"Ən dağıdıcı xarici təhlükəli belə, ədalət illüziyasının doğuracağı təhlükə qədər qorxulu deyil" - XAQANİ CƏFƏRLİ
"Məmurların başına gələn faciələrə cəmiyyətin reaksiyası göstərir ki, insanlar bu hadiəsləri ilahi ədalətin təntənəsi kimi qəbul edir və buna görə də bir insanın faciəsinə sevinirlər"
"Bəşər övladının dövləti təhlükəsizliyini təmin etmək məqsədi ilə yaratdığı haqqında çox geniş yayılmış fikir mövcuddur. Məncə, bəşər övladı dövləti təhlükəsizliyi təmin etmək üçün deyil, ədaləti təsis edəcək təsisat adına yaratmışdır. Yaratdığı təsisatın ədaləti təmin etmədiyini gördükdə isə bəşər övladı minbir əziyyətlə, fədakarlıqla və böyük qurbanlar hesabına yaratdığı dövlətə qarşı çıxmışdır".
Yenixeber.org: Bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.
Politoloq hesab edir ki, qiyamları, üsyanları və inqilabları doğuran əsas səbəb də bəşər övladının ədalət axtarışıdır: "Mübarək Avqustin “Tanrı şəhəri haqqında” əsərində dövlətin quldur dəstəsindən nə ilə fərqləndiyinə aydınlıq gətirərək yazır: “Hər ikisi də müəyyən qaydalarla idarə olunan insanların birliyidir. Hər ikisində rəhbər var. Qazancın bölgüsü müəyyən edilmiş qaydaya uyğun olaraq baş verir. Dövlətin quldur dəstəsindən əsas fərqi dövlətin ədalətə əsaslanmasıdır. Əgər ədalət yoxdursa, deməli dövlət böyük bir quldur dəstəsinə çevrilmişdir”. Maarifçiliyin hələ mövcud olmadığı IV əsrdə yaşamış bir xristian ilahiyyatçısı və filosofun bu fikirləri dövlətin məhz ədaləti təsis etmək üçün yaradıldığını inkar edilməz şəkildə təsdiq edir. Çünki ədalətin olmadığı quldur dəstəsi də insanı xarici təhlükədən qoruya bilərdi. Deməli, dövlət təhlükəsizliyi təmin etmək üçün deyil, ədaləti təsis etmək üçün yaradılmışdır".
Xaqani Cəfərlinin sözlərinə görə, peşəkar və müstəqil sosioloji araşdırmalar olmadığı üçün cəmiyyətdə ədalətin nə qədər təmin edilməsi ilə bağlı Azərbaycan vətəndaşlarının düşüncələrinin nədən ibarət olması haqqında əsaslı fikir söyləmək çətindir: "Ancaq məmurların başına gələn faciələrə cəmiyyətin reaksiyası göstərir ki, insanlar bu hadiəsləri ilahi ədalətin təntənəsi kimi qəbul edir və buna görə də bir insanın faciəsinə sevinirlər. Dövlət hakimiyyətini həyata keçirənlərin ən böyük səhvi ədalət illüziyasının insanları qane edəcəyinə inanmalarıdır. Ədalət illüziyası qədər dövlətə təhlükə yaradan başqa bir səbəb yoxdur. Ən dağıdıcı xarici təhlükəli belə, ədalət illüziyasının doğuracağı təhlükə qədər qorxulu deyil. Tanrı tərəfindən göndərildiyi iddia edilən səmavi dinlərin ayrı-ayılıqda və bütövlükdə Jan Jak Russonun sosial ədalət nəzəriyyəsi qədər cəlbedici olmamasının səbəbi də insanın varlığında ədalət yanğısını daşıması ilə bağlıdır. Sosial ədalət nəzəriyyəsini Jan Jak Russo qədər mükəmməl ifadə edən başqa bir fikir adamı olmadığı üçün heç şübhəsiz “Fransız inqilabının bəlirləyicisi” bütün dövrlərin və xalqların ən böyük fikir adamıdır".(Hurriyyet)
Vazeh BƏHRAMOĞLU