Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bir manatlıq taksi” problemi 

BNA qanunsuz sərnişindaşımaların vətəndaşların təhlükəsizliyini riskə atdığını bildirir, ekspert isə ucuz taksilərin sosial sifarişə çevrildiyini deyir

“Yol polisi təhlükəsizliyin təmin edilməsi istiqamətində funksional vəzifəsini yerinə yetirir. “Bir manatlıq taksilər” adlandırılan avtomobillərin qarşısını almaq üçün təbliğat gücləndirilməlidir. Bu, sadəcə DYP-nin üzərinə düşən iş deyil, digər qurumlar da kompleks tədbirlər həyata keçirməlidir. Məsələni kökündən həll etmək üçün həmin istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətini normallaşdırmaq lazımdır”.

Yenixeber.org: Bu sözləri Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib. Qanunsuz olaraq fəaliyyət göstərən taksilər və mikroavtobuslardan danışan V.Əsədov bildirib ki, problemlərin aradan qaldırılması üçün ilkin olaraq təbliğat aparılır:

““20 yanvar” adlandırılan ərazidə və “Koroğlu” metro stansiyasının yaxınlığında “bir manatlıq taksi” kimi tanınan və ya qeyri-qanuni fəaliyyət göstərən taksi sürücüləri arasında təbliğat apardıq. Dəfələrlə onlara müraciət etdik, bildirdik ki, bunların hamısı qanun pozuntusudur. Ərazidə polis olanda vətəndaşlar gizlənirlər, polis əməkdaşları uzaqlaşdıqda yenidən üzə çıxırlar”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı söhbətin “bir manatlıq taksilər”dən yox, ümumiyyətlə, qanunsuz fəaliyyət göstərən taksilərdən getdiyini söylədi:

“Bir manatlıq taksilərin fəaliyyəti o demək deyil ki, onlar qanunsuz işləyir. Həmin sürücü tam qanuni formada gedib fərqlənmə nişanı ala bilər və sərnişinləri istər 50 qəpiyə, istərsə də havayı daşıya bilər. Burada məsələ qanuni fəaliyyət və sərnişinlərin rahatlığıdır. Bu məsələ bizi də ciddi şəkildə narahat edir. Bununla bağlı son bir ay ərzində səlahiyyətli qurumlara müraciət olunub. Məsələn, DYP-yə müraciət etmişik. “20 yanvar”, “Koroğlu”, “Əhmədli”, “28 may” metro stansiyaları ətrafında daha çox qanunsuz sərnişidaşıma halları müşahidə olunur”. 

M.Ağayev qeyd etdi ki, bu gün qanunsuz sərnişindaşımalar vətəndaşların rahatlığı və təhlükəsizliyi baxımından böyük riskdir:

“Əvvəlki illərdə, eləcə də bu yaxınlarda baş verən yol-nəqliyyat hadisələri bir daha fikirlərimizi sübut etdi. Amma bütün bunlar yalnız bizim müraciətimizlə həll olunacaq bir iş deyil. Bu sahədə nəzarət tədbirləri yalnız bizim səlahiyyətimizə aid olan məsələ deyil. Sərnişinlərin daha çox qanunsuz sərnişindaşımadan istifadə etdiyi istiqamətlər var, həmin istiqamətlər üzrə təhlillər aparılıb. Ən çox zərurət və ehtiyac hansı istiqamətlərdədirsə, onlar tərəfimizdən təhlil edilib və hazırda sərnişinlərin bu istiqamətdə rahatlığını və təhlükəsizliyini təmin etmək üçün müxtəlif həll varintları üzərində işlənilir. Məsələn, ən son Qala-Pirallahı istiqamətində sərnişindaşımalarda dəyişiklik edilməklə, ciddi təkmilləşdirilmə işləri aparıldı. “Qala Nəliyyat Mübadiləsi” məntəqəsi təşkil edildi. “Koroğlu”dan “Qala”ya köhnə, yararsız avtobuslar xətdən çıxarıldı və yeni “Baku Bus”ın Q1 xətti təşkil olundu. Həmin istiqamətdə sərnişinlər artıq qanunsuz vasitələrə daha az müraciət etməyə başlayıblar. Hazırda digər istiqamətlərdə də həm müntəzəm sərnişindaşımalar üzrə avtobus xətlərinin yenilənməsi, həm yeni ekspress-xətlərin buraxılması üçün tərəfimizdən işlər aparılır ki, bu yolla qanunsuz sərnişindaşıma hallarını azaltmağa çalışırıq”.

