Yenixeber.org: Türkiyə – Rusiya münasibət­lərinin pozulması dinamikası, Suriyada İdlib “qazanının” yenidən qaynaması fonunda Avrasiyanın iki böyük dövlətləri arasında münasibətlər daha da mürəkkəbləşməyə doğru gedir. Uzun müddətdir ki, rəsmi Ankara və Moskva arasında danışıqlara baxmayaraq, Suriyanın şimalında başverənlər bu danışıqlar prosesinin lazımsız olduğunu nümayiş etdirir. Hazırda proseslərin gedişindən belə məlum olur ki, xüsusilə İdlib məsələsində Ankara ilə Moskvanın mövqe fərqləri qalmaqdadır. Kreml açıq şəkildə Dəməşqin mövqeyini hər kəsin qəbul etməsini tələb edir. İdlibə gəldikdə isə burada vəziyyət sadə deyil.

Bu baxımdan Moskvanın Türkiyənin cənub sərhədlərinin təhlükəsizliyi ilə bağlı fikirləri maraqlıdır. Prezident V.Putin bəlkə də çoxları üçün gözlənilmədən Türkiyənin təhlükəsiz bölgə yaratmaq fəaliyyətini dəstəklədiklərini bəyan edib. Yəni məsələ həmin bölgəni konkret olaraq kimlərlə yaratmaqda deyil. Əslində, Rusiya üçün ən yaxşı variantlardan biri məhz Türkiyənin bu prosesdə iştirak etməsidir. Çünki Ankara həqiqi mənada Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasında maraqlıdır. Türkiyə terrorla mübarizəsində bu məqamı daim vurğulayır. Bu səbəbdən hətta amerikalıların iştirak etdiyi bir layihədə türklər Suriyanın ərazi bütövlüyünün pozulmasına imkan verməyəcəklər.

Rusiyanın dövlət başçısı bütün bunları daha yaxşı bilir. Deməli, Rusiya–Türkiyə münasibətlərində müəyyən mürəkkəblik yaranırsa, burada üçüncü tərəfin konkret mexanizmlərindən söhbət gedə bilər. Bu məsələdə Amerika Birləşmiş Ştatlarının Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsində maraqları aydındır. Hər iki dövlətin biri-birilərinə yaxınlaşmasını, eləcədə iqtisadi tərəfdən inkişafını, ABŞ həzm edə bilmir. Çünki Suriya müharibəsində uduzan tərəf məhz ABŞ olub. Bir sözlə artıq regionda ABŞ yox, indi soz sahiblərindən olan Rusiya və Türkiyədir.

O da aydın məsələdir ki, hazırda Rusiya İdlibdə üstünlüyə malik olmağa çalışar. Moskva Suriyanın bütün ərazisində B.Əsədin nəzarətini arzulayır. Bunun üçün isə yeni konstitusiyada B.Əsədin daha möhkəm mövqe tutmasına nail olmaq gərəkdir. İdlibdə hətta mötədil müxalifət belə üstünlük təşkil etsə, B.Əsədin mövqeyi zəifləyəcək. Belə çıxır ki, əsas məsələ İdlibdə hansı nöqtəyə kimin hücum etməsində deyil, bütövlükdə siyasi, hərbi və geosiyasi üstünlüyün kimin tərəfində olmasındadır. Rusiya döyüş meydanında məhz bu üstünlüyü təmin etməyə cəhd göstərir. Bəlkə ona görədir ki, ara-sıra Türkiyə ordusunun mövqeləri hücuma məruz qalır. Sonuncu belə hücumlardan biri fevralın 27-də Suriyanın şimalında Türkiyə ordusunun hərbi konvoyuna endirilən güclü hava zərbələri oldu və nəticədə 33 türk hərbiçisi həlak olub. Lakin Türkiyə də bu hücumu cavabsız qoymayıb. Türkiyə ordusu Bəşər Əsəd qüvvələrinin yerləşdiyi bir neçə hərbi bazasını agır artileriya və pilotsuz uçan aparatlar (PUA) vasitəsilə aviazərbələr endirib. Nəticədə B.Əsəd qüvvələri də xeyli sayda itki verməklə böyük hərbi texnika da məhv edilib. Bununla Türkiyə bir daha göstərir ki, İdlib məsələsində geri çəkilmək niyyətində deyil.

Məsələ ondadır ki, İdlib Suriyanın mühüm ərazilərindən biri sayılır. İdlib əyaləti Əsədə qarşı vuruşan üsyançı və cihadçıların son istehkam yeridir. Bu bölgədə hərbi uğurların Suriya hakimiyyəti üçün nəhəng siyasi və iqtisadi dividentləri ola bilər.

Qələbə qazanacağı təqdirdə Əsəd ordusu ölkənin bütün nəqliyyat sisteminin əsasını təşkil edən M4 və M5 yollarını tamamilə nəzarət altına ala bilər. Ankara isə İdlibi bu bölgədə özünün təsir zonası hesab edir. 2016-cı ildən bəri Türkiyə ordusu ilə müttəfiq suriyalı üsyançılardan ibarət qüvvələr Suriyanın şimalında əməliyyatlar keçirib. Türkiyə tərəfindən dəstəklənən, təlim və təchiz olunan qüvvələr də məhz İdlibdə yerləşir. Əgər Erdoğan kürd silahlıları ilə mübarizədə ona kömək edən müttəfiqlərini tərk etsə, bu, onun Türkiyə daxilində reytinqinə xələl gətirə bilər.

Hazırda hadisələrin gedişatını proqnozlaşdırmaq çətindir. Vəziyyətin həll olunmasına dair Moskva ilə Ankaranın diplomatik cəhdləri hələ ki, ortaya konkret bir nəticə qoymayıb. İndi belə başa düşülür ki, İdlibdə ­qarşıdurma hələ davam edəcək. Orada müxalifət B.Əsəd və ona yardım edən kənar qüvvələrin hücumuna qarşı dirəniş göstərməkdə davam edəcək.

Digər məqam ondan ibarətdir ki, Rusiya və Türkiyə İdlibdəki anlaşılmazlığa rəğmən, əməkdaşlığı davam etdirməkdə maraqlıdırlar. Hətta hərbi sferada daha da geniş əlaqələrdə maraqlı olduqlarını göstərirlər. Bəzi ekspertlərin təqdim etməyə çalışdığı kimi, Türkiyə kimsənin yanında dayanmır, əksinə, müstəqil regional güc kimi geosiyasi mübarizədə əzmlə və qətiyyətlə iştirak edir. Kənardan belə görünə bilər ki, Ankara gah ABŞ-a, gah da Rusiyaya üz tutur. Amma bu qətiyyən elə deyil, Ankara hər iki istiqamətdə öz müstəqil sözünü deyir və göstərir ki, o, artıq müstəqil marağa və mövqeyə malik güclü dövlətdir. Hətta son hadisələr də onu göstərir ki, Kreml bunu qəbul etməyə məcburdur.

Orxan Məmmədli