2018-ci il:iqtisadi inkişaf, dayanıqlı manat və yeni hökumət...
İqtisadçılar gələn il üçün optimistdirlər, amma şərtlər də var
Yenixeber.org: Daha bir ili arxada qoymaq üzrəyik. Ağır böhran ilinin ardından gələn 2017-ci il bir çox hadisələrlə yadda qaldı. Əvvəlki saylarımızda iqtisadçı-ekspertlərin 2017-ci illə bağlı rəyini diqqətinizə çatdırdıq. Bu dəfə isə dəyərli ekspertlərimizin yeni - 2018-ci ildə iqtisadiyyatımızda baş verə biləcək proseslər barədə fikirlərini təqdim edirik.
Milli Məclisin üzvü, İqtisadi və Sosial innovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli:“Azərbaycan hökumətinin, eləcə də dünyanın əsas beynəlxalq maliyyə qurumları olan Beynəlxalq Valyuta Fondu, Dünya Bankı 2018-ci ildə iqtisadiyyatımızda artım olacağını proqnozlaşdırıblar. Artımın orta hesabla 1,5 faiz ətrafında olacağı gözlənir. Gələn il ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarının nəzərəçarpan dərəcədə artımı,onun inşaat sektoruna müsbət təsiri, qeyri-neft sektorunda görüləcək digər işlər, eləcə də ”Şahdəniz" qaz yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatına başlanması niyyəti reallaşsa və sair bu kimi amillər ÜDM-də artımlara gətirib çıxara bilər. Mərkəzi Bank bu il olduğu kimi, 2018-ci ildə də manatın məzənnəsindəki nisbi sabitliyi qoruyub saxlaya biləcəksə, o zaman iqtisadiyyatda müəyyən canlanmanın yaranması müşahidə ediləcək. Ümumiyyətlə götürdükdə, özündən əvvəlki illərdə olduğu kimi, gələn il də Azərbaycanın iqtisadi və sosial nəticələri xeyli dərəcədə dünya bazarında neftin qiymətinin hökumətin rəsmi proqnozlarında təxmin etdiyi 45 dollardan nə qədər yuxarı və aşağı olmasından asılı olacaq. Ona görə də 2018-ci ilin iqtisadi və sosial nəticələrini çoxvariantlı sistem üzrə optimist, orta və pessimist variantlarda proqnozlaşdırmaq həqiqətə daha yaxın nəticələrə gəlməyə imkan verər. Geosiyasi və geoiqtisadi arenada ciddi kataklizmlər baş verməsə, 2018-ci ildə neftin qiyməti ziqzaqlardan keçib qalxıb-enməklə ümumilikdə il üzrə ortalama götürdükdə, Azərbaycan hökumətinin proqnozlaşdırdığı 45 dollardan yüksək olma ehtimalı, ondan aşağı düşmə ehtimalından daha yüksəkdi.
Problemli kreditlərin həcmi təhlükəli həddi keçərək 2 milyard manata doğrq gedir. Maliyyə-bank sistemini iflic vəziyyətindən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir.
2018-ci il həm də əhalinin sosial vəziyyətində də müsbət iz buraxmalıdır. Ona görə də ciddi islahatlar proqramı həyat keçirməklə büdcə təşkilatlarında çaılışanların maaşlarının, pensiya və müavinətlərin nəzərəçarpan dərəcədə qaldırılmasına ehtiyac var. Gələn il sistemli islahatlar genişləndirilsə və dərinləşdirilsə, iqtisadiyyatımızın həm real, həm maliyyə, həm də sosial sektorlarında vəziyyəti müəyyən dərəcədə yaxşılaşdırmaq olar. Azərbaycanın buna potensial imkanı yetərincədir. İslahatçı, hptimal olçülü, makroiqtisadiyyatı günün tələbləri səviyyəsində bilən və Azərbaycan reallıqlarını da nəzərə almaqla tətbiq etməyi bacaran çevik hökumət modelinə keçidi sürətləndirmək lazımdır".
İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu: “Hesab edirəm ki, düzgün iqtisadi siyasət həyata keçirilərsə, Azərbaycanda 2 il davam edən böhranın sonuncu ili ola bilər. Növbəti ili bu baxımdan, böhrandan çıxış ili adlandırmaq da mümkün olardı. Çünki bunun üçün əsaslar var. Əslində böhrandan çıxış ili bu il ola bilərdi, əsaslar da vardı, lakin biz bu fürsəti lazımınca dəyərləndirə bilmədik.
Gələn il üçün dövlət büdcəsi böyüyüb, investisiya xərcləri dəfələrlə artıq proqnozlaşdırılıb. Əgər neftin dünya bazar qiyməti ən azı builki səviyyədə olarsa, onda növbəti il iqtisadi artıma nail olunacaq.
Növbəti illə bağlı əsas çətinlik, düşünürəm ki, inflyasiya ilə bağlı olacaq. Düzdür, Mərkəzi Bankın timsalında hökumət birrəqəmli inflyasiya hədəfləyib. Lakin buna nail olunması xeyli çətin görünür. Çünki büdcənin özündə inflyasiyanı artıran dəyişikliklər var. Vergilərdə, aksizlərdə, cərimə və rüsumlarda çoxsaylı artımlar olacaq ki, bütün bunlar da qiymətlərin artmasına gətirib çıxaracaq. Qiymət artımı üçün digər amilləri də nəzərə alsaq, inflyasiyanın hökumətin hədəflədiyi səviyyədən yüksək olacağını söyləyə bilərik.
2018-ci il seçki ili olduğu üçün pensiya-müavinətlərin, büdcə təşkilatlarında çalışanların əmək haqlarının artırılması gözləniləndir. Yeni illə bağlı daha bir gözlənti büdcədən xərcləmələrin artması ilə bağlı korrupsiya ehtimalının da yüksəlməsidir".
İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev: “Ötən il islahatlara olan ümidlər bu il bir qədər zəifləmiş oldu. Xüsusilə yol xəritələrinin qəbulu sayəsində cəmiyyətdə islahatlara ümidlər artmışdı. Düzdür, ilin birinci yarısı üçün xəritələrin icrası ilə bağlı monitorinqlər aparıldı, nəticələri açıqlandı, onun davamlı olacağı elan edildi. Bu, bir qədər dövlət qurumlarını hərəkətə gətirdi. Lakin bu prosesin nə qədər effektiv olacağını indidən söyləmək çətindir. Bunun üçün müəyyən müddət keçməlidir.
Dövlət büdcəsində neft sektorunun payının artmasını gələn ilin əsas hadisələrindən biri hesab etmək olar. Bu, hökumətin bəzi addımlardan geri çəkildiyini ortaya qoydu. Məsələn, hökumət 2016-cı ildə elan etmişdi ki, Dövlət Neft Fondundan xərcləmələri azaldır. Lakin gələn ilin büdcəsi göstərir ki, hökumət bu qərarından geri çəkildi. Büdcə ilə Neft Fondu arasında münasibətləri tənzimləyəcək qaydaların yaradılması haqqında sərəncam verilsə də, belə bir qayda ortaya qoyulmayıb. Əksinə, büdcənin 20 faizlik artımının böyük hissəsi Neft Fondundan transfertin hesabına olacaq.
Bütün proqnozlarda 2018-ci il ərzində neftin dünya bazar qiymətinin hökumət üçün əlverişli həddə sabit qalacağı qeyd olunur. Bu isə gələn il ərzində islahatlardan bir qədər geri çəkilmiş formada da olsa, hökumətin makroiqtisadi sabitliyi qoruya biləcəyini göstərir. 2018-ci ilin seçki ili olduğunu nəzərə alsaq, iqtisadiyyatda ciddi təlatümlərə yol verməmək üçün hökumətin bütün vasitələrdən istifadə edəcəyini söyləmək olar".
İqtisadçı-ekspert Samir Əliyev: “Gələn il Azərbaycan iqtisadiyyatının vəziyyəti dünya bazarlarında neftin qiymət həddindən birbaşa asılı olacaq. Əgər qiymətlər ən azı 60 dollardan yuxarı səviyyədə qalarsa, bu halda 2017-ci ildəki nisbi sabitlik davam edəcək. Milli valyutanın məzənnəsi hökumətin istəyi əsasında formalaşacaq. Yəni qərarı birbaşa Mərkəzi Bankın timsalında hökumət verəcək. Seçki ili olduğunu nəzərə alsaq, yəqin ki neftin indiki həddində manatın kəskin ucuzlaşması baş verməyəcək. Eyni zamanda manatın cüzi bahalaşması baş verə bilər, ancaq hökumət iqtisadi səbəbdən bunda maraqlı olmayacaq. Hər bir halda, mövcud şərtlər daxilində (neftin yüksək qiyməti, siyasi böhranın olmaması) manatın cüzi ucuzlaşmasını güman etmək olar. Əgər neft ucuzlaşarsa, xüsusən də 40 dollar həddinə yaxınlaşarsa və aşağı düşərsə, bu halda manata təzyiq artacaq və onun ucuzlaşması ehtimalı qaçılmaz olacaq.
İkinci əsas məsələ inflyasiya olacaq. Hökumətin gələn il əsas narahatçılığı da bununla bağlı olacaq. İnflyasiyanı birrəqəmli səviyyəyə salmaq hökumətin əsas hədəf olacaq və buna ilin birinci yarısında nail olmaq mümkünsüz olacaq. Manatın sabitliyi fonunda qiymət artımını da müəyyən qədər yavaşıtmaq mümkün olacaq.
Üçüncü əsas problem banklar olacaq. Bir neçə bank hansısa formada bazarı tərk etməli olacaq. Bankların sayı azalmaqda davam edəcək. Banklar kreditləşməni tam təmin edə bilməyəcəklər. Depozit qoyuluşunda azalma olacaq. Manatla olan əmanətlərin faiz dərəcələri banklar tərəfindən azaldılacaq və hətta birrəqəmli həddə də endirilmə ehtimalı var".(müsavat)
Dünya SAKİT