Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərişıq”ın Şəki zülməti

azerishiqYaxud kiçik məmurların böyük iddiası

Xeberinfo.com:  Şəki sakini işdən qanunsuz çıxarıldığını, rüşvətə, dövlət əmlakının talanmasına qarşı çıxdığına görə cəzalandırıldığını deyir

“Allahyar Ramazanov Şəki Elektrik Şəbəkəsində işdən çıxarılıb”. Hər gün eşitdiyimiz xəbərlərdəndir. Heç kimsəni bəlkə də ilgiləndirməz belə xəbərlər. Çox vaxt da işdən çıxarılan əməkdaşa heç bir haqq, hüquq tanınmır, ölkə vətəndaşı, demək olar, taleyin ümidinə buraxılır. Az-çox hüququnu bilənlər haqq-ədalət axtarışına çıxır, qaranlıq otaqda qara pişiyi tutmaq sayaq axtarışa…

Allahyar Ramazanovun atası Ramazan kişi də elektrik mühəndisidir, uzun illər bu sahədə çalışıb, dediyinə görə, həm də vicdanla işləyib, dövlət əmlakının talanmasına imkan verməyib, oğlunu da bu ruhda tərbiyə edib. Günün birində, səbəbsiz yerə, oğlunun işdən çıxarılmasına elə buna görə etiraz edir. Talançıların at oynatdığı məmləkətdə bu özbaşınalığa – dövlət əmlakının mənimsənilməsinə, rüşvətxorluğa qarşı çıxanları, demək olar, həmişə belə aqibət gözləyir. Çoxları çarpışmağın, daim haqsızın tərəfində olan hüquq mühafizə orqanlarında, məhkəmələrdə vaxt itirməyin həm də əsəb gərginliyinə gətirdiyi, sağlamlığa ciddi ziyan vurduğu səbəbindən başını aşağı salıb çəkilir kənara. Ancaq susmayanlar, haqlı mövqeyinə görə mübarizə aparanlar da olur…

Xatırladaq ki, ötən ilin fevralında “Bakıelektrikşəbəkə” ləğv edilib, onun bazasında “Azərişıq” ASC yaradılıb və ölkə boyu elektrik enerjisinin satışı bu quruma həvalə edilib. Baba Rzayev də “Azərişıq”a sədr təyin olunub.

Məktub məktub dalınca axdı, Bakıya axdı…

…Şəki sakini, ali təhsilli energetik, indi təqaüddə olan Ramazan Ramazanov da haqsızlığa dözməyənlərdəndi. Oğlunun qanunsuz yerə işdən çıxarılması ilə barışa bilmir, üstəlik, ailədə işsizlərin sayının artması dolanışığa da ciddi təsir edir. Aldığı təqaüdün özünün dərmanlarına belə yetmədiyi indiki vaxtda oğulun ailəsinin, nəvələrinin yükünü çəkmək çətinliyi var. Bu səbəbdən 2015-ci ilin iyunundan başlayaraq bütün dövlət qurumlarına məktublar yazır, teleqramlar vurur, ancaq hələ də ədalətin bərpasına nail ola bilməyib. Ölkə başçısına, keçmiş Milli Təhlükəsizlik Nazirliyinə, Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə, Baş prokurora, “Azərişıq” sədrinə və s. Bundan əvvəlsə yerli rəhbərliyə, “Azərişıq”ın Şimal-Qərb RETSI-nin direktor əvəzi Ilham Hüseynova və başqalarına müraciət edib. Müxtəlif qurumlarda qəbulda olub, ancaq quru vədlərlə yola salınıb. O, oğlunun çalışdığı şəbəkədə baş verənləri – dövlət əmlakının talanması, oğurluq xətlər, müxtəlif kommersiya qurumları ilə cinayətkar əlaqə barədə faktları səlahiyyət yiyələrinə məktubla, teleqramla, şikayət ərizəsiylə çatdırıb. “Azərenerci” ilə “Azərişıq” arasında təhvil-təslim zamanı saysız cinayətlərin gizlədildiyi barədə yazıb. Deyir ki, həmişə düzgünlük tərəfdarı olub. Onun qənaətinə görə, elə oğlu da bu düzgünlüyə qurban gedib. Çünki, oğlu rəhbərliyin işıq oğurluğu faktlarını üzə çıxarıb, bu səbəbdən də o, şəbəkədə arzuolunmaz şəxsə çevrilib və elə ilk fürsətdəcə onu işdən qovublar.

