Putinin düşməninə vəzifə verməyin anlamı: MİXAİL SAAKAŞVİLİ "İSLAHATÇI" ADINI FƏRMANLA GERİ ALDI
Pavel Tarasenko
“Kommersant”, 08.05.2020
Yenixeber.org: Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna Prezidenti yanında Milli İslahatlar Şurasının tərkibinə daxil olan Ukrayna İslahat İcraiyyə Komitəsinin rəhbəri təyin edilib. Dövlət başçısı Vladimir Zelenskinin sözlərinə görə, bu siyasətçi ölkədəki islahatlara “təkan verə biləcək”. Bununla belə, söhbət 2018-ci ildən bəri fəaliyyəti faktiki olaraq dondurulmuş məşvərətçi orqandan gedir. Cənab Saakaşvili baş nazirin müavini kimi yüksək status ala bilməyib.
Cümə axşamı sərəncam imzalayan prezident Vladimir Zelenski deyib: “Mixail Nikolozoviçi yeni məsul çağırış münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, o, Milli İslahatlar Şurasına təkan verəcək və ölkənin həyatında mühüm dəyişikliklərin həyata keçirilməsinə kömək edəcək”. Eyni sərəncamla biznes nümayəndəsi – “İnternet İnvest Group” holdinqinin, “İmena.ua” və “Mirohost” İnternet şirkətlərinin prezidenti Aleksandr Olşanski Mixail Saakaşvilinin müavini təyin edilib. Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Xatırladaq ki, (təkcə Gürcüstanın eks-prezidenti deyil, həm də Odessa vilayətinin keçmiş qubernatoru olmuş) Mixail Saakaşvilinin Ukrayna siyasətinə qayıdışı aprelin sonlarında, Kiyevdə hökumətə təyin olunacağı ilə bağlı şayiələr yayıldıqdan sonra başlayıb. Tezliklə özü “Facebook”-da təsdiqləyib: “Ukraynada hazırkı qlobal iqtisadi böhranı ən az itki ilə başa vurmaq və bütün çətinliklərin öhdəsindən gələ bilmək üçün Prezident komandası, Ukrayna parlamentindəki bütün vətənpərvər qüvvələrlə və cəmiyyətdəki digər siyasi qüvvələrlə birlikdə işləməyə hazıram. Komandanın etibarlı üzvü olmağa və insanlar üçün faydalı bir şey etməklə, Ukrayna xalqı üçün əlimdən gələni etməyə ümidliyəm”.
Beləliklə, keçmiş prezident və sabiq qubernatora Ukrayna hökumətinin islahatlar üzrə baş nazirinin müavini vəzifəsi təyin iolunacağı aydınlaşıb.
Ancaq təyinat proseduru problemlə qarşılaşıb. Hakim partiyanın millət vəkili Nikita Poturayev “Kommersant”-a bildirib ki, aprelin 23-də cənab Saakaşvili partiyadaşları ilə görüşüb. Bəlli olub ki, deputatların vahid mövqeyi və təyinata zəmanət yoxdur. Nəticədə, cənab Saakaşvili islahatlarla əlaqəli başqa bir mövqe tapıb, lakin o, nəzərəçarpacaq dərəcədə kiçikdir.
Milli İslahat Şurası 2014-cü ildə Petro Poroşenkonun fərmanı ilə yaradılan Ukrayna Prezidenti yanında məşvərətçi bir qurumdur. Məqsəd – vahid islahat siyasətinin həyata keçirilməsi ilə bağlı strateji planlaşdırma və mövqelərin əlaqələndirilməsidir. Milli Şuranın tərkibinə baş nazir və digər kabinet nazirləri, parlamentin spikeri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Milli Bankın sədri, Ali Rada komitələrinin sədrləri və parlament fraksiyalarının rəhbərləri daxildir. Şura qanunvericilik təşəbbüsü hüququna malikdir, yəni qanun layihələrini Radaya təqdim edə bilər. Vladimir Zelenskinin rəhbərliyi altında şura əslində, işləməyib: son iclas 2018-ci ilin martında keçirilib. O vaxtdan bəri Milli Şuranın sosial şəbəkələrdəki səhifəsi belə yenilənmir.
Mixail Saakaşvili təyinatını mayın 4-də “Ukrayna 24” telekanalındakı “Vremya Qolovanova” verilişində elan edib. O deyib: “Prezidentin özü təyinatı yaxın günlərdə elan edəcək. Mən onunla və Prezident Aparatı ilə, eləcə də müxtəlif parlament rəhbərləri ilə məsləhətləşdim. Prezident müxtəlif variantları nəzərdən keçirib, bunu açıqlayacaq”.
Eyni zamanda, siyasətçi efirdə müasir Ukraynaya baxışı barədə bir sıra açıqlamalar verib. “Ukrayna mənə qumla oynayan uşağı xatırladır, ətrafını od bələyib, uşaq isə valideynlərinin gəlib onu götürüləcəyini düşünür. Ana-ata yoxdur, böyüməyimiz lazımdır”, – Mixail Saakaşvili bildirib.
O, efirdən (həm koronavirus, həm də bu il aşağı məhsuldarlığa görə) ölkəni çətin günlərin gözlədiyi xəbərdarlığı edib.
Mayın 6-da “Deutsche Welle” ilə söhbətində cənab Saakaşvili bunu açıq şəkildə bildirib ki, ilkin orijinal planlar həyata keçirilmədiyi üçün üzülüb. “Hər şeyi bir anda etməyə həvəsim yoxdur. Baş nazirin müavini vəzifəsi müəyyən funksiyalarla məhdudlaşır. Siyasi baxımdan bu, yüksək mövqedir, amma eyni zamanda, o, portfelsiz nazirdir”.
Qeyd edək ki, Mixail Saakaşvilinin baş nazirin müavini vəzifəsinə təyin olunması fikrinin rədd edilməsi və Milli Şuradakı vəzifəsinin məhdudlaşdırılması qərarı beynəlxalq qalmaqalın qarşısını almağa imkan verib.
İlkin planlar eks-prezidentə misilsiz mənfi münasibət bəsləyən hazırkı Gürcüstan hakimiyyətində qəzəb doğurub. Parlamentin sədri Arçil Talakvadze deyib: “Əgər belə bir qərar qəbul edilsə, fikrimcə, bu, ölkələrimiz arasında siyasi əməkdaşlığa ciddi zərbə vuracaq. Belə bir qərar Gürcüstan üçün anlaşılmaz və qəbuledilməz olacaq”.
Xatırladaq ki, bundan əvvəl Tiflisdəki bir məhkəmə keçmiş prezidentə 2 cinayət işində üç və altı il həbs cəzası kəsib. Birinci iş vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlıdır: 2006-cı ilin yanvarında gənc bankir Sandro Qirqvlianinin oğurlanması və ölümündə ittiham olunan yüksək vəzifəli polis məmurlarının susması müqabilində cinayətin ört-basdır edilməsi və sonrakı əfv. İkinci –2005-ci ildə bir qəzetə verdiyi müsahibədə Sandra Rulofsu təhqir edən , deputat və iş adamı Valeri Gelaşvilinin döyülməsinin təşkili.
Bu il ərzində sabiq prezident qarşı daha iki cinayət işində – dövlət vəsaitlərinin mənimsənilməsi və 7 noyabr 2007-ci ildə müxalifətin mitinqinin amansızcasına dağıdılmasına görə cəzalandırıla bilər.
Mayın 6-da Gürcüstan parlamenti sədrinin müavini Mamuka Mdinaradze Ali Radadan olan ukraynalı vəzifədaşına Mixail Saakaşvilinin baş nazirin müavini vəzifəsinə namizədliyinin nəzərdən keçirilmədiyi üçün təşəkkür edib: “Mən Rada və həmkarlarımıza ehtiyatlılıqlarına və mövqelərimizi bölüşdüklərinə görə təşəkkür edirəm… Əminəm ki, amillərdən biri dost ölkədə hər hansı bir siyasi vəzifəyə cinayətkarın təyin edilməməsi barədə müraciətimizdir”.
Mixail Saakaşvilinin baş nazirin müavini təyin edilməsi təşəbbüsünə Moskvada da mənfi rəy olub.
Ancaq onun İslahatlar üzrə İcraiyyə Komitəsinin rəhbəri vəzifəsinə təyin olunması da müəyyən siqnal sayıla bilər. “Maraqlıdır ki, Zelenski Ukraynadakı rusiyapərəst medianın güclü informasiya hücumuna və Rusiya təbliğatının ümumi ağırlığına baxmayaraq, bu təyinatla bağlı qərar verib, – deyə Ukraynanın “Censor.NET” nəşrinin baş redaktoru Yuri Butusov öz “Facebook” səhifəsində yazıb. – Rəmzi olsa da, Putinin şəxsi düşmənini təyin etmək mühüm siqnaldır. Diplomatiya baxımından bu, vacib addımdır”.
Tərcümə: Strateq.az