M. Ağayevin sözlərinə görə, sərnişilərin ehtiyacları nəzərə alınmaqla mövcud qanuni xidmət təkmilləşdiriləcək:

“Bildiyimiz kimi, Bakıya cənab Prezidentin tapşırığı ilə 9 metrlik avtobuslar gətirilib. İlk mərhələdə 170 ədəd, ikinci mərhələdə isə 35 ədəd avtobus gətirilir. 205 ədəd 9 metrlik abtobuslarımız olacaq. Onların hamısı məhz ətraf kənd və qəsəbələr istiqamətindəki xətlərə buraxılacaq. Bunun özü də qanunsuz sərnişindaşımaların aradan qaldırılması baxımından olduqca vacib bir məsələdir.  Avtobuslar məhz həmin məqsədlər üçün gətirilib”.

Yol-nəqliyyat üzrə mütəxəssis İlqar Hüseynli isə  “1 manatlıq taksi”lərin sosial sifarişə çevrildiyini bildirdi:

“Elə təbəqədən olan insanlar var ki, onlar üçün gündəlik taksi xidmətinə 5-10 manat xərcləmək həddən artıq çoxdur. Həmin insanların getdiyi ərazilərə işləyən avtobusların intensivliyi və rahatlığı o qədər də normal deyil. Ona görə də, taksi xidmətindən yararlanırlar. Onlar bununla mənzil başına həm rahat çatırlar, həm də keyfiyyətli xidmət alırlar. O zaman belə bir sual ortaya çıxır: dövlət qurumları bunun əvəzinə hansı alternativləri təklif edir?”

Ekspertin sözlərinə görə, “1 manatlıq taksi” fəaliyyətinə qarşı mübarizəyə DYP-nin cəlb olunması düzgün deyil:

“Çünki sürücü hər hansı yol-hərəkət qaydalarını pozmursa, avtoxuliqanlıq etmirsə, müəyyən şərtlər altında, normal şəkildə “20 yanvar”dan Sumqayıta, Xırdalana gedib-qayıdırsa, bu, onun hüququdur. Heç bir qayda pozuntusu olmadığı təqdirdə, DYP-nin sürücünü cərimələmək və ya cəza tətbiq etmək hüququ yoxdur”.

Ekspert deyir ki, ailələrini “1 manatlıq taksi” ilə dolandıran sürücülər həm də əhalinin müəyyən təbəqəsinə aid olan insanlara xidmət göstərir:

“BNA bunun alternativini düşünməlidir. Əgər “1 manatlıq taksi”lərə qarşı mübarizə aparmalı olsalar, burada məsuliyyət BNA-nın üzərinə düşür. Çünki BNA məhz ictimai nəqliyyatın taksi və avtobus xidmətlərini həyata keçirən sektorun fəaliyyətini tənzimləyən dövlət qurumudur. Burada rəqabət məsələləri önə çıxır. “Bir manatlıq taksi” də Xırdalana 5-6 manata gedib-qayıdır, dövlətdən lisenziya alan digər taksilər də həmin qiymətə gedib-gəlir. Fərq isə ondan ibarətdir ki, “bir manatlıq taksi” xidməti göstərən sürücü beş adamın hərəsindən bir manat alır, lisenziya ilə fəaliyyət göstərən taksi sürücüsü isə bir nəfərdən beş manat alır. Maya dəyişmir, amma dəyişən odur ki, beş nəfər həmin xidmətdən yararlanır.  O zaman BNA eyni xidmətin alternativini təklif etməlidir. Və yaxşı olardı ki, həmin “bir manatlıq taksi” sürücülərini, gəncləri təqdim edəcəkləri alternativlərə cəlb etsinlər ki, onlar da işsiz və çörəksiz qalmasınlar”.

İ. Hüseynlinin bu istiqamətdə öz təklifləri də var:

“Bir manatlıq taksi xidmətini həyata keçirən şəxslər BNA-ya aylıq rüsum ödəməklə həmin xidməti yerinə yetirmək üçün hüquq əldə edə bilər və bununla da büdcəyə müəyyən miqdarda vəsait ödəmiş olarlar. Bu məsələləri bu formada tənzimləmək olar. Amma ucdantutma bütün insanlara cəza tətbiq edib, onları da işsiz qoymaq indiki vəziyyətdə kifayət qədər narazılığa səbəb olacaq. Sonda yenidən qeyd edirəm ki, həmin taksi sürüclərinə cəza tətbiq etmək DYP-nin işi deyil”.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam