Zakir Fərəcovun “11-ci mikrorayon əməliyyatı”
Sumqayıtda dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsaitin təyinatı üzrə xərclənməməsi ilə bağlı ölkə mediasında kifayət qədər yazılıb.
Xeberinfo.com: Ötən yazımızda da qeyd etmişdik ki, Sumqayıtın icra başçısı şəhərdəki tikinti və abadlaşdırma işlərini əsl qazanc mənbəyinə çevirməyi bacarıb. Qeyd edək ki, Zakir Fərəcov Sumqayıtdakı bütün təmir-tikinti işlərini qudası Akif Zeynalova tapşırıb.
Təkcə elə bu məqam ortada yeyinti risqinin kifayət qədər yüksək olduğunu düşünmək üçün əsaslar yaradır. Məgər, icra başçısı dəyəri milyonlarla ölçülən iri tikinti layihələrini tapşırmaq üçün qudasından başqa peşəkar tapmadımı? Yaxud, Zakir Fərəcovun qudası Akif Zeynalov bu sahədə hansı istedada və təcrübəyə malikdir ki, onu başqası ilə əvəzləmək qeyri-mümkün olub? Təbii ki, bu sualların cavabı özlüyündə aydındır: bütün bunlar korrupsiya və yeyinti üçün münbit zəmin hazırlamaqdan özgə heç nəyə xidmət etmir.
Bəlkə buna da göz yummaq və mövzuya qayıtmamaq da olardı. Əgər, Zakir Fərəcovun tikinti işlərindəki digər ortağı kifayət qədər müəmmalı şəxs olmasaydı. Bəs, kimdir Zakir Fərəcovun ürək qızdırdığı digər ortağı? Bu bir müddət əvvələdək həbsxana həyatı yaşamış, o zamanlar həyata keçirdiyi maliyyə maxinasiyalarına görə medianın gündəmindən düşməyən goranboylu iş adamı Müqayis Verdiyevdir.
Savash.org xatırladır ki, indi Sumqayıtda peyda olan Müqayis Verdiyevin daha əvvələr Goranboy və İmişli rayon icra hakimiyyətləri ilə ciddi problemləri ortaya çıxmış və bu problemlər üzündən də iş adamı həbsə atılmışdı. Müqayis Verdiyev bir neçə il öncə Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə ) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs edilmişdi. Bir neçə illik həbs həyatından sonra isə Müqayis Verdiyev 09 sentyabr 2015 ildə Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb. Azadlığa qovuşduqdan sonra isə bu qalmaqallı iş adamı gözlənilmədən Sumqayıtda peyda olub. Maraqlıdır, necə?
İnformasiya mənbəyimiz iddia edir ki, Müqayis Verdiyev Zakir Fərəcovun qudası ilə köhnə tanışdır. Elə bu tanışlıq da Müqayis Verdiyevin Sumqayıt ŞİH başçısının kabinetinə aparan yolu qısalda bilib. O, görüş zamanı Zakir Fərəcovu öz “istedad və bacarığına” inandıra bilib və bundan sonra tərəflər ortağa çevriliblər.
İndi isə Zakir Fərəcov, qudası və həbsdən yenicə çıxmış ortağı Müqayis Verdiyevin şərikli həyata keçirdikləri daha bir əməliyyatın təfərrüatlarına göz ataq.
Savash.org-a daxil olan məlumatda bildirilir ki, Sumqayıt şəhər 11-ci mikrorayon, Çerkaskiy küçəsində yerləşən obiyektlər icra başçısı tərəfindən uçurulub. Dəqiqləşdirmələrə əsasən uçurulan oboyektlərin sayının 20-yə yaxın olduğunu iddia etmək olar. Qeyd edək ki, yarımtikili və tam hazır olan obiyektlərə tikinti icazəsini Sumqayıtın keçmiş başçısı Eldar Əzizov veribmiş.
Amma Zakir Fərəcov Sumqayıta təyinat aldıqdan sonra həmin obyektləri “qaralayıb” və obiyekt sahiblərini icra hakimiyyətinə dəvət edib. Lakin sahibkarlar onlara ediləcək təklifdən xəbərdar olduqlarına görə Zakir Fərəcovla görüşdən imtina ediblər. Bu isə həmin sahibkarlara heç də ucuz başa gəlməyib.
Savash.org-a verilən məlumata görə, əslən Gürcüstandan olan Xanlar adlı sahibkarın obyekti artıq onun əlindən alınıb. Belə ki, əvvəlcə ondan külli miqdarda rüşvət tələb edilib, həmin məbləğ verilmədiyinə görə isə sahibkarın obiyekti əlindən alınıb. İndi sahibkarlara deyirlər ki, bu ərazidə yaşıllıq zolağı salınır, ona görə də obyektlərindən gözlərini çəksələr yaxşıdır...
Saytımıza Sumqayıtdakı tikintidə işlədilən işçilərin əmək haqqlarının mənimsənilməsinə dair də informasiyalar daxil olub. Belə ki, tikintidə çalışan ustalara gördükləri işin kvadrat metrinə görə 2. 50 AzN ödənilsə də, sənədlərdə bu məbləğin 10 manata yaxın olduğu bildirilir.
Savash.org-a danışan mənbə deyir ki, əslində Zakir Fərəcovdan narazı olan məmurlar göründüyündən daha çoxdur. Sadəcə olaraq, onlardan bəziləri həm də dövlət qulluqçusu olduğuna görə səslərini çıxartmaqdan çəkinirlər: “Buna baxmayaraq hüquqları pozulmuş sahibkarlar ölkə başçısı İlham Əliyevə müraciət etməyə hazırlaşır. Onların tək ümidi baş verənlərə prezidentin müdaxilə etməsidir”.