Əvvəl özümü sevməliyəm...
Xeberinfo.com: İllər öncə Bakıda və Azərbaycanın başqa şəhərlərində mərkəzi prospektlər, küçələr, parklar, bağlar yad millətlərinin oğullarının,qızlarının adlarına daşıyırdı. Hətta həmin yerlərdə onların əzəmətli heykəlləri də ucaldılmışdı. Bunlar kimlər idi? Əsrlərlə bizə acı yaşadan, bir milləti iki parçalayıb bir-birinə həsrət qoyan ruslar, torpağımızda məskunlaşıb, havamızı udub, çörəyimizi yeyib bizə dönük çıxan ermənilər, işi düşəndə "dost", "qardaş" deyən, özünü yekəxana aparan gürcülər və başqaları. Bunların bizim ölkənin və millətin qarşısında xidmətləri nə olmuşdu ki, şəhərimizi, ölkəmizi onlaşdırmışdıq? Yüz,min illər keçəcək, amma onların bizə, ölkəmizə, millətimizə olan, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi ayaq altında tapdalaması, var-dövlətini talayıb başqalarına yedirtməsi "xidmətlərini" heç vaxt, heç zaman unutmayacayıq.
Şükür ki, artıq bunlar arxada qaldı, bu günümüzlə ayaqlaşa bilmədi. Bir qara ləkə olub tarixin arxivinə getdi. Prospektlərimiz, küçələrimiz, bağ- bağatımız milli adlarımızla adlandırıldı. Hər birimiz bundan qürur duyub sevindik. Amma bu təzə adların çoxlarını çoxumuz tanımadıq. Tanıtmağa borclu olanlar küçənin, prospektin, bağ- baxcanın adını dəyişib, köhnə lövhəni çıxarıb yenisini asmaqla kifayətləndilər. Təbliğat işi aparılmadı. Gərək sovet dönəmində olduğu kimi dəyşirilən yerlərə tanıtma lövhələri vurulaydı. Axı indi kitab, qəzet,jurnal oxuyub məlumatlanan, özünü tanımaq istəyən çox azdır.
Bu gün dini ayrılığın olmadığı ölkə olmamızı, multikultralizmin mərkəzinə çevrilməyimizi az qala camaatın gözünə soxmağa çalışırıq. Amma bəzən özümüzü kiçildir, balacalaşdırırıq. Öz dədə-baba evimizdə qonaqdan kiçik görünürük. Mağazalarımızın, şadlıq evlərimizin, ticarət mərkəzlərimizin, iaşə ocaqlarımızın, tibb müəsissələrimizin adlarını rusca, ingiliscə və daha kimlərin dilində qoyuruq. Əyalətdən Bakıya gələn vətəndaşımız sanki özünü Azərbaycanda yox, yad bir ölkədə hiss edir.Bundan da sıxılır, qəribsəyir. Bunun multi kultralizmidən,dini ayrılığin olmamadığından irəli gəldiyini anlamaq olmur. Güya bizim millət, dövlət nə vaxtsa başqa millətin nümayəndəsinə güldən ağır söz deyib. Millətin belə ali keyfiyyətlərini bu gün bu şəkildə təbliğ etməyi mən qəbul edə bilmirəm. Axı bu tarixən belə olub, belə də davam edir. Heç kimin haqqı yoxdur ki, Azərbaycanda dini ayrılıq var desin. Heç bilirsiniz bu nəyə bənzəyir? Özünü unutmağa, özündən uzaqlaşmağa, başqasını özündən üstün tutub onu yuxarı başa keçirməyə.
Son vaxtlar elm, sənət adamlarının ölkənin aparıcı qəzet, jurnallarının səhifələrində, tv ekranlarında Azərbaycan dilinin göz bəbəyi kimi qorunmasından, onun yad- yamaq sözlərdən təmizlənməsindən, prezidentin dil haqqında olan bir neçə fərmanlarından geniş, elmi yazılar verilir, kəskin çıxışlar edilir. Kamil, yetkin, dilini, millətini, dövlətini sevənlər, onu müqəddəs bilənlər həyacan təbili çalır, hər kəsi səfərbər olmağa səsləyirlər. Çox təəssüf ki, bu təbilin səsi çoxlarının kar olmuş qulaqlarına çatmır. Bəlkə də bunu eşidərək, bilərək qulaq ardına vururlar. Bu da bizdə cəzasızlıqdan, saymamazlıqdan irəli gələn bir haldır.Şəxsən mənim səlahiyyətim, imkanım olsaydı adı öz dilimizdə olmayan bir mağazanın, şadlıq evinin, tibb müəssiəsəsinin fəaliyyətinə imkan verməzdim.
Dəyərli oxucular, çoxunuz etiraz edib deyə bilərsiniz ki, bu insan hüquqlarının, söz azadlığının pozulmasıdır, sahibkara hörmətsizlikdir. Amma mən dilimə qarşı çevirilən belə hüququ, belə azadlığı qəbul edə bilmirəm. Rədd edirəm!
Hər kəs bilir ki, Bakıda qonşu, dost, qardaş dediyimiz bir neçə ölkənin özünün, paytaqdının, şəhərinin adına prospektlər, küçələr, parklar var. Məsələn: Moskva, Kiyev, Tbilisi, İzmir və s. Bakımızın mərkəzində ölkəmizin adını daşıyan bir prospekt də var. Bilənlər bilir, bilməyənlərə də məlumat verim ki, bu prospekt qabaqlar keçmiş quruluşun nümayəndəsi olan Hüsü Hacıyevin adını daşıyırdı. Sovet getdi hüsülər, qasımlar, əliheydərlər, əlilər və b. da getdilər. Amma yerində demokratik Azərbaycan qaldı. Və baş bilənlərimiz də onu kiçik bir küçədə əbədiləşdirdilər. Fikir verin, burda da mən ondan- yəni yad ölkələrin taytaxtlarının adına olan prospektlərindən arxaya keçirəm. Mənimkilər, sizdən soruşuram, niyə onu məndən qabağa keçirirsiniz?! Axı bu ölkə, bu şəhər mənimdir. sənindir, amma onun deyil.
Deyəsən yazımın bu yerində fikirimi bir balaca qəlizləşdirdim, anlaşılmazlıq yaratdım. Dediyim odur ki, biləsiniz Azərbaycan prespekti Tbilisi prospektinin yarısı qədərdir. Ölkənin adını başqa dövlətin şəhərinin ayağına vermək heç də millilikdən xəbər vermir.
Mənim də sizlərin çoxu kimi Gürcüstana və gürcülərə hörmətim var. Bir birimizə yaxın qonşu, dost, qardaş deyirik. O ölkədə ən azından qədim Borçalımız, Başkeçidimiz... var.
Məhərrəm Şəmkirli