Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ARDNŞ-dəki sirli korrupsioner

 

“Bizim ARDNŞ-in rəhbərliyində böyük, amma qəribə ağıl sahibi olan adamlar oturur...”

"Xeberinfo.com":  Məlumata görə, bunu virtualaz.org saytının müxbiri ilə söhbətində ARDNŞ-in keçmiş operatoru, indiki işsiz Seyran Qafarov deyir.

S.Qafarov daha sonra əlavə edir: “Neft ucuzlaşıb. Bu, aydındır, bunu bilirik. Onu da bilirik ki, bu ucuzlaşma şirkətlərin gəlirini azaldır. Onlar da bu itkinin yerini nə iləsə doldurmalıdır. Başa düşə bilmədiyimiz məsələ başqadır. ARDNŞ-in “ən ağıllı adamı, baş strateqi, ən qənaətcil rəhbəri”, şirkətin vitse-prezidenti və kadr islahatlarının “əsas ideoloqu” Mikayıl İsmayılov bu itkinin yerini nəyə görə məhz sıravi işçilərin hesabına doldurmağa qərar verib? İsmayılov uzun illər bu şirkətdə çalışan, mənim kimi böyük təcrübə toplayan bir neçə min nəfər azmaaşlı işçini bircə sözü, bircə imzası ilə işdən çıxartdırdı.

Mənə yaxın olan və mənim kimi işsiz qalan bir iqtisadçı dostum var. O, “böyük ağıl sahibi” olan Mikayıl İsmayılovun təşəbbüsü ilə həyata keçirilmiş kütləvi ixtisarların absurd olmasını mənə izah edib. Mikayıl müəllimin hesablamasından belə çıxırdı ki, ARDNŞ bu kütləvi və guya məcburi ixtisarlar sayəsində qənaət elədiyi vəsaitlə şirkətin bütün strukturlarının rəhbər işçilərinin uzağı iki aydan bir qədər çox müddətdəki xərclərini, üstəlik şirkətin digər daxili xərclərini ödəyə biləcək. Hə, nə olsun?

Bir nümunə gətirim. İndiki dövlət başçısı İlham Əliyev ARDNŞ-də çalışarkən şirkətdə onun kimi cəmi daha iki vitse-prezident vardı. İndi isə 8 vitse-prezident var! Mikayıl İsmayılov uğurla işləyən və gəlir gətirən işçilərin heç bir nəticəsi olmayan kütləvi ixtisarına girişərkən kimi aldadırdı? Yoxsa kimsə doğrudan da aldanmaq arzusuna düşmüşdü?”

Maraqlı arqumentlərdir. Belə çıxır ki, hətta adi, sıravi fəhlə də problemin mahiyyətini “sərt qənaət” rejimi siyasətinin müəllifindən (ARDNŞ-də isə onu kinayə ilə “böyük ağıl sahibi” adlandırırlar) də yaxşı anlayır.

Bəlkə biz səhv edirik? Bəlkə bu Qafarov düz düşünmür? Axı uzaqdan baxana döyüş asan gəlir...

Onda gəlin məsələyə başqa prizmadan - faktların gözü ilə baxaq.

Neftin dayanmadan ucuzlaşması hətta BP, “Total” kimi neft nəhənglərini də radikal addımlar atmağa, işçilərini ixtisar etməyə məcbur edib. Amma bu ixtisarlar maaşı həmişə yüksək olan orta səviyyəli rəhbər işçiləri əhatə edib. İlkin statistik məlumatlara görə, bu təbəqədən olan işçilərin 25,8 faizi ştatdan çıxarılıb. Ümumi heyətdən ixtisara düşən fəhlələrin sayı isə cəmi 6,7 faiz olub. Böhran bu şirkətlərdə yüksək rəhbər vəzifələrdə işləyənləri də vurub. Onların maaşı 15-20 faiz arasında azaldılıb.

Neftin ucuzlaşması digər ölkələrdə də öz sözünü deyib. Məsələn, Rusiyada deputatların və məmurların maaşının 10-15 faiz azaldılması təklif olunur. Azərbaycanda isə manatın ucuzlaşmasına gedildi, tütün və içki məhsullarına yeni aksiz dərəcələri tətbiq edildi və s.

Bütün bunlar mümkün maliyyə zəlzələsindən qorunmaq üçün görülən tədbirlərdir.

Belə bir mürəkkəb vəziyyətdə bəs ARDNŞ nə edir?

Mikayıl İsmayılovun sərəncamına verilmiş maliyyə-təsərrüfat siyasətinə baxanda belə məlum olur ki, bütün dünyanı əhatə edən bu böhran ona milçək vızıltısı qədər gəlir. M.İsmayılov sərəncamındakı vəsaiti Bakı və İstanbulda yüz milyonlarla dollarlıq yeni ofislər almağa yönəldir.

Doğrudur, onun əcaib-qəraib məntiqinə görə, ARDNŞ bu xərcləri azmaaşlı işçilərin kütləvi ixtisarları hesabına dolduracaq.

Əlbəttə, anlamaq olar: böhran zolağı gələndə kadr islahatı aparmaq istənilən şirkətdən ötrü vacib və zəruri məsələyə çevrilir. 65 min nəfərin çalışdığı ARDNŞ kimi şirkətdən ötrü isə bu, daha vacib və həyati əhəmiyyətli məsələdir. Amma bir şərtlə ki, ona rasional yanaşma ola. Şirkətdəki bu volyuntarist kadr islahatı ştat vahidi yalandan şişirdilmiş, özü də eyni işlə məşğul olan, bir-birini təkrarlayan çoxsaylı strukturları nədənsə əhatə etmir. Məsələn, ARDNŞ-də hansısa bir adi şöbənin rəisinin birdən-birə üç müavini var. Bu, kimə gərəkdir axı?

Ştatların şişirdilməsinə daha bir parlaq nümunə. Yalnız neft hasilatı sahəsində 100 nəfərdən çox yüksək maaşlı rəhbər işçi çalışır!

Yaxud başqa bir absurd. ARDNŞ-in indiki strukturunda indi o qədər idarə və şöbə var ki, onları şirkətin hətta təcrübəli əməkdaşları da ayırd eləyə bilmir - hamısı bir-birini təkrarlayır və biri-birinə qarışır.

Aydın məsələdir ki, neçə idarə və şöbə varsa, o qədər də müdir-rəis, onların da hərəsinin bir neçə müavini var. Özü də bu müavinlərin çoxu həmin vəzifəyə peşəkarlıq göstəricilərinə görə yox, əsasən qohumluq-tanışlıq əlaqələrinə görə təyin olunublar.

ARDNŞ-dəki işləri araşdıranda dəqiqləşdiridiyimiz fakt budur: yaxşı maaşlı iş və yüksək status arzusunda olan qohum-əqrəbanın sayı şirkətdəki belə iş yerlərinin sayından çox olanda orada adətən yeni şöbələr yaradılıb, təzə qurumlar isə indiyə qədər mövcud olan strukturu təkrarlayıb.

Məsələn, Mikayıl İsmayılovun Elman Qasımov adlı yerlisi və yetirməsi var. Bu adam təchizat şöbəsinin müdiri olana qədər çox kasıb olub, qohum-əqrəbasının köməyi ilə dolanıb. Lakin təchizat şöbəsinin müdiri vəzifəsinə keçəndən sonra əsl oliqarxa çevrilib. Bu şöbə neft kəmərləri ilə məşğuldur. Deyilənlərə görə, neft boru kəmərlərini məhz E.Qasımovun nəzarəti altında kəsib-doğrayır və qara bazarda satırlar. Nəticəsi də pis deyil. E.Qasımov özünə saraylar ucaldıb, bahalı maşınlar alıb. Üstəlik bütün yaxın qohumlarını bu şöbədə işə düzəldib...

ARDNŞ-də demək olar ki, şəxsi bir qurum olan Ekologiya Departamenti də var. Bu qurum ekologiya sahəsində yaranan problemlərə məsuldur. Maraqlıdır ki, ARDNŞ-in tərkibindəki “Azneft” İstehsalat Birliyinin də ekologiya şöbəsi var. Lakin ARDNŞ-də belə hesab ediblər ki, bu iki qurum çox azdır və birini də yaradıblar. Adını da “Eko” qoyublar...

Lakin bunların heç birinin M.İsmayılovun “qənaət proqramı”na dəxli yoxdur. Böhranla məşğul olmaq, bu problemin içinə girmək onun nəyinə lazımdır axı? Ən rahatı neftçilərin ən aztəminatlı hissəsini bir parça çörəkdən məhrum etməkdir. Bir də axı ən təcrübəli işçilərin küçəyə tökülməsi kimi narahat edəcək ki?!

Ən maraqlısı da budur ki, şirkətin bu işçilərin ixtisarından sonra da əslində heç nəyə qənaət etməməsi də heç kəsin vecinə deyil. Qənaət yoxdur, narazılıq isə nə qədər desən... Üstəlik əvvəl necə idisə, indi də elədir: ARDNŞ-in pulları hələ də naməlum istiqamətlərə axaraq yoxa çıxmaqda davam edir.

