PAŞİNYAN İSRAİLƏ CAN ATIR:bu ölkədə Ermənistan səfirliyinin açılması Cənubi Qafqazda nəyi dəyişəcək? – Təhlil
Stanislav Tarasov
regnum.ru, 15.03.2019
Yenixeber.org: Bu günlərdə Ermənistandan xarici işlər nazirinin müavini Qriqor Ovanniysnaın başçılığıyla nümayəndə heyəti İsraildə olub. Heyətin tərkibinə Ermənistanın İsraildəki qeyri-rezident səfiri Armen Smbatyan, İsrailin Ermənistandakı fəxri konsulu Aşot Şahmuradyan daxil olublar. “İsrail-Ermənistan” beynəlxalq ictimai forumunun həmsədri Aleksandr Tsinker bununla bağlı bildirib ki, İsrail tərəfiylə görüşlərdə müxtəlif məsələlər, o cümlədən səfirliyin açılması, habelə İsrailin Ermənistana yeni səfirinin təyin edilməsi müzakirə olunub. O, qeyd edib ki, səfirliyin fəaliyyət göstərməsi bir sıra məsələləri həll edə, iqtisadi sahədə qarşılqlı təsiri yaxşılaşdırmağa, müxtəlif firmalar arasında təmasları yoluna qoymağa, ölkələr arasında əməkdaşlığın genişlənməsinə təkan verə bilər.
İndi İsrailin Ermənsitan səfiri Tiflisdə, Ermənistanın İsrail səfiri isə Parisdə və ya Qahirədə yaşayır, onlar səlahiyyət ölkələrinə arabir baş çəkirlər. Ermənistan diplomatiyasının başçısı Zöhrab Mnatsakanyan qabaqlar “The Jerusalem Post”a müsahibədə İsrail və Ermənistanda iki ölkənin diplomatik təmsilçiliklərinin açılması imkanından danışaraq yəhudi dövləti ilə münasibətlərə yeni keyfiyyətin əlavə edilməsində maraqlı olduqlarını bəyan edib. Amma bu, haçan – və İsraillə bağlı halda – hansı şəhərdə baş verəcək? İsraillilər indi parlament seçkilərinə hazırlaşırlar, bu, 2019-un 9 aprelinə nəzərdə tutulub. Uyğun olaraq, hökumətin yeni tərkibi maydan qabaq formalaşmayacaq. Tsinker güman edir ki, bundan sonra “Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın İsrailə səfəri daha məntiqli görünür”.
Bəs prinsipcə İsrail Ermənistanın nəyinə gərəkdir? Üzdə olan məsələlər var. İsraildə sanballı erməni icması yaşayır. Erməni Həvari Kilsəsinin ən müqəddəs yerlərindən biri Qüdsdə yerləşir. Ermənilərin orada Eçmiadzinlə münasibətləri qəliz olan patriarxı var. Dağlıq Qarabağ münaqişəsi üzündən Ermənistan-Azərbaycan qarşıdurması kontekstində baxılarsa, bu suala cavab axtarmaq daha çətindir. Bakının İsraillə diplomatik münasibətləri yoxdur (mətndə bu cürdür-red.), lakin bu onunla sıx energetik, iqtisadi və hərbi-texniki əməkdaşlıq qurmağa mane olmur. Düzdür, Bakı eksperti Eldar Məmmədovun hesab etdiyi kimi, “iki ölkənin münasibətləri ətrafında xeyli əfsanə və gümanlar qurulur”.
Onun sözlərinə görə, “hər iki dövlət bir-biri üçün özəl dəyərli strateji tərəfdaşdır”, axı “İsrailin baxımından Azərbaycanla qarşılıqlı münasibətlər “periferiya strategiyası”nı ifadə edir – buna əsasən, İsrail Azərbaycanın əsas bəndlərdən biri olduğu qeyri-ərəb, “mötədil” müsəlman ölkələrinin xarici çevrəsiylə qarşılıqlı münasibətləri möhkəmləndirməyə çalışır. Əlbəttə, bununla yanaşı, Bakı və Təl-Əviv arasındakı alyansı şübhəli qəbul edən İrana mühüm önəm verilir. Buna baxmayaraq, Azərbaycan hökuməti Qərblə təkcə AB və ABŞ deyil, həm də Yaxın Şərqin hüdudlarından qırağa çıxan geniş cinah diplomatiyası aparan İsrail üzərindən dialoq aparmaq imkanına malikdir. Azərbaycan diplomatiyası Vaşinqtonda “erməni lobbisi”nə qarşı qoyulan qüdrətli “İsrailyönlü lobbi”nin də imkanlarını nəzərə alır. Düzdür, belə bir taktika indiyədək Bakıya Qarabağ yönündə uğurlar gətirməyib. Israillə, demək olar, sıfır ticari-iqtisadi münasibətləri olan Ermənistana gəlincə, orada onun səfirliyinin açılışı İrəvanın Yaxın Şərqdə siyasət prioritetlərinin faktiki dəyişilməsini, bu bölgədəki münaqişələrin Cənubi Qafqaza keçirilməsi anında passivlikdən fəallığa keçidi bildirəcək. Bununla yanaşı, bu cür dönüş müttəfiq Rusiyanın Yaxın Şərqdəki mövqelərinin dayanıqlı xarakter aldığı məqamda həyata keçirilir, ermənilərin Təl-Əvivə sarı meyllənməsi isə, çox ehtimal ki, Tehranı şəkləndirməyəcək.
Ermənistan XİN başçısının müavini Qriqor Ovannisyanın fikrincə, “Ermənistanın Yaxın Şərq siyasətində Tehran vektorunun hamıya bəlli şərait üzündən əsas kimi qalmalı olması şərtilə Tehranda buna anlayışla yanaşarlar”. Hətta Ovannisyan qeