Tələbə adını qazananları qayğılı günlər gözləyir
Kirayə, təhsil, yaşamaq bahadırsa tələbə necə oxusun?
"Xeberinfo.com": Tədris ili yaxınlaşdıqca paytaxtda kirayə evlərin də qiyməti bahalaşır. Tələbə adını qazanan rayonlardan gələn vətəndaşlar artıq Bakıda mənzil axtarışındadı. Bundan sui-istifadə edən ev sahibləri kirayə haqqını qaldırırlar.
Dərslər başlayır kirayə haqqı qalxır
İldən-ilə hər şeyin qiyməti qalxdığı kimi təhsil haqlarında da artım müşahidə olunur. Ən yaxşı fakültələr 3000-3500 manatdır. Bir az zəif isə 2000 manat civarındadı. Rayondan Bakıya təşrif buyuran tələbənin valideyni bu qədər xərci qarşılamağa maddi imkanı çatmır.
Öncə kirayə haqlarından başlayaq. Daha çox universitet metronun “Elmlər Akademiyası” stansiyası ətrafındadı. Bu ərazilərin bir kilometrliyində - “İnşaatçılar”da kirayə evlər 300 manatdan aşağı deyil. Düzdür, bir az ucuz qiymətə də tapmaq olar, ancaq orada yaşamaq çətinləşir. Ev sahibi boş otaqları tələbələrin ixtiyarına verir. Tədris ili yekunlaşanda, tələbələr Bakını tərk etməyə başlayanda kirayə haqları istər-istəməz aşağı düşür. Bu zaman daha çevik tərpənənlər bəlkə də ucuz qiymətə və şəraiti normal olan mənzil əldə edə bilərlər. Ancaq bu hər zaman da uğurla sonuclanmır.
Tələbə öz yoldaşılarıyla birlikdə kirayədə qala bilər. Bu ən yaxşı variantdır. Di gəl, belə olan halda ev sahibləri bunu qəbul etmir. Məsələn, “Elmlər Akademiyası” ətrafında kirayə evlərin verilməsiylə bağlı vurulmuş enların əksəriyyətində ya ailəli adamlar axtarılır, ya da qız tələb olunur. Qeyd edilmiş nömrələrin bir neçəsiylə əlaqə saxlayırıq. Niyə elanlarda məhz bu cür istəklərin qeyd edildiyini soruşuruq. Dəstəyi qaldıranların əksəriyyətinin cavabı eyni olur: “Oğlan uşaqları məsuliyyətsiz olur, kommunal xidmət haqlarını vaxtı-vaxtında vermirlər, kirayə haqlarını gecikdirirlər, üstəlik, evi də təmiz saxlamırlar. Ancaq bu cür hallara çox vaxtı qızlarda rast gəlmək mümkün deyil”.
Ev alqı-satqı və kirayəsi ilə məşğul olan maklerlər təsdiqləyir ki, son günlər mənzillərin kirayəsində qiymət artım hiss olunur. Onların sözlərinə görə, dərslər başlayandan bir ay sonraya qədər də bahalıq olacaq: “Çünki tələb var. Tələbələr gəlirsə, ev lazımdırsa mənzil sahibləri qiymətləri qaldıracaq”.
Maklerlər də onu da bildirdilər ki, universitetlərə yaxın yerlərdə evlər daha baha olur. “Elmlər Akademiyası”, “İnşaatçılar” tərəfdə iki otaqlı mənzillər 300-400 manat civarındadı: “İki-üç tələbə birlikdə qalarsa onlara bu mənləği ödəmək çətinlik törətməz. Kommunal xidmət haqqı da aya ən azı 30-40 manat edir”
Dərs ilinin başlanmasına 1 ay qaldığı üçün evlərin tapılması da çətinləşdiyini deyən maklerlər deyirlər ki, günə orta hesabla 5-6 mənzilə kirayəşin tapırlar.
İllik minimum xərc: 6 min manat
Çox çətinliklə də olsa oğlan tələbələr də mənzil kirayə bilirlər. İndi təhsil haqqını, kirayə pulunu, gündəlik ərzağa olan tələbatları hesablayanda meydana elə bir qiymət çıxır ki, bu statistik orta azərbaycanlının bir neçə illik xərcinə bərabər olur.
Adi bir hesablama aparsaq, bunu əyani sübut edə bilərik. Onu da bəri başdan qeyd edək ki, bizim hesablamamız minimum qiymətlərlədi.
2000 manata təhsil haqqı olan tələbə bir neçə yoldaşıyla kirayə evə ən azı adambaşına 100 manat ödəməlidi. Nəzərə alsaq ki, tədris ili tələbələr üçün 10 aydır, bu 1000 manat edir. Gündəlik xərcləri – gediş haqqını, yemək və geyim pullarını, dəsrlik ləvəzamatlarını da ən pis halda gündəlik 10 manat olarsa bu aya 300 manat, 10 aya 3000 manata çıxır. Beləliklə bir tələbə üçün valideyni 10 aya minumum xərclərlə 6 min manat xərcləməlidir. Bu rəqəm yalnız Avropa ölkələri üçün keçərlidir. Orada vətəndaşları bu məbləği çox rahatlıqla qarşılaya bilər.
Tələbə adını qazanıb bunu sona qədər qorumaq indiki şəraitdə olduqca çətindi.
Tələbələrin əksəriyyəti ofsiant işləyir
Ona da diqqət yetirmisinizsə tədris ili başlayandan bir müddət sonra tələbələr iş yerləri axtarırlar. Çünki gündəlik tələbatları qarşılamaq olmur. Əksəriyyəti restoranlarda, şadlıq evlərində ofsiant işləyir. Bəxti gətirən, adamı olan bir az yüngül və rahat işlərlə problemdən çıxış yolu tapırlar.
İndiki zamanda tələbə üçün ən yaxşı iş elə ofsiant olmaqdı. Günə 10-15 manat maaş alırsan, bəzən müştərilər “çay pulu” verir, üstəlik işdə olduğun müddətdə qida rasionun təmin edilir. Bu yaxşıdır, tələbə öz-özü probleminin böyük hissəsini qarşılaya bilir. Ancaq ofsiant işləməyin, eləcə də başqa sahədə çalışmağın tələbəyə vurduğu zərbə onun yaxşı təhsil ala bilməməsidi. Çünki əksər iş yerləri tələbələrin universitetlərə getməsinə maneə yaradır. Hətta güzəştli iş yerlərində belə tələbə dərs sona çatan kimi çalışdığı zonaya qayıtmalıdı. Bu isə ona yaxşı təhsil almağa çətinlik yaradır, növbəti günün dərslərinin hazırlaşmağına imkan vermir.
Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olan Hikmətin illik təhsil haqqı 2700 manatdır. O hazırda Bakıdakı şadlıq evlərinin birində ofsiant işləyir. Qazancından narazı deyil, ancaq universitetdə yaxşı oxuya bilmir: “Günə 15-20 manat qazancım olur. 10 manat restoran sahibi zəhmət haqqı kimi ödəyir, 5-10 manat da çay pulu əldə edirəm. Ancaq bütün günü burdayam həftədə bir-iki dəfə universitetə gedə bilmirəm. İmtahan vaxtları, bir də toy olmayan zamanda dərslərimə hazırlaşıram. Ancaq bir tələbə ilin 5-6 ayını oxumursa növbəti vaxtlarda onun hazırlaşması heç də yaxşı alınmır. Ya işləməlisən, ya da oxumalısan. Oxusan ac qalacaqsan, işləsən də adın sadəcə tələbə olur”.
***
Onu da bildirək ki, hər il onlarla tələbə təhsil haqqının çox olduğuna görə, universitetlərdə oxumaqdan imtina edirlər.