Kommunist partiyasından təklif
Kənd təsərrüfatındakı problemi necə həll etməli?
Xeberinfo.com: Azərbaycanın kənd təsərrüfatı bərbad vəziyyətdədir. Bu gedişlə ölkəni daxili ərzaqla və kənd təsərrüfatı xammalı ilə etibarlı şəkildə təchiz edilməsinə nail olmaq, bunun üçün kifayət qədər ehtiyata malik olmaq mümkün deyildir. Mövcud xoşagəlməz vəziyyətin iqtisadi və siyasi fəsadları kənd həyatının maddi və mədəni-məişət şəraitinə çox mənfi təsir göstərmişdir. Bu sahədə təxirəsalınmaz işlər görülməsinə ciddi ehtiyac var.
Bir sözlə, hökumətin ölkənin kənd təsərrüfatına münasibəti kəndlilərin əsas mənafeyinə cavab vermir. Bu o deməkdir ki, aqrar sahədə işlər düzgün qurulmamışdır. Nəzərə almaq lazımdır ki, ağır durumda olan hazırki kənd təsərrüfatı istehsalının keyfiyyətcə dəyişilməsi üçün vaxt, əmək, böyük vəsait tələb olunur.
Xırda fərdi kəndli təsərrüfatının könüllülük prinsipi əsasında kooperativləşmə yolu ilə iri təsərrüfatlarda birləşməsi prosesi başlanmalıdır. Bu kənd təsərrüfatını iqtisadiyyatın inkişaf etmiş bölməsinə çevirmək üçün bünövrə, özü də möhkəm, mükəmməl bünövrə yaratmağa imkan verəcəkdir. Kollektivləşmənin gedişində bəzi kəndlilərin xırda mülkiyyətçilik psixologiyasını dəyişdirmiək, onları kollektiv əməyin üstünlüklərinə inandırmaq lazımdır. Hər kəs başa düşməlidir ki, bu proses onların tələbatının tam ödənilməsi üçün şərait yaradacaqdır. Kəndlilərin iri təsərrüfat formasına keçməsinin şərtləri və konkret yolları dövlət proqramında öz əksini tapmalı, kollektiv təsərrüfatlara dövlət yardımın yolları müəyyən olunmalıdır. Çünki torpağı birgəbecərmə artıq real tələbə çevrilmişdir.
Hökumət kənddə yoxsulluğu, işsizliyi ləğv etmək üçün geniş miqyasda aqrar bölmənin yenidən qurulması – kollektivləşmə hərəkatının zəruriliyini qəbul etməlidir. O, bu dəyişikliklərə yardımı gücləndirməli, onun maddi-texniki bazasını möhkəmləndirməli, kadr hazırlığını yaxşılaşdırmalıdır. Kollektiv istehsal təsərrüfatlarına texniki xidmət edən qurum yaradılmalıdır.
Təcrübə göstərir ki, aqrar bölmənin kollektivləşməsi qısa müddətdə öz bəhrəsini verəcəkdir. Kəndlərin iri təsərrüfatlara keçməsi kəndlilərin iqtisadi münasibətlərində, onların bütün həyat tərzində müsbət dəyişikliklər olacaqdır. Əlbəttə, bu zaman torpaq sahiblərinə düzgün yanaşılmalı, kollektiv istehsal təsərrüfatları yaradılarkən könüllülük prinsipi pozulmamalı, ayrı-ayrı rayonlarda yerli şəraitin xüsusiyyətləri nəzərə alınmalıdır. Torpaq mülkiyyətçilərinə düzgün və qarşılıqlı münasibət yaradılsa, onların birləşdiyi iri təsərrüfatlar təşkilatca daha da möhkəmlənəcəkdir.
Azərbaycan Kommunist Partiyası kollektiv istehsal təsərrüfatlarının yaradılmasını ölkənin aqrar bölməsinin dirçəldilməsində və inkişafında ən düzgün addım sayır, dönüş mərhələsi hesab edir. İri təsərrüfatları respublikanın pambıqçılıq, taxılçılıq, heyvandarlıq və bağçılıq-bostançılıq zonalarında gecikdirmədən yaratmaq lazımdır. Bununla da geridə qalmış, böhran keçirən kənd təsərrüfatı dağınıq vəziyyətdən çıxacaq və kənddə məhsuldar qüvvələrin inkişafına yeni təkan veriləcək, ərzaq poqramının təminatının əsası qoyulacaqdır.
Bu işin əsas üstünlüklərindən biri də odur ki, kollektiv istehsal təsərrüfatları müasir texnika almaq imkanına malik olacaqlar. Torpaqları yaxşılaşdırma və yararlı hala salınma sahəsində problemlər həllini tapacaq. Bitkiləri qoruyan kimyəvi vasitlər kifayət qədər alınacaq. Belə imkanlar olandan sonra məsələn, dənli bitkilərin məhsuldarlığı dəfələrlə artacaq. Əmək məhsuldarlığı yüksələcək. Bütövlükdə adambaşına kənd təsərrüfatı məhsulu istehsalı artacaq. Bütün bunlar inkişafdır, tərəqqidir, nailiyyətdir.
Şübhəsiz, kollektiv əmək əsasında iri kənd təsərrüfatı istehsalını birgə aparmaq üçün kəndlilərin könüllü kooperativ təşkilatları Azərbaycan kəndinin əmək, məişət və həyat tərzini əsaslı surətdə dəyişdirəcəkdir. Çünki bu yol tarixən yoxlanılmış, uğurla sınaqdan çıxmış və kəndlilərin xüsusiyyətlərinə uyğun olan bir yoldur.
ƏDALƏT ABDİNOV, Azərbaycan Kommunist Partiyası Marksizm-Leninizm Universitetinin rektoru
e-mail: aqitator@mail.ru