Apardığımız araşdırmalar və şirkətə yaxın mənbələrin virtualaz.org saytına verdiyi məlumatlar da göstərir ki, şirkətə məxsus milyonların kənara axıdılmasının kanallarından birinin arxasında məhz saxta islahatçı Mikayıl İsmayılov dayanır. O, ARDNŞ çətiri altında özünə böyük bir biznes imperiyası qura bilib.

ARDNŞ-in avtomobil parkından başlayaq. Bu parkın balansında 1000-dən çox avtomobil var. Şirkətin hətta orta ranqdan olan hər bir rəhbər işçisi “Cadillac” və “Chevrolet” markalı bahalı xidməti maşınla təmin olunub. Bu “icad” da təsadüfi deyil. Yox, söhbət bu maşınların texniki parametrlərindən də getmir. Məsələ çox sadədir. Bu bahalı maşınları Azərbaycana yalnız bir nəfər gətirib satır - Mikayıl İsmayılov. Bəli, məhz ARDNŞ-in həmin vitse-prezidenti... “Cadillac Bakı Mərkəzi” və “Chevrolet Azerbaijan” diler firmalarının sahibi odur.

Amma təkcə bunlar da deyil. ARDNŞ-in balansında olan bütün bu avtomobillərə bəlli texniki xidmət mərkəzlərində texniki xidmət göstərilir və bu zaman yalnız “Repsol”, “Dew”, “Ekcellent”, “Maqnium” markalı motor yağlarından istifadə edilir. Həmin texniki xidmət mərkəzləri isə Mikayıl İsmayılova məxsusdur. Bu markadan olan motor yağlarını da ölkəyə yalnız M.İsmayılov gətirib satır.

M.İsmayılov ARDNŞ-dəki yüksək xidməti vəzifəsindən istifadə edərək şirkət üçün məhz öz firmalarından minlərlə belə bahalı avtomobil alıb. ARDNŞ həmin avtomobillərə texniki xidmətə görə də öz bacarıqlı işçisinin firmalarına hər ay yüz minlərlə manat ödəyir. Belə-belə işlər...

M.İsmayılov bu yollarla qazandığı pulları nə banklarda, nə də yastığın altında saxlamır. Həmin pulları qeyri-neft sektoruna, amma daha gəlirli sahələrə yatırır. Azərbaycanda ən böyük təbii meyvə şirəsi istehsalı zavodlarından biri ona məxsusdur. Bu zavodun məhsullarının qutusunun üzərində “Azgranat” yazısını görə bilərsiniz. M.İsmayılov öz əlaqələrindən istifadə edərək “Vita1000” əmtəə nişanlı məhsulların bu növdən olan digər məhsulları bazardan sıxışdırmasına nail olub. “Vita1000” bu uğuruna görə, öz keyfiyyətinə və ya qeyri-adi dadına yox, M.İsmayılovun “döyüşkən ruhu”na borcludur. Bu “mübariz ruh”u ona rəqiblərinə divan tutmaq imkanı verir.

Sözügedən şirə zavodu M.İsmayılovun doğulub boya-başa çatdığı Ağsu rayonunda yerləşir. Onu təkcə zavod adlandırmaq da doğru olmazdı. Təxminən 9 hektar ərazidə yerləşən bu zavod böyük bir istehsal kompleksi deməkdir. Bu müəssisənin ərazisində hətta şəxsi otel də var. Deyilənlərə görə, həmin otel əhlikef adamların dincəlməyi sevdiyi özəl bir məkandır...

ARDNŞ-dən oğurlanmış milyonlarla dollar hesabına öz biznes imperiyasını qurmuş vitse-prezident isə indi - iqtisadiyyatdakı bu qlobal fors-major vəziyyətində böhrandan çıxmağın çox əcaib-qəraib yolunu göstərir. Bu “çox ağıllı” proqramın qəribəliyi ondadır ki, orada məqsəd köhnə platformaların üstündə dayanıb işləməklə həyatını təhlükəyə ataraq ayda 400-500 manat maaşa işləyən neftçilərin kütləvi ixtisarına nail olmaqdan ibarətdir.

Amma əgər M.İsmayılov öz iştahına bir “dur” desəydi və şişirtmə ştat cədvəllərinə son versəydi, onun bu proqramının mahiyyəti köklü şəkildə dəyişə bilərdi. Hər halda günahsız və imkansız adamlar çörəkpullarından məhrum olmazdı...

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam