Yenixeber.org: Lakin Bakıda tələbə cibinə münasib qiymətə kirayə ev tapmaq heç də asan məsələ deyil. Bəs tələbələr bu işin öhdəsindən necə gəlir?

Düşündük ki, bu sualın cavabını elə onların özlərindən almaq daha məsləhətlidir.

Tələbə İslam Qədirli 2 ildir ki, Bakıda tək yaşayır. Birinci il Badamdarda yerləşən bir evdə 250 manata, ikinci il isə aylığı 300 manata bir hosteldə qalıb. İslam tək yaşamağa üstünlük verdiyini deyir: "Həm təmizliyi sevirəm, həm də sakitliyi. Bəzi ev sahibləri oğlanlara ev vermək istəmirlər. Əslində heç onları qınamıram da. Çünki 5 oğlan 250 manata bir ev tutub yaşayırlar, çox vaxt evi təmizləmirlər, səliqəsizlik baş alıb gedir, bu yandan da qonşuları narahat edirlər".
İslamın fikirlərini ev alğı-satqısı ilə məşğul olan Ceyhun Salamov da AzNews.az-a açıqlamasında təsdiq edir: "Tələbə qızlar daha asan ev tapa bilirlər. Çünki həm evi təmiz saxlayırlar, həm də qızlar yaşayan evlərdə sakitlik olur. Ev sahibləri də bu səbəblərdən qızlara etibar edirlər. Oğlanlar isə ev işlərində tənbəl olduqlarından, bəzi ev sahibləri onlara kirayə ev verməkdən çəkinirlər".

İslam yağ-bal içində yaşamadığını deyir. Qayğıların öhdəsindən gəlmək üçün özünə çox şeyi qadağan edib: "Siqaret çəkmirəm, içki içmirəm, restoran-filan tanımıram. Lakin normal şəraitim var. Bəzi tələbələr yataqxanada qalırlar. Ancaq mən orda yaşaya bilmərəm. Oranın, necə deyərlər, "öz kuralları" var. İstədiyin vaxt girib-çıxmağa icazə yox, evə bir qonaq gətirə bilməzsən..."

Bəs qızlar?

Tələbə Aidə İsaqova 3 ildir Bakıda qalır. Özünün dediyinə görə, ev tapmaqda heç vaxt çətinlik çəkməyib: "Əvvəllər 2 tələbə qızla iki otaqlı, 300 manatlıq evdə qalırdıq. İndi isə qardaşımla birgə 1 otaqlı ev tutmuşuq, ayda 180 manat veririk”.

Bəs yataqxanalarda vəziyyət necədir?

Pəri Əliyeva Bakı Dövlət Universitetinin tələbəsidir, lakin Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanasında qalır. Deyir ki, BDU yataqxanası onun üçün əlverişli deyil, ona görə də başqasını seçib: "Yataqxanada yaşamaq üçün sentyabrın əvvəlindən müraciət etmək lazımdır. Ödəniş 10 ay üçün 200 manatdır, aylıq isə 20 manat. Buranın mətbəxi var, özümüz nə istəsək, bişirə bilirik”.

Kirayə axtaran tələbələrə tövsiyə

Ev alğı-satqısı ilə məşğul olanlar ötən il ilə müqayisədə kirayə evlərin qiymətlərində ciddi dəyişiklik olmadığını bildirsələr də, dərs ili yaxınlaşdığından qiymətlərin yay aylarına nisbətən bahalaşdığını vurğulayırlar: "Məsələn, iyul ayında Bakıda 250 manata kirayə verilən evlər, indi 300-350 manata təklif edilir. Bu da təbii ki, bazarda kirayə evlərə tələbatın artması ilə bağlıdır. Ona görə də yaxşı olar ki, tələbələr kirayə ev haqda ən azı, iyulun sonunda, avqustun əvvəllərində düşünsünlər. Gec qalanda ev tapmaq müşkül məsələdir", deyə "makler" Fikrət Cəlilov bildirir.