İrəvan diplomatik və iqtisadi iflasda - Bakı hücum mövqeyinə keçir

Ermənistana sərmayə yatıran yoxdur, büdcə xərcləri, borclar, ictimai narazılıq artır, “demokratik” Ermənistan maliyyə reytinqi üzrə daha 6 pillə geriləyib, Qarabağ yalanları isə artıq yerimir...
Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyanın inqilab öncəsi vəd elədiyi cənnət nağıllarına rəğmən, ölkə əhalisinin güzəranı ağır olaraq qalır. Bu müddətdə ölkədən kütləvi köç azalmayıb, ona görə ki, “məxməri inqilab”dan keçən ilyarımda nə vəd olunan sayda yeni iş yerləri açılıb, nə də xaricdən iqtisadiyyata böyük həcmdə sərmayələr cəlb etmək mümkün olub. Çünki heç kim blokada şəraitində olan və Rusiyanın ucqar quberniyası statusu daşıyan vassal, marionet bir ölkəyə pul-para vermək istəmir.
Bu üzdən ölkədə sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşmaqdadır. Böhran artıq özünü bütün sferalarda göstərməkdədir. Məsələn, bugünlərdə məlum olub ki, Ermənistanda yüzlərlə hərbçi və digər güc strukturlarının işçiləri xidmət illərində toplanmış məzuniyyət pullarını ala bilmirlər. Dövlətin hərbi qulluqçulara borcu milyonlarla dollar həcmində qiymətləndirilir. Ermənistan Müdafiə Nazirliyində faktı təkzib etməyiblər.
“2018-ci ilin aprelində bizə iqtisadi inqilab vəd etdilər. Yaxşı yaşayacağımıza söz verdilər”. Bunu isə “Karyak Media”nın direktoru, jurnalist Aram Antinyan deyib. Onun sözlərinə görə, əgər keçən ilin dövlət büdcəsi keçid büdcə sayıla bilərdisə, bu gün bütün makroiqtisadi göstəricilərdə azalma olduğunu təəssüflə qeyd etmək lazım gəlir. Erməni jurnalistə görə, hakimiyyət bilir ki, iqtisadiyyatın real sektoruna birbaşa xarici sərmayə keçən ilin yanvar-iyun ayları ilə müqayisədə 5 dəfə azalıb.
O, Paşinyanın Qarabağla bağlı səsləndirdiyi bəyanatı da tənqid edib: “Qarabağ Ermənistandır və nöqtə” deyərək, danışıqlar təhlükə altına atılır, amma hərbi xərclər azaldılır: “Son dərəcə riskli bir şey etdilər - müharibə olmayacağına ümid edib büdcə hazırladılar - baxmayaraq ki, müharibə etmək üçün əllərindən gələni edirlər”.
*****
Bu arada Ermənistanın beynəlxalq maliyyə reytinqi üzrə də gerilədiyi məlum olub. Belə ki, Dünya Bankının “Doing Business 2020" hesabatında ölkə altı pillə geriləyib. Ötən ilin hesabatında 41-ci yeri tutan Ermənistan bu il reytinq cədvəlində 47-ci yerə düşüb. Lakin Dünya Bankının İrəvan ofisi bunun səbəblərini açıqlamayıb.
Azərbaycan “Doing Business”in hesabatlarında hər il daha irəliyə getdiyi təqdirdə düşmən ölkə Ermənistan, əksinə, geriyə doğru gedir. Ekspertlərin fikrincə, bu geriləmə ölkədə məhz sərmayə mühitinin və azad biznes üçün şəraitin pisləşməsi ilə bağlıdır. Həmçinin, Paşinyan hökumətinin yarıtmaz iqtisadi siyasəti və verdiyi vədləri tutmaması ilə birbaşa əlaqədardır.
İqtisadçı ekspertlərə görə, sosial layihələrin icra edilməməsi, ölkəyə böyük investisiyaların yatırılmaması Ermənistanın iqtisadi durumunu iflic vəziyyətə salıb. Bu səbəbdən vaxtilə Paşinyanı hakimiyyətə gətirmiş kütlə də artıq hökumətdən narazılığını dilə gətirməyə başlayıb.
*****
İşğalçı ölkənin iqtisadiyyatı ilə yanaşı, diplomatiyası da bir-birinin ardınca zərbələr yeməkdə, ağır günlərini yaşamaqdadır. İrəvanın Qarabağ yalanlarına “Valday” forumundan vurulan tutarlı zərbə, ardınca Aşqabaddan, daha sonra Bakıda keçirilən Türk zirvəsi və Qoşulmama Hərəkatının XVIII sammitindən dünyaya car çəkilən həqiqətlər, Azərbaycanın haqq işinə 120 dövlətin toplam şəkildə yazılı dəstək bəyanatı və Ermənistanı işğalçı kimi tanıması, işğal altındakı ərazilərimizdə yaradılmış qondarma qurumun heç vaxt tanınmayacağı haqda vəd yəqin ki, hələ uzun müddət ermənilərin yadından çıxmayacaq.
“Bakı sammiti Qarabağ münaqişəsinin dünya gündəminə gətirilməsində müstəsna rol oynayacaq”. Bu sözləri türk politoloq və ekspert Engin Özər deyib (axar.az). Ekspertin sözlərinə görə, Qoşulmama Hərəkatı XVIII sammitinin Azərbaycanda keçirilməsi və sədrliyin Bakıya həvalə edilməsi önəmli uğurdur.
“İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın geosiyasi mövqeyi və baxışı Qoşulmama Hərəkatının siyasi istiqaməti ilə üst-üstə düşür. Azərbaycanın regiondakı əhəmiyyəti və təsiri də gündən-günə artmaqdadır. Nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatının gücü və üzvlərinin sayı artır. NATO, KTMT-yə qoşulmaq istəməyən yüzlərlə ölkə var. Qoşulmama Hərəkatı bu ölkələrin blokuna çevrilməkdədir. Bu gün etibarilə BMT-dən sonra dünyadakı ən böyük təşkilat Qoşulmama Hərəkatıdır. Bu cür böyük bir təşkilatın zirvə görüşünün Azərbaycan tərəfindən layiqincə təşkili və keçirilməsi Bakının xarici siyasətinin böyük uğuru hesab olunmalıdır”.
Ekspert bildirib ki, dünənədək Azərbaycan daha çox öz mövqeyini qorumağa çalışan bir ölkə idisə, bu gün artıq xarici siyasətdə söz sahibi bir ölkəyə çevrilir: “Cənubi Qafqazda Azərbaycanın mövqeyinin xeyli gücləndiyinin şahidi oluruq. Bu, Azərbaycana Qarabağ münaqişəsini gündəmə gətirməyə yardım edəcək. Önümüzdəki mərhələdə Azərbaycan diplomatik əlaqələr qurmaqla rəsmi İrəvana daha çox təzyiq göstərə biləcək, dünya ictimaiyyətinə Qarabağ münaqişəsi daha aktiv şəkildə çatdırılacaq. Azərbaycan üçün gözəl bir mərhələ başlayır”.
*****
Belə ard-arda diplomatik zərbələr fonunda müdafiə naziri David Tonoyanın erməni jurnalistin “Qarabağ konfliktinin həllini necə təsəvvür edirsiniz” sualına “Yalnız qələbəni təsəvvür edirəm, Qarabağ məsələsi həll edilib” şəklində cavabı ən azından, təəccüb doğurur. Normalda isə bu, növbəti erməni həyasızlığıdır ki, var. Eyni zamanda avantürist Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır, nöqtə” tipində sərsəmləmələrinin davamıdır - hansının cavabını ki, Azərbaycan artıq ən yüksək səviyyədə verib.
Belə özündənrazı bəyanatlar şəksiz ki, həm də özünə təsəlli janrına aiddir və ilk növbədə daxili auditoriyanı aldatmaq cəhdindən başqa bir şey deyil. Çünki kim bilməsə də, erməni xalqı hamıdan yaxşı fərqindədir ki, Qarabağ konflikti hələ bitməyib. Hətta aylar öncə Paşinyan özü də etiraf elədi ki, Qarabağ müharibəsi bitməyib. Müharibə bitməyibsə, Qarabağ məsələsi necə bitə bilər?
Ordusuna, hərbçisinə düz-əməlli pul, maliyyə, ərzaq ayıra bilməyən, ölkədən kütləvi köçün qarşısını almaq gücündə olmayan, Ermənistana xarici sərmayələr cəlb edə bilməyən və yenə Qarabağa görə hələ də ağır blokada şəraitində yaşayan bir ölkənin hökumət üzvü necə iddia edə bilər ki, Qarabağ məsələsi bitib?
Məsələ bitibsə, nədən İrəvan Dağlıq Qarabağın ilhaqını hələ də rəsmiləşdirməyə və ya separatçı qurumu rəsmən tanımağa cürət eləmir? Qarabağ məsələsi bitibsə, o zaman niyə İrəvandan Xankəndinə - Xocalı aeroportuna mülki və hərbi təyyarələr uçma bilmir, Dağlıq Qarabağ erməniləri isə xaricə Ermənistan pasportları ilə çıxmalı olurlar? Qarabağ məsələsi artıq gündəmdə yoxdursa, o zaman ötən həftə BBC-nin “Hard Talk” proqramında erməni xarici işlər naziri Zöhrab Mnatsakanyanın aparıcının sərt sualları qarşısında gülünc duruma düşməsi nə idi? Ermənilərin Qarabağda cinayətlər törətdiyi və Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu haqda aparıcının suallarına Mnatsakanyan niyə cavab tapa bilmədi? Yaxud Qarabağ məsələsi bitibsə, niyə Fransa məhkəmələri işğal altındakı Azərbaycan şəhərləri ilə Fransa şəhərləri arasında imzalanmış “dostluq müqavilə”lərini bir-bir ləğv elədi?
Sualların sayını artırmaq da olar. Bizcə, kifayətdir. Məsələ ondadır ki, Qarabağ məsələsinin nə vaxt bitəcəyini əslində hamıdan yaxşı elə ermənilərin özləri bilir. O vaxt ki, erməni xalqı və onun başbilənləri, ideoloqları özünü aldanışa son qoyacaqlar.
Gerisayım başlayıb...
“Yeni Müsavat”