Valyuta Fondu: Gələn il dünyada 5 trilyon dollar...
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, gələn il 190 ölkənin milli gəlirinin ümumi həcmi 2017-ci il ilə müqayisədə 5,1 trilyon dollar artaraq 83,8 trilyon dollara çatacaq
Yenixeber.org: Bu məlumatı “Blumberq” agentliyi yayıb. BVF-nin açıqlamasında bildirilir ki, bu il dünya üzrə 78 trilyon 740 milyard dollar həcmində olan Ümumi Daxili Məhsulun (ÜDM) həcmi gələn il 83 trilyon 801 milyard dollara çatacaq. Məhz bu səbəbdən dünya ölkələrinin milli gəlirinin 5 trilyon 61 milyard dollar həcmində artacağı gözlənilir.
Fondun ehtimallarına görə, milli gəliri ən çox artan ölkə Çin olacaq. Buradakı artımın 1 trilyon 181 milyard dollar həcmində olacağı gözlənilir.
Milli gəlirin ən çox artacağı düşünülən ikinci ölkə isə ABŞ-dır. Fondun araşdırmasına görə, buradakı artım 837 milyard dollar həcmində olacaq. Dünyanın ən böyük milli gəlirinə sahib olan ABŞ-da ÜDM bu il 19 trilyon 362 milyard dollardırsa, gələn il bunun 20 trilyon 200 milyard dollar səviyyəsinə çatacağı gözlənilir.
Fondun proqnozlarında bildirilir ki, ÜDM-də ən çox artım əldə edəcəyi düşünülən ölkələr sırasında 282 milyard dollar həcmində artım ehtimalı ilə Almaniya üçüncü yerdədir. Siyahıda Hindistan 215, Fransa 190, Yaponiya 178, İtaliya 127, Kanada isə 123 milyard dollarlıq artım ehtimalı ilə yer alıb.
Türkiyədə bu ilin sonuna qədər 841 milyard dollara çatacağı düşünülən milli gəlirin gələn il 64,5 milyard dollar artaraq 905 milyard dollara çatacağı proqnozlaşdırılır.
Fondun tərtib etdiyi proqnozlara görə embarqo və sanksiyalarla gündəmdən düşməyən İranda bu ilin sonunda 427 milyard dollar olması gözlənilən milli gəlirin gələn il 398 milyard dollara qədər geriləyəcəyi ehtimal olunur. İranın, 29 milyard dollarlıq iqtisadi kiçilmə ilə milli gəliri ən çox azalan ölkə olacağı proqnozlaşdırılır.