Zakir Fərəcovun “Abşeron nağılı”
Abşeronu talayan icra başçısı indi Sumqayıtda özbaşınalıq edir
Xeberinfo.com: Bir neçə gün öncə bir sıra media orqanlarında dərc olunan yazıda Abşeronun keçmiş icra başçısı və hazırda Sumqayıt şəhərinin meri Zakir Fərəcovun qanunsuz əməllərindən bəhs etmişdim. Bu şəxsin qohumlarının və onların saxladığı, maliyyələşdirdiyi qoçu dəstələrinin üzvlərinin törətdiyi cinayət tərkibli əməllər də diqqətimizdən yayınmamışdı.
Zakir Fərəcovun bacısı oğlu Elgiz Fərəcovun başqasının əmlakını əlindən almaq, saxta sənədləşmələr həyata keçirməyə görə dəfələrlə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı hamıya məlumdur. Elgiz Fərəcovun bir il öncə Saray qəsəbəsində həyata keçirdiyi özbaşınalıqlar, qəsəbədə qanunsuz yolla torpaqların satışını təşkil etməsi və nəticədə bələdiyyə sədri ilə yaranmış mübahisə unudulmayıb. Lakin bələdiyyə sədrinin və həyat yoldaşının müəmmalı şəkildə, amansızcasına qətlə yetirilməsindən sonra bu şəxsin adına digər ünvanlarda rast gəlməyə başlamışıq. Qanunsuz tələblər, zorakılıqlar və qətllərdə adı hallanan şəxslərin bu gün səlahiyyət sahibi olmalarına məna verməkdə çətinlik çəkirəm. Bu qüdrətə sahib olmaq şərəfini qazanan Fərəcovların cəzasız qalması onları növbəti cinayət tərkibli əməlləri törətməyə sürükləməkdədir. Elgiz Fərəcovun hökmran olduğu yerlərdə səngiməyən cinayət hadisələri əslində hamını eləcədə aidiyyatı qurumları düşündürməlidir.
Bəzən el arasında belə bir söz var- Bayquş olan yer xarabaya çevrilir. İndi Elgiz Fərəcov da hara gedirsə orda ya qan axır yada ki, həmin yer xarabaya çevrilir.
Zakir Fərəcovun “Abşeron nağılı”
Abşerona icra hakimiyyəti başçısı təyin olunandan sonra rayon tarixinin ən acı günlərini yaşamalı oldu. Rayonda çalışan məmurlar Fərəcovun tələbləri qarşısında çarəsiz qalmışdılar. Lakin icra başçısı hamını qanunsuz əmrlərinə tabe edə bildi. Hətta rayonda şikayətçi məmur adını eşitmək mümkün olmadı. Hamı Zakir Fərəcovun oyunlarını oynamağa məhkum edildi. Rayonda narazı insanlara divan tutan icra başçısı qanunlara nifrətini də nümayiş etdirməkdən çəkinmirdi. “Burda mənəm Bağdadda kor xəlifə” deyib rayon sakinlərinə zülm edən icra başçısı qısa müddətdə Abşeronda vəzifələrə təyin olunmaq üçün qoyulan qaydaları da dəyişdi. Belə ki, Zakir Fərəcovun dövrünə qədər müxtəlif vəzifələr üçün alınan rüşvət onun dövründə 2 –yə vurulmaqla yığılırdı. Icra başçısının qaydalarını pozanlar Elgiz Fərəcov və digər qoçu Fərəcovları qarşılarında görməyə adət etmişdilər. Cəzalar isə sadə dillə desək qan axıtmaqla bitərdi. Narazılıqları susdurmaqda mahir olan Fərəcovlar heç bir zaman tələblərindən imtina etmirdilər. Onlar Abşeronda ağlasığmaz özbaşınalıqların təməlini qoymaqla da tarixə düşüblər. Hələ bir neçə il öncə ölkə mediasında bu şəxsin küllü-miqdarda dövlət vəsaitini mənimsəməsi ilə bağlı faktlar dərc olunmuşdu və həmin faktlardan sonra icra başçısının vəzifədən kənarlaşdırılacağı gündəmə gəlmişdi. Belə ki, Zakir Fərəcovun vəzifəsindən kənarlaşdırılacağı barədə ilk xəbər haradasa, 2012-ci ildə mediada yer alıb. Bəlkə, daha əvvəllər də onun haqqında belə xəbər dərc edilib… “Hesabalama Palatasının apardığı araşdırmalardan sonda Bakının Nəsimi və Abşeron rayon icra hakimiyyətinin başçıları çıxılmaz duruma düşüb. Aydın olub ki, hər iki rayonda büdcədən çıxarılan vəsaitlərin hara xərclənməsini aydınlaşdırmaq mümkün olmayıb. Bildirilir ki, ümumilikdə dövlət büdcəsinə vurulan ziyanlar milyonlarla manat həcmində dəyərləndirilir. Bununla yanaşı həm də aydın olub ki, Abşeron rayon icra hakimiyyəti başçısı Zakir Fərəcovun Almaniyada geniş biznesi var və bu biznesi yuxarı dairələrdən gizlədə bilib”.
