Gələn il kənd təsərrüfatı siyahıya alınacaq
Azərbaycanda kənd təsərrüfatının növbəti siyahıyaalınmasının gələn il – 2015-ci il iyun ayının 1-30-da keçirilməsi nəzərdə tutulub.
"Xeberinfo.com": Bu haqda məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Məlumata görə, 1,3 milyondan çox müxtəlif təşkilati-hüquqi formalı təsərrüfatı əhatə edəcək kənd təsərrüfatı siyahıyaalınmasının hüquqi əsaslarını “Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2001-ci il 2 mart tarixli, 640 nömrəli sərəncamı, “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2012-ci il 21 dekabr tarixli, 2621 nömrəli sərəncamı, “2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi haqqında” Nazirlər Kabinetinin 2013-cü il 28 dekabr tarixli, 357 nömrəli qərarı, habelə “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunu və Dövlət Statistika Komitəsinin müvafiq əmr və göstərişləri təşkil edir.
Kənd təsərrüfatının siyahıyaalınmasının hazırlanıb keçirilməsı üzrə sənədlər işlənərkən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən tövsiyə olunan “Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması proqramının 2010-cu il raundu və MDB ölkələrində keçirilən kənd təsərrüfatı siyahıyaalmaları nəzərə alınmaqla kənd təsərrüfatı siyahıyaalınması proqramının təkmilləşdirilməsinə dair tövsiyələr”, bir sıra dünya ölkələrinin bu sahədəki əməli təcrübəsi və yerli xüsusiyyətlər nəzərə alınıb. FAO-nun tövsiyəsinə əsasən kənd təsərrüfatı siyahıyaalınmasının hər 10 ildən bir keçirilməsi məqsədəuyğun sayılıb. Əksər ölkələrdə, o cümlədən MDB ölkələrində siyahıyaalma hər 10 ildən bir keçirilir. Almaniya və Hollandiyada kənd təsərrüfatının siyahıyaalınması hər 4, ABŞ və Kanadada isə hər 5 ildən bir keçirilir.
Siyahıyaalmanın keçirilməsində əsas məqsəd kənd təsərrüfatının strukturuna və vəziyyətinə, onun ehtiyat potensialının mövcudluğu və istifadəsinə dair dövlət informasiya ehtiyatlarının formalaşdırılması, müxtəlif regionlar üzrə müvafiq məlumatların əldə edilməsi, kənd təsərrüfatı sahəsində statistik uçot sisteminin təkmilləşdirilməsi, siyahıyaalmalararası dövrdə statistik göstəricilərin hesablanmasında baza məlumatları kimi istifadə olunan ətraflı məlumatların alınması və aparılması nəzərdə tutulan müxtəlif seçmə müşahidələr üçün baş məcmuların müəyyənləşdirilməsindən ibarətdir.
Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq siyahıyaalmanın işlənib hazırlanaraq keçirilməsi Dövlət Statistika Komitəsi və onun yerli orqanları tərəfindən yerinə yetirilməli və kənd təsərrüfatı siyahıyaalınmasının bütün zəruri məsələləri müvafiq təşkilat planında öz əksini tapmalıdır.
Təsdiq edilmiş normativlərə uyğun olaraq bütövlükdə respublika üzrə kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi məqsədilə hər 100 təsərrüfata bir nəfər sayıcı hesabı ilə 12600 sayıcı, hər 10 sayıcıya 1 nəfər olmaqla 1260 təlimatçı-nəzarətçi cəlb ediləcək. Bu zaman hər sayıcı üçün 30, təlimatçı-nəzarətçi üçün 45 təqvim günü müəyyən edilib.
Siyahıyaalma ucdantutma qaydada kənd təsərrüfatı istehsalı ilə məşğul olan bütün təsərrüfatlardan məlumatların sorğu yolu ilə alınması sorğu vərəqələri əsasında aparılacaq.
Sayıcı məntəqəsi üzrə siyahıyaalma tam başa çatdıqdan sonra təlimatçı-nəzarətçi tərəfindən siyahıyaalma materialları sayıcıdan hesabi və məntiqi qaydada yoxlanılaraq qəbul ediləcək və onlar rayon statistika idarələrinə təhvil veriləcək. Rayon (şəhər) statistika idarələrində cəlb ediləcək operatorlar tərəfindən siyahıyaalma materialları 2015-ci il iyul ayının 15-dən başlayaraq 6 ay müddətində kompüterlərə daxil ediləcək. Yerli statistika orqanları siyahıyaalma materiallarını işləyib qurtardıqdan sonra həmin materiallar hərtərəfli yoxlanılaraq ölkə üzrə yekun nəticələri almaq məqsədilə çıxış cədvəlləri hazırlanacaq.
Hər bir təsərrüfat üzrə fərdi məlumatlar məxfi saxlanmaqla yalnız toplu, ümumiləşdirilmiş statistik məqsədlər üçün istifadə olunacaq. Siyahıyaalma məlumatları ölkənin kənd təsərrüfatındakı mövcud vəziyyəti düzgün və hərtərəfli qiymətləndirməyə imkan verəcək. Siyahıyaalma zamanı təsərrüfatların mənsubiyyəti, torpaq mülkiyyəti, icarə münasibətləri, torpaqdan və gübrələrdən istifadə, gəlir mənbəyi, kənd təsərrüfatı bitkilərinin əkin sahələri, çoxillik əkmələrin növləri üzrə ağac və kolların sayı, tətbiq edilən suvarma üsulları, mal-qara və quşların cins və yaş tərkibinə görə mövcudluğu, göl və nohur balıqçılığı, bina və tikililərin, kənd təsərrüfatı texnikası və avadanlıqların mövcudluğu, kənd təsərrüfatında işçi qüvvəsi və s. barədə geniş məlumatlar toplanılacaq.
Bu məlumatlar ölkənin kənd təsərrüfatının gələcək inkişafı istiqamətlərinin müəyyənləşdirilməsində mütəxəssislər, tədqiqatçı alimlər, iqtisadçılar və bütövlükdə məlumat istifadəçiləri üçün, eləcə də müxtəlif növ statistik müşahidələrin aparılması üçün mühüm informasiya mənbəyi olmaqla bu sahədə düzgün qərarların qəbul edilməsində əhəmiyyətli rola malik olacaq, eyni zamanda, kənd təsərrüfatı statistikasının beynəlxalq tələb və tövsiyələrə uyğunluğu təmin edilmiş olacaq.
Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatının ümumi siyahıyaalınması ilk dəfə 1921-ci ildə keçirilib. Sonrakı illərdə kənd təsərrüfatında kollektiv təsərrüfatların formalaşması (kolxoz, sovxoz və s.) nəticəsində ümumi siyahıyaalmalara ehtiyac qalmamışdı. Müstəqillik illərində həyata keçirilən çoxsaylı islahatlar nəticəsində meydana çıxan yeni iqtisadi şərait kənd təsərrüfatında yenidən ümumi siyahıyaalmaların keçirilməsi zərurətini yaradıb. Bu baxımdan 2005-ci ildə müstəqil Azərbaycan Respublikasında ilk kənd təsərrüfatı siyahıyaalması keçirilib.