Redaksiyamıza özüylə böyük bir bağlama gətirib, adam məktubların, teleqramların, şikayət ərizələrinin içində, sözün gerçək anlamında, itib-batır. Hələ bunların şikayətlərin tam “külliyatı” olmadığını deyir. Məktublara, şikayətlərə, teleqramlara baxdıqca prezidentin saytına “göndərilən” məktublar yada düşür. Orada heç vaxt şikayət məktubları yerləşdirilmir, ancaq mövsüm xarakterli, hakimiyyətin təbliğat şoularına uyğun zəhmətkeş məktubları yol tapır sayta. Peykimizin göyə buraxılması, Avropa Oyunları, müəllimlərin mükafatlandırılması, 10 faizlik maaş artımı, indi isə Qarabağ… Saytdakı o məktubların içərisində bir vətəndaşın problemi, dərdi, yaşamı gözə dəyməz, Ramazan Ramazanov kimi vətəndaşın. Baxmayaraq ki, redaksiyaya gətirdiyi bütün məktublarda ilk ünvan Istiqlaliyyət 19 – Prezident Administrasiyası, dövlət başçısı Ilham Əliyevdir…

Prezidentə teleqram

2015-ci il iyulun 3-də R.Ramazanovun Istiqlaliyyət 19 ünvanına – dövlət başçısı Ilham Əliyevə vurduğu teleqram: “Məlumat üçün bildirirəm ki, Şəki Elektrik Şəbəkəsinin rəisi və satış üzrə müavini nəzarətçi işləyən oğlum Allahyar Ramazanovu özlərinin cinayətlərini ört-basdır etmək üçün işdən çıxarmaq istəyirlər. Xahiş edirəm bu cinayətin araşdırılmasına sərəncam verəsiniz. Ramazanov Ramazan, ali təhsilli energetik, təqaüdçü”.

Bütün başqa müraciət, şikayət və teleqramları kimi buna da cavab yoxdur. Oğlu Allahyar Ramazanovun da prezidentə yazdığı şikayət məktubu da eləcə. “Sizin ”işdən çıxarılan insanlar öz işlərinizə qaytarılsın” çağırışınıza güvənib Şəki Elektrik Şəbəkəsinin rəisi Eldəniz Hacıyevin qəbuluna getdim və işə bərpa olunmağımı istədim. O isə “sən prezidentə şikayət etmisən, get prezidentin yanına, səni işlə təmin etsin. Buranın prezidenti mənəm” cavabını verdi”.

“Embavood” qaranlığı

R.Ramazanovun dediyinə görə, əslində Şəki elektrik şəbəkəsinin qara günləri “Azərenerji” Şəki REŞ-i ləğv edib onun əvəzində Qəbələ “Şimal-Qərb” RETSI yaradandan başlayıb. “O vaxt oğlum Allahyar ”Bu necə strukturdur” sualıyla “Azərenerji” rəhbərliyinə müraciət etmişdi. Çünki bu yerdəyişmədən sonra qeyri-balans baş alıb getdi. Oğurluq, rüşvət geniş miqyas aldı. Satışa məsul şəxslər elektrik enerjisi oğurluğuna şərait yaradır, sonra yüksək məbləğdə akt tərtib edir, daha sonra danışıqlara gedib rüşvət yoluyla aktdakı məbləği azaldırdılar. Oğlumun bu cinayətlər barədə rəhbərliyə məktubu onun əleyhinə işlədi və o, arzuolunmaz şəxsə çevrildi. Satış direktoru Rəvan Əfəndiyev və Şəki şəbəkənin satış üzrə müavini Vüqar Lətifov bu işdə xüsusi fəallıq göstərirdilər. Çünki Allahyar onların əlbir işinin üstünü açmışdı…

…Masallı Mebel Fabrikinin – “Embavood”un Şəkidə filialı yerləşir. Bu filiala uzun müddət oğurluq xətt verilib. Əvvəlcə 3 fazalı sayğac yandırılıb, 2 ilə yaxın sərfiyyat pulu ödənilməyib, sonra da bütün günahı nəzarətçinin üstünə atmaqla vəziyyətdən çıxmağa çalışıblar”.

Ramazan Ramazanov baş verənlərlə bağlı bu işə dəxli olan bütün məsul şəxslərə yazıb, suallar ünvanlayıb. Onlardan biri də “Azərişıq” RETSI-nin direktoru Ilham Hüseynovdur. R.Ramazanov aşağıdakı suallarına direktordan cavab istəyib:

– “Embbavood” mebel salonu 01.06.2013-cü il tarixinə kimi sərfiyyat üçün nə qədər pul ödəyib?