Xəbərin tarixi 2012-ci il, aprel ayının 4-ü. Bu xəbərdə Zakir Fərəcovun dövlət büdcəsinə milyonlarla manat zərər vurduğu və əvəzində Almaniyada biznes şəbəkəsi qurduğu haqqında bilgi verilir. Dövlət belə məmurla işləməyə davam etməlidirmi? Məncə, yox. Demək xəbərin yalan günahı medianın deyil. Sadəcə, ya mətbuatın ifşa etdiyi korrupsiya və qanunsuzluq bəlli şəxslərin gözündən yayındırılır (buna inanmaq çətindir), ya da ortada “Ölməz Kaşşey, “odda yanmaz, suda batmaz” sindromu var. Beləcə onu toxunulmaz bir fiqura çevrilib ki, bu da şəxsində bir çox yeni problemlərin yaranmasına səbəb olmaqdadır.
İcra başçısının amansız qaydaları
Abşeron rayonunda Zakir Fərəcov “şah” olan dövrdə obyekt sahibləri, sahibkarlar çox problemlərlə üzləşmişdilər. Onlar, bu məmurun hər ay tələb etdiyi rüşvəti ödəmək məcburiyyətində qalır və onun haqsız tələblərini icra edirdilər. Hətta hər bayram ərəfəsində Zakir Fərəcovu “görüb” onun bayramını “təbrik etmək” məcburiyyət sayılırdı. Zakir müəllimin istəkləri isə tükənmir və obyektlərdən yığılan rüşvət icra başçısını qane etmirdi.
Abşeronda torpaq satışı da icra başçısından xəbərsiz həyata keçirilə bilməzdi. Torpaq almaq istəyən vətəndaş merin qohumlarını görməli və onların razılığını almalı idi. Nəticədə torpaqlara tətbiq olunan rüşvət ödədildikdən sonra vətəndaş torpaq sahibi ola bilərdi.
Zakir Fərəcovun qanunsuz əməlləri təkcə bununla bitmir. Bu şəxs sənədləri qaydasında olan və qanunla özünə ev tikmək istəyən vətəndaşları da öz şəxsi qaydalarına və tələblərinə əməl etməyə məcbur edirdi. Vətəndaş əgər torpaq sahəsində ev tikmək istəyirsə mütləq rayon icra hakimiyyətinə getməli idi. İcra hakimiyyətində isə onu qəribə tələblər gözləyirdi. Həmin tələblərdə Zakir Fərəcovun istəkləri qeyd olunmuş rüşvət cədvəli vətəndaşa təqdim olunurdu. Tikilən evin mərtəbəsindən və otaqların sayına uyğun olaraq İcra başçısının rüşvətini ödəmək mütləq şərt idi. Əgər vətəndaş bu istəyi yerinə -yetirməkdən imtina edirdisə onda onun tikdirdiyi evi icra başçısının qoçuları uçurdurdular. Haqsızlıqdan olunan şikayətlərə isə cavab verən tapılmırdı.
Sulutəpədə alınan rüşvət cinayət hesab olunmadı
Hələ 2009-cu ilin avqust ayında Hüseyn Məmmədov adlı iş adamı ölkə mətbuatına açıqlamalar verməyə başlayır. Bildirir ki, Sulutəpə sakini olan bir başqa sahibkar Abşeron İcra Hakimiyyəti başçısının müavini Sərviz Süleymanova 2500 manat rüşvət verib, o da öz növbəsində icra başçısının saxta sərəncamını çıxararaq Hüseyn Məmmədovun mağazasını buldozerin ağzına verib sökdürüb. Hüseyn Məmmədov həyəcanla bildirir ki, rayon ərazisindəki bütün obyektlər icra başçısına haqq verirlər və bu haqqı verməkdən imtina edənlərin daşını daş üstə saxlamırlar. Bu rüşvət zənciri hələ o zamanlar İlham Muradov adlı adamın infarkt keçirərək ölməsinə səbəb olub.
Razılaşın ki, sahibkarın bu açıqlamasından sonra hökmən cinayət işi açılmalı, icra başçısı isə bütün komandası ilə birlikdə oralardan qovulmalı idi. Üstəlik, onu da nəzərə alsaq ki, Hüseyn Məmmədov uzaq 2009-cu ildə bu cinayətlər haqqında məlumatı yalnız mediaya deyil, Heydər Əliyev Fonduna da yazıb bildirmişdi. Amma Zakir Fərəcov da başqa dövlət məmurları kimi bu qayda və məntiqdən kənar tənzimlənir. Həm də, Hüseyn Məmmədov həmin ilin yeganə canlı faktı deyildi. O zamanlar qalmaqalla yadda qalan “Gen” MMC olayı zamanı bu MMC-nin rəhbəri Elbrus Əliyev məhkəmədə (!) bəyan etmişdi ki, Sulutəpədə tikdirdiyi binaya görə Zakir Fərəcova 70 min manat rüşvət verib.
Fərəcovun gerçəkləşən Sumqayıt sevdası
Abşerona divan tutandan sonra Sumqayıt şəhərinə icra başçısı təyin olunan Zakir Fərəcov şəhər sakinlərini məyus etdi. Ilk öncə qeyd edim ki, bu şəxs sələfi olan Eldar Əzizova qarşı illərlə mübarizə aparırdı. Hətta aralarında düşmənçilik o qədər dərinləşmişdi ki, sadə vətəndaşlar da bu barədə ətraflı məlumatlı idi. Eldar Əzizovla uzun müddət davam edən çəkişmədən sonra qələbə çalan Fərəcov indi sumqayıtlıların ən ağır bəlasna çevrilib.
Bu şəxsin təyinatı baş verən gün Sumqayıtda çox az sayda vətəndaşın sevindiyini görmək olardı. O sevinənlərdə Zakir Fərəcovu yaxından tanımayan və ya Eldar Əzizovla düşmən olan fərəcovlar idi. Sumqayıtlıların təyinatdan narazı qalmasının səbəbi bu məmuru keçmişdəki fəaliyyəti ilə bağlıdır. Şəhərdə illər öncə, 1999-2005-ci illərdə bələdiyyə sədri işləmiş şəxsin etdiyi qanunsuzluqlar unudulmamışdı. Sumqayıtın bir çox sakinlərini haqsız yerə incidən, torpaq satışı zamanı rüşvəti qaldıran şəxs indi icra başçısı kimi fərqli fəaliyyət göstərə bilməzdi. Məhz, sumqayıtlılar yaxşı bilirdi ki, yeni icra başçısı şəhərdə qanunsuz tələblərini irəli sürəcək və hamını istəkləri ilə hesablaşmağa məcbur edəcək. Bu belə də oldu və Sumqayıt bu gün Fərəcovların şəxsi mülki kimi idarə olunmaqdadır.
Ilk hədəf ticarət mərkəzləri
Sumqayıta mer kimi yenicə qədəm basan şəxsin ilk hədəfi böyük ticarət obyektləri oldu. Yeni təyin olunan icra başçısı böyük ticarət mərkəzlərindən 500 min manat pul tələb etdi. Bu tələbi yerinə-yetirməkdən imtina etməyə cəhd edənlər təzyiqlə üzləşməli oldu. Onlar şəhər polis idarəsinin rəisinin qəbuluna çağrılaraq hədələrə və təzyiqlərə məruz qalmaqdadırlar.
Xatırladım ki, Zakir Fərəcov Sumqayıta icra başçısı təyin olunandan az sonra özünə dost bildiyi Əkbər İsmayılovu polis rəisi vəzifəsinə gətirilməsinə nail oldu. Bu da səbəbsiz deyildi. Icra başçısı sahibkarları istəyinə tabe edib tələb etdiyi rüşvəti almaq üçün polisi də qanunsuz qaydalarının alətinə çevirmək istədi və bu gün bunu nə dərəcə bacarıb, artıq sumqayıtlılar yaxşı bilir...
Ardı var.
İkram Rafiqoğlu
P.S. Yazıda qeyd olunan fikirlər müəllifin şəxsi mülahizələridir.