanacaq və Energetika Nazirliyinin yaydığı hesabata münasibət bildirərkən deyib. Nemət Əliyev daha sonra yazıb:
“Yanacaq və Energetika Nazirliyi yaydığı hesabatda izahatını belə verib ki, bu qədər mazut elektrik enerjisinin istehsalına yanacaq kimi sərf olunub. Dövlət Statistika Komitəsi də nöqtə-vergülünə toxunmadan bu məlumatı öz hesabatına daxil edib.
Bəs burada anormal olan nədir? Məsələ bundadır ki, 2014-cü ildə elektrik və istilik enerjisinin istehsalına 5669 milyon kub metr təbii qaz, 5,4 min ton dizel yanacağı, 4,4 min ton az kükürdlü mazut, 438 min ton bərk məişət tullantısı sərf olunub. Neft ekvivalentinə çevirməklə ümumiləşdirmə aparsaq, məlum olur ki, elektrik və istilik enerjisinin istehsalına 2014-cü ildə 5 milyon 362 min ton yanacaq sərf olunub və bu qədər yanacaq sərfiyyatı müqabilində 24728 milyon kVt/saat elektrik enerjisi, 1619 min Qkal istilik enerjisi istehsal olunub.
Lakin 2015-ci ildə vəziyyət dəyişib. Elektrik və istilik enerjisinin istehsalına 5632 milyon kub metr təbii qaz (0,6% az), 4,6 min ton dizel yanacağı (15% az), 389 min ton az kükürdlü mazut (ötən ildəkindən 385 min ton və ya 88 dəfə çox) və 506 min ton bərk məişət tullantısı(15% çox) sərf olunub. Neft ekvivalentinə çevirməklə sadələşdirsək, aydın olur ki, 2015-ci ildə elektrik və istilik enerjisinin istehsalına 5 milyon 727 min ton yanacaq sərf olunub və bu qədər yanacaq sərf etməklə 24688 milyon kVt/saat elektrik enerjisi, 1553 min Qkal istilik enerjisi istehsal olunub.
2014 və 2015-ci illərin sərfiyyat və istehsal göstəricilərini müqayisəyə gətirək. Neft ekvivalentində ifadə olunmuş göstəricilərin müqayisəsi göstərir ki, yanacaq sərfiyyatı 2015-ci ildə 365 min ton və ya 7%-ə yaxın artıb. İstehsal göstəricilərinin müqayisəsi göstərir ki, 2015-ci ildə elektrik enerjisinin istehsalı 39 milyon kVt/saat, istilik enerjisinin istehsalı 66 min Qkal azalıb.
Yəni yanacaq sərfiyyatının 365 min ton artmasına baxmayaraq, elektrik və istilik enerjisinin istehsalı aşağı düşüb. Normal halda bu ola bilməz. Nəticə göstəricisi artmalıydı. Yanacaq sərfiyyatının 7% artması qarşılığında istehsal göstəriciləri çoxalmalı idi. Lakin çoxalmayıb. Əksinə, azalıb. Azalıbsa, yanacaq sərfiyyatı da azalmalı idi. Yanacaq sərfiyyatı isə azalmayıb. Əksinə, çoxalıb. Belə çıxır ki, istehsal-texnoloji prosesin yönü tərsinə dönüb. Bu isə əsla mümkün deyil.
Bəs nə baş verib? Çox böyük ehtimalla 365 min ton yanacaq təyinatından yayındırılıb. Neft ekvivalenti ilə ifadə olunmuş bu qədər yanacaq 360 min ton az kükürdlü mazut deməkdir. 2015-ci ilin dekabr ayında dünya bazarlarında 1% kükürdlü mazutun 1 tonu 165,85 dollara satılıb. Bu qiymətlə hesablasaq, 59 milyon dollar, Mərkəzi Bankın bu günə olan rəsmi məzənnəsi ilə manata çevirsək, 100 milyon manat alınar.
Bəs 100 milyon manatlıq mazut haraya gedib? Axı bu qədər yanacaq qeybə çəkilə bilməz! Dövlət xəzinəsinin boşaldığı indiki zamanda bu milyonlara dövlətin də, xalqın da böyük ehtiyacı var. Odur ki, bu problemin üzərindən sükutla keçmək olmaz.
Bu dağıdıcı prosesin durdurulması hesabına əldə olunan milyonları kredit borcunun altında əzilən əhalinin kredit borclarının silinməsinə də yönəltmək mümkündür. Maliyyə Nazirliyinin və Hesablama Palatasının bu istiqamətdə gerçək araşdırmalara başlaması üçün yetərincə əsaslar var. Onu da nəzərə almaq lazımdır ki, hazırda bu proses davam etdirilə bilər. Belə düşünmək üçün yetərincə səbəb var. Belə ki, 2016-cı ilin I rübündə mazut sərfiyyatının 2,6 dəfə artması (səbəb kimi “Azərenerji” ASC-nin müəssisələri tərəfindən mazut istehlakının çoxalması göstərilib) ilə yanaşı elektrik enerjisinin istehsalı 435 milyon kVt/saat azalıb”.