İrəvandan İsrail-Azərbaycan müttəfiqliyinə qarşı hiyləgər gediş - GƏLİŞMƏ
Erməni KİV-nin verdiyi məlumata görə, Ermənistan hökumətinin iclasında İsraildə - Təl-Əviv şəhərində səfirliyin açılması qərara alınıb.
Yenixeber.org: Xarici işlər naziri Zohrab Mnatsakanyan tərəfindən hazırlanan Nazirlər Kabinetinin qərarında deyilir: “İsrail dövlətində (iqamətgahı Təl-Əvivdə) Ermənistan Respublikasının səfirliyi yaradılsın”. Nazir söyləyib ki, İsraildə səfirlik açılması ikitərəfli əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək: “Bu addım Ermənistanın Yaxın Şərqdəki maraqlarını qorumağa və orada təmsilçiliyini genişləndirməyə yönəlib”.
Bildirilir ki, Ermənistanla İsrail arasındakı diplomatik münasibətlər 1992-ci ildən mövcuddur.
İsrail Xarici İşlər Nazirliyinin isə rəsmi İrəvanın səfirlik açmaq qərarını alqışladığı qeyd edilir. Vurğulanır ki, səfirliyin açılışı ölkələr arasında ikitərəfli münasibətlərdə yeni və əhəmiyyətli mərhələ olacaq.
Azərbaycan-İsrail münasibətlərinin daha da yaxınlaşdığı bir vaxtda Ermənistanın bu addımı hiyləgər gediş hesab olunur.
Düzdür, müəyyən geosiyasi səbəbələrdən Azərbaycanın hələlik İsraildə səfirliyi yoxdur. Ancaq bütün sferalarda iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir.
İsrailin isə Azərbaycanda səfirliyi fəaliyyət göstərir.
Ekspertlər bildirir ki, yəhudi diaspor təşkilatlarının dəstəkləri ölçüyə gəlməz. Hətta güclü erməni diasporu lobbiləri qarşısında yəhudi dostlarımızı yanımızda görmüşük, onların ciddi dəstəyini hiss etmişik.
Ermənistan yəhudilərin yaşamadığı, yəhudilərə heç də müsbət münasibəti olmayan bir ölkədir, bir tərəfdən də Ermənistan İranla çox sıx münasibətlərə malikdir.
Politoloq Nəzakət Məmmədova bildirdi ki, Ermənistan hökumətinin 19 sentyabr tarixli iclasında bu ölkənin İsraildə səfirliyin açılması barədə qərarın qəbul edilməsi gözlənilməz olub. Ən gözlənilməz isə İsrail XİN-in dərhal bu addımı alqışlamasıdır: “1948-ci ildə yaranmış İsrail dövləti Osmanlıdan qalma ərəb və erməni təbəələrlə qonşu olub. Lakin ermənilərin ərəblərlə daha çox birgəyaşayış təcrübəsi, ortaq məişəti meydana gəlib, nəinki yəhudilərlə. Ermənilər ərəblərlə birlikdə bir sıra terror təşkilatları yaratmış, Suriya, Fələstin, Livan və s. ərazilərində terror təlimləri keçiblər. Ermənistanın ərəb ölkələri ilə ənənəvi yaxın əlaqələri olub. İsrail uydurma erməni ”soyqırımı"nı tanımaqdan imtina etmiş, daima Azərbaycan və Türkiyə ilə yaxın əlaqələr saxlamışdır. Eyni zamanda, ermənilərin İsrailin əbədi düşməni İranla çox sıx əlaqələri mövcuddur. İndiyə qədər İsraildə Ermənistan səfirliyinin açılmamasının səbəblərindən biri məhz bu olub".
Politoloq ehtimal edir ki, bütün bunlara rəğmən yəhudi dövlətində Ermənistan diplomatik nümayəndəliyin açılması ABŞ və Rusiya arasında əldə edilmiş razılığa əsasən mümkün olub: “Məlumdur ki, Paşinyanın hakimiyyətə gəlməsinə Amerika Erməni Milli Assambleyası, ABŞ və Avropadakı digər erməni diaspor təşkilatları ilə yanaşı, ABŞ yəhudi lobbisi də dəstək verib. Bu dəstəyin verilməsində bir sıra amillər mühüm rol oynayıb. Onlardan ən əsası İran ətrafında baş verən proseslərdir. ABŞ və İsrailin Ermənistanda Paşinyanın timsalında özlərinə yaxın qüvvələri iqtidara gətirməsi İranı şimaldan nəzarətə almaq strategiyasının əsas hissəsidir. Ermənistanın İsraildə səfirliyinin açılması ABŞ-dakı müəyyən dairələrin, o cümlədən yəhudi lobbisinin dəstəyi əsasında baş verir. Eyni zamanda, Böyük Səkkizliyə qayıdan Rusiyanın ABŞ-a Ermənistanın İsraildə səfirliyinin açılmasında güzəştə getməsi mümkündür. Yəqin ki, İsrail baş naziri Netanyahunun Putinlə görüşündə bu məsələ müzakirə olunub və razılığa gəlinib. Ermənistana hərtərəfli dəstək verərək Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edən İran bundan sonra Ermənistanla münasibətində bunu nəzərə almalıdır. Azərbaycanın indiyədək İsraildə səfirliyi yoxdur, baxmayaraq ki, İsrail Azərbaycanla Ermənistandan daha yaxşı münasibətlərə malikdir”.
Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov isə modern.az-a deyib ki, hər bir dövlətin hansısa ölkədə səfirlik açması onun xarici siyasətinin leytmotividir, dövlət başçısının siyasətidir: “Ermənistanın əvvəl də İsraildə səfirliyi olub. Sonradan müəyyən məsələlər üzündən o səfirlik bağlandı. Bu da ölkələrin xarici siyasətində olan prioritetlərdən asılıdır. Ermənistan Cənubi Qafqazda düzgün siyasət aparmayıb. Ermənistanın İranla münasibətləri İsraili qıcıqlandırıb. Nəticədə bu ölkə səfirlikdən imtina edib. Ermənistanın İsraildə səfirlik açmaq məsələsi yenidən gündəmdə olsa da, bu o demək deyil ki, səfirliyin açılması yaxın günlərdə baş tutacaq. Sadəcə, rəsmi Yerevan öz təkliflərini verib.Hesab edirəm ki, bu məsələdən sensasiya yaratmaq olmaz. Bu, böyük faciə deyil. Ermənistanın İsraildə səfirlik açmasının Azərbaycana heç bir ziyanı yoxdur”.
Yəhudi parlamentari bildirib ki, Ermənistanın səfirlik açmaq istəyini Azərbaycanla müqayisə etmək doğru deyil: “Bizim İsraildə səfirlik açmamağımız ölkə prezidentinin kompetensiyasına daxil olan incə məsələdir. Bizi bu məsələdə Ermənistanla eyni səviyyədə qoymaq düzgün deyil. Məsələnin bu formada qoyuluşundan narazıyam. Azərbaycanın geosiyasi maraqları, yerləşdiyi mövqe başqa, Ermənistanın tutduğu mövqe isə tamam başqadır. Unutmaq olmaz ki, biz İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Söhbət ondan getmir ki, bu məsələdə İran faktoru ola bilər. O zaman İsrail məsələni başqa cür qoya bilər. Ermənistan İranla dostluqda heç də bizdən aşağı səviyyədə deyil”.
“Yeni Müsavat”