Putinin siyasi vəsiyyəti -Azərbaycanı nə gözləyir?
Bəs, Putin niyə bu qədər önəmlidir? Təkcə ona görəmi ki, son 20 ildə Kremlə sahiblik edib? Yalnız o səbəbdənmi ki, Putin dünya çapında güclü siyasi liderdir? Bəlkə milyonlara sahib bakılı Lukoil prezidenti ilə uzun illərdir işləməsi səbəbindən bu qədər önəm veririk onun personasına? Bəlkə Qarabağ məsələsində həlledici mövqenin Putinə aid olmasıdır bu diqqəti doğuran? Bunların hamısı səbəblər sırasında var. O cümlədən, Rusiyaya, onun prezidentinə şəxsi simpatiyası olan, milli komandalarına azarkeşlik edənlər də var ki, bunlar təbiidir. Amma bunların heç biri «niyə Rusiya, niyə Putin» sualına birmənalı cavab vermir. Çünki çoxları belə hesab edir ki, nə qədər Rusiya Ermənistanın qulağını burmayıb, ona «işğal etdiyin(m) torpaqlardan çəkil» əmri verməyib, üstəlik, nə qədər Putin prezidentdirsə… Qarabağ məsələsində bizim istədiyimiz olmayacaq. Pessimistlər hətta düşünür ki, Putinin siyasi arenadan getməsi, onun yerinə bir Nikolayın gəlməsi belə təməlli heç nəyi dəyişməyəcək. Siyasətin dəyişməsi üçün Rusiyanın zəifləməsi lazımdır. Yəni o həddə zəifləməsi ki, Kremldən zəng gələndə Ermənistan rəhbərinin «tı kto takoy , davay do svidaniya» deyəcək dövr yetişsin, biz də Rusiya faktorunun aradan qalxmasından sonra Ermənistanla haqq-hesabımızı özümüz çəkək. Necə ki, Türkiyə prezidenti Ərdoğan Putinə son İdlib krizisi zamanı telefonda beləcə də demişdi: «Sənin Suriyada nə işin var? Ortadan çəkil, biz rejimlə(Əsədlə) təkbətək qalaq».
Putin və Vahid Ələkbərov
Məlum-Rusiya və Putin indi çox ciddi siyasi seçim ərəfəsindədir. Putin yanvarda konstitusiyaya düzəlişlər təklif edib. Son 20 ildə ilk dəfədir ki, Rusiyanın ali qanununa düzəlişlər edilməlidir. Düzəlişlər dövlət dili məsələsindən tutmuş, ailə, minimal əmək haqqı, məmurların xaricdə mülklərinə, ərazi bütövlüyünə qədər geniş spektri əhatə edir. Parlamentə daha geniş səlahiyyətlər verilməsi, Dövlət Şurasını hakimiyyətdə mövqelərinin möhkəmləndirilməsi və sair məsələlər var. Parlament martın 10 və 11-də düzəlişləri qəbul edib son variantı prezidentə göndərməlidir. Rusiyanın müstəqil analitikləri düşünür ki, düzəlişlərlə bağlı digər təkliflər yalnız hədəfi Putindən yayındırmaq məqsədi daşıyır. Belə ki, Putin hakimiyyətdə qalmaq üçün fərqli hüquqi yollar axtarır. Daha bir qism isə iddia edir ki, Putin öz varisi üçün çalışır, onu əvəz edəcək şəxsin daha asan idarəetməsi üçün dəyişikliklər təklif edir. Bunların hansının həqiqət olduğunu isə bilən yoxdur.
Son günlər Putin özü də bu suallarla qarşılaşıb. Amma cavablar Putinin sonrakı niyyətini açıqlamaq üçün yetərsizdir. Məsələn, Putin deyib ki, o, hakimiyyətdə qalmaq üçün sinov getmir, onun üçün önəmli olan ölkənin sonrakı taleyidir. Rusiya prezidenti ölkənin parlament üsul- idarəsinə qarşı olduğunu deyib. Onun fikrincə, Rusiyada partiyalar idarəetməni bacaracaq qədər inkişaf etməyib. Putinə hər iki məsələdə haqq vermək olar. Putin kimi bacarıqlı və qətiyyətli lider Rusiyanı təkcə parçalanmaqdan xilas etmədi, bu ölkəni bir çox çıxılmazlara saldı. Ukrayna ilə düşmənçilik, Krımın ilhaqı Rusiyanın tarixində bir sağalmaz yara kimi qalacaq və Putin nə vaxtsa hakimiyyətdən gedəndə Rusiya bunun üçün cavab verməli olacaq. Partiyaların idarəetmədən geri qalması da, elə onun rəhbərlik etdiyi siyasətin günahıdır.
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova isə həftəsonu sensasiyalı sayılacaq açıqlama ilə yadda qalıb. O, deyib ki, konstitusiya referendumu biznes lanç kimidir. «Kim nə istər onu yeyər, yemədiyini isə zibil yeşiyinə atar». Pamfilova əlavə edib ki, düzəlişlər Putinin siyasi vəsiyyətidir. Rus təhlilçilər hesab edir ki, bu, olsa-olsa Leninin ölümqabağı qurultaya məktubu ilə müqayisə oluna bilər. Aydındır ki, Lenin məlum müraciətində Stalin, Trotski və digər rəqiblərini ittiham etmiş, kollegial idarəetmə məsləhət bilmişdi…Nəticədə isə hakimiyyət Stalinin əlinə keçmişdi...
Ella Pamfilova
Putinin rəsmi olaraq son prezidentlik müddəti 2024-cü ildə başa çatır. Yəni gec-tez onun hakimiyyətdən getməsi reallaşacaq. Onun hakimiyyətdən getməsi isə hakimiyyət daxilində mübarizəni şiddətləndirəcək. Rusiyanın tarixində belə faktlar olub: II Pyotr və Stalinin vəfatından sonra olduğu kimi. Rus nəşrləri yazır ki, Rusiya çevrilişlər və repressiyaları deyil, Brejnev dövründən sonra başlamış demokratiyanı seçəcək…(musavat)