– Sayğac yananda “Kiş” hava xəttinin nəzarətçisi və mühəndisinə məlumat verilib?

– Naryad açılıb, bəs niyə Rəvan Əfəndiyevin audit qrupu “Kiş” hava xəttinin xidməti işçiləri ilə birgə baxış keçirməyib? Yandırılmış sayğac hanı? Sayğacın üstündəki sərfiyyatın taleyi necə oldu?

– Xətti ünvanın dəyişdirilməsi haqda heç bir sənəd olmadan, ovaxtkı REŞ-in daxili sərəncamını (Ipək yolundan 10:6 kvt və 04 kvt olan hava xətləri yığışdırılsın) “unudaraq” heç kəsə məlumat vermədən kimlər 7-ci şəhər hava xəttindən  transformatoru şəbəkəyə qoşub?

– Rəvan Əfəndiyev, Vidadi, Vüqar 26 ay hara baxırdılar, niyə obyektin açılmasına sərəncam verməyiblər? Vüqar Lətifov niyə şəbəkə rəisinə və REŞ rəisinə xidməti məlumat yazmayıb?..”

Bunlar Ramazan müəllimin direktora və başqa aidiyyəti qurumlara yolladığı suallardan bir neçəsidir. Çoxsaylı suallar hələ də cavabsızdır.

“7-ci şəhər xəttindən təkcə ”Embavood” yox, Şəki Rayon Məhkəməsinə, DYP-yə, MTN-in Şəki şöbəsinə ünvansız enerji verilir. Bundan əlavə, bu xəttin üzərində olan mağazalar, şirniyyat sexləri, başqa obyektlər… bunlara Rəvan Əfəndiyevlə Vüqar Lətifov himayədarlıq edir, onlara maqnit satır. Bunlardan birini Allahyar üzə çıxarıb aktlaşdırmışdı. Rəvan Əfəndiyevin göstərişi ilə həmin obyektə 5 min manat cərimə yazıldı, ancaq bu akt da əvvəlkilər kimi oldu, sövdələşmə yoluyla məbləğ azaldıldı, maqnit sahibinə  qaytarıldı, əvəzində oğurluq faktını aşkara çıxaran, dövlətin mənafeyinə akt yazdıran oğlumu – Allahyarı cəzalandırıb işdən çıxardılar.

“Azərişıq”ın sədri Baba Rzayevə məktubunda R.Ramazanov daha detallı faktlar verir. Sayğacsız abonentlər, müxtəlif sexlər, mağazalar, kafe və yeməkxanalar və s. obyektlər adları və ünvanlarıyla bildirilir. Ancaq aradan keçən müddət bu müraciətlərin ya ünvanına çatdırılmadığını, ya da bunları üzə çıxarmağın yeni rəhbərliyin də marağında olmadığını göstərir…

Elektrik, yoxsa qohumlar şəbəkəsi?!

Redaksiyaya gətirdiyi sənədlərin içərisində bəzi ödəniş çeklərinin surəti də var. 1000 manatdan yuxarı olan bu çeklər Ramazan müəllimin oğurluq xətlər tapıb ödətdirdiyi məbləğlərdir.

Bundan başqa, Şəbəkədə qohumbazlığın da geniş miqyas aldığını yazır Ramazan müzəllim. “Sözün həqiqi mənasında Şəki Elektrik Şəbəkəsində ”qohumlar şəbəkəsi” yaradılıb. “Kənar şəxslərin daxil olması qadağandır” – bu cümləyə adətən, yüksək gərginlikli elektrik xətləri, yaxud transformatorlar olan yerdə rast gəlinir. Əslində bu sözlərin Şəki Elektrik Şəbəkəsinin qapısında yazılmasına ehtiyac var”, deyir Ramazan müəllim.

Ramazan Ramazanov və oğlu Allahyar Ramazanovun şikayətlərinin araşdırılıb-araşdırılmadığını öyrənmək üçün “Azərişıq”dan cavab istədik. Telefona cavab verən xanım bunun üçün başqa nömrəyə zəng vurmalı olduğumuzu dedi. Həmin nömrədən isə kimsə cavab vermir; ya telefon məşğul olur, ya da dəstəyi heç kim qaldırmır. Görünür, cavab üçün söz yoxdur…

Yeri gəlmişkən, Şəki Elektrik Şəbəkəsindən də zənglərimizə cavab verən tapılmadı.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam