Avtoqəza, yoxsa ölüm həddinə çatdırma?!
“Xeberinfo.com”: Redaksiyamıza Şəki şəhərində ölümlə nəticələnən bir avtoqəza ilə bağlı ilginc məlumat daxil olub. Məlumata görə son günlər Şəki rayonunda əsas mövzu rayon sakini Allahyar Əmrahovun ölümü ətrafında yayılmış şaiyələrlə bağlıdır. Rəsmilər Allahyar Əmrahovun ölümünü avtomobil qəzasının nəticəsi kimi təqdim etsələr də, yayılan şaiyələrə görə, əslində məsələ tamamilə başqadır. Rəsmi versiyanı təkzib edən həmin şaiyələrdən birinə görə, Allahyar Əmrahov yumşaq desək polis sayqısızlığının qurbanı olub.
Belə ki, bu rayondan “xeberinfo.com”a verilən məlumata gprə, Allahyar Əmrahovun olduğu avtomobil rayonun Aşağı Göynük kəndi yaxınlığında Şəki rayon Yol Patrul Xidmətinin Vüqar adlı əməkdaşı tərəfindən saxlanılıb. Məluamta görə, bu zaman Vüqarın üzərində onun polis əməkdaşı olduğunu göstərən döş nişanı da var imiş. Həmin nişanın nömrəsi isə 0266 olub.
Burada Yol Patrul Xidmətinin əməkdaşı ilə Allahyar Əmrahov arasında mübahisə yaranıb. Məlumata görə, Allahyar Əmrahov Yol Patrul Xidməti əməkdaşının heç bir əsas olmadan onu saxlamasına etiraz edib. Polisin kobud davranışı mübahisənin yaranmasına səbəb olub və Allahyar Əmrahovun ürəyi bu mübahisəyə dözməyib. Bundan sonra Şəki rayon polis idarəsi bu ölümün əsl səbəbini ört-basdır etməyə başlayıb və Allahyar Əmrahovun ölümünün səbəbi kimi avtomobil qəzası göstərilib.Mərhumun ailə üzvülərinin isə bu iddia ilə barışmadığı bildirilir.
Şəkidən aldığımız məlumata görə mərhum Allahyar Əmrahovun yaxın qohumlarının bu günlərdə toy mərasimi olmalıymış. Beləliklə də deyəsən yenə də polisin özbaşınalığı bir ailənin toyunu yasa çevirdi.
Allahyar Əmrahovun ölümünün geniş müzakirəyə səbəb olmasının digər səbəbi kimi Şəki rayonunda günü-gündən artan bu sayaq faktların olduğu göstərilir. Məlumatlara görə, bu tendensiya polis polkovniki Eldar İlyasov Şəki Polis Şöbəsinin rəisi təyin olunduqdan sonra yaranıb. Şəkidə polisdən narazılıqla bağlı redaksiyamıza daxil olan məluamtların araşdırılmasına başlamışıq. Həmin araşdırma bitəndən sonra oxucularımıza təqdim edəcəyik. Hələlik isə qeyd edək ki, Şəki rayon Yol Patrul Xidmətinin rəisi Nəsrəddin Rəhmanov da Polis Şöbəsinin rəisi Eldar İlyasovun kadrı sayılır. Məlumata görə, Eldar İlyasov Şabran rayon Polis Şöbəsinin rəisi olarkən Nəsrəddin Rəhmanov da həmin rayonda Yol Patrul Xidmətinin rəisi olub. Eldar İlyasov Şəki rayonuna rəis təyin edildikdən sonra cənab Rəhmanov da bu rayona transfer olunub.
Şəki rayonunda günahsız bir insanın ölümünün gerçək səbəbinin üzə çıxarılması aidiyyatı orqanların vəzifə borcudur.
Məlumatla bağlı Şəki rayon Poıis Şöbəsindən cavab almaq cəhdimiz alınmasa da, Yol Patrul Xidmətinin rəisi Nəsrəddin Rəhmanovla telefon əlaqəsi yarada bildik. Nəsrəddin Rəhmanov da yalnız onu bildirdi ki, vəfat edən şəxs sürücü deyil, onun yanında əyləşən şəxs olub. Və əlavə etdi ki, bu yazı dərc olunarsa bizimlə məhkəmədə görüşəcək (?)
Təəccüblü deyil, bizim vəzifəli şəxslər mətbuatla işləməkdənsə, məhkəmələrə üstünlük verirlər. Niyə? Hansı səbəbdən?
Biz aktuallığını nəzərə alıb mövzu ilə bağlı araşdırmamızı davam etdirəcəyik.
Yazıda adları çəkilən tərəfləri də dinləməyə hazırıq.
Adil