“Şəhid adını ləkələyəcək hərəkətə yol verməyək!” -Şəhid xanımından şəhid ailələrinə MÜRACİƏT
Yenixeber.org: Azərbaycanda şəhid adı hər zaman uca tutulub, şəhid ailələrinə hörmət və ehtiramla yanaşılıb. Rəsmi səviyyədə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanun da qəbul edilib, nəticədə şəhid ailələrinə dövlət səviyyəsində qayğı göstərilir.
Amma təəssüf ki, bəzən şəhid adına xələl gətirən hərəkətlərə də rast gəlirik. Belə hallara təkcə hansısa vəzifəli şəxsin hərəkətlərində təsadüf olunmur. Nə yazıq ki, bəzən gənc oğlunu torpağa tapşırıb qırxının çıxmasını gözləmədən ev davasına çıxan analar, “iş axtaran” fürsətcil atalar da var!
2016-cı ilin “Aprel döyüşləri”ndə böyük qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə ucalan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə Modern.az-a açıqlamasında bu kimi hallara görə təəssüfləndiyini bildirib və şəhid ailələrinə müraciət ünvanlayıb:
“Bizim ailədə iki şəhid var. Raqufun anası 1993-cü ildə Ağdamın işğalı vaxtı Cinli kəndinin minomyot atəşinə tutulması nəticəsində şəhid olub. Sonra atasıgil Sumqayıtda bir nömrəli yataqxanaya yığışıblar. Heç yaşayış sahəsi də demək olmaz. 25 ildir ki, onlar yataqxanada qalır. Amma biz bunları dilə gətirmirik. Raquf Orucovun adının yanında xırda məsələlərin hallanması bizə ayıb gəlir. İstəmirik ki, onun gördüyü qəhrəmanlığın qarşısında maddi problemləri qabardaq. Çünki Raquf elə bir əqidə sahibi idi ki, ona xələl gətirilməsinə imkan vermərik”.
S.Alızadə deyir ki, özünü haradasa şəhid xanımı kimi təqdim etmir:
“Adi adamlar kimi kommunal xidmət haqlarını da ödəyirəm, uşağımı həkimə aparıram ödəniş edirəm. Tanıyan bilir, amma tanımayana 5-10 manata görə “mən şəhid ailəsiyəm” deməyi özümə sığışdırmıram. Bu mənim subyektiv fikrimdir. Bəlkə də onlar da özlərində haqlıdırlar, amma mən belə şeyləri qəbul etmirəm. Nə olsun ki, yoldaşım vəzifədə olub. Bizim də çox böyük imkanlarımız olmayıb. İmkan olsaydı, atası yataqxanada yaşamazdı. Qonşular da bunu təsdiqləyə bilər. Bilmirəm, bəlkə də problemlərini dilə gətirənlərin həyat tərzi bu cür hərəkətlər etməyə vadar edir. Amma biz belə şeyləri qəbul etmirik. Əgər şəhid adına hörmət olunur, yardım edilir, ev verilirsə, bu başqa məsələ. Amma “şəhid ailəsiyəm” deyib, kimdənsə mədət ummaq doğru deyil. Yenə deyirəm, bu mənim subyektiv fikrimdir, kimlərəsə tərs gələ bilər. Biz tamam başqa yol tutmuşuq. Bizim yolumuz Raqufun etdiyi, bizim üçün qoyub getdiyi yolu insanlara təbliğ etmək yoludur. Çünki hər şey maddiyyatdan, vəzifədən asılı deyi”.
Sevinc xanım qeyd edir ki, belə söhbətlər Şəhid adına yaraşmır. O, şəhid ailələrinə də müraciətində bəzi məsələləri vurğulayıb:
“Şəhidlərə, ümumiyyətlə, “Aprel şəhidləri”nə heç yaraşmır belə iyrənc söhbətlər. Onlar illər sonra Qarabağ savaşında xalqa qələbə daddırdılar, həqiqi qəhrəmanlığı göstərdilər. Onlar sağ olsaydı, mən inanmıram ki, bu cür hərəkətlərə yol verəydilər. Mən təklif edirəm ki, onların qəhrəmalıqlarını, həyat yolunu təbliğ edək, yaşadaq. Çünki təbliğ edəcəyimiz ideologiya əldə edəcəyimiz maddi sərvətdən qat-qat üstündür. Kimisə müzakirə etmək haqqım deyil, mən sadəcə öz fikirlərimi bildirirəm. Hətta bəzi şəhid ailələrini görəndə də məsləhət verirəm ki, hər şeyi maddiyyata bağlamayaq. Nə edilirsə, edilir. Amma edilmirsə, bunu ictimailəşdirib özümüzü pis vəziyyətə qoymayaq. Şəhid adına ləkə gətirəcək hərəkətə yol verməyək. Sən doğru yolda gedirsənsə, hər yerdə də sənə hörmət edirlər. Mən bunu ailəmə, Raqufun şəxsiyyətinə olan münasibətdən görürəm. Biz hazırda Sumqayıtda yaşayırıq. İcra Hakimiyyətindən heç kim deyə bilməz ki, “bu ailədən bir nəfər qapımızı döyüb nə isə istəyib”. Mənim onlardan yeganə xahişim tədbir keçirilməsi üçün yer, şəhidlərin təbliği üçün məktəbə getməyə icazə ola bilər. Məqsədimiz də “Aprel şəhidləri”nin təbliğidir. Bu iş üçün xahiş edə bilərəm. Başqa heç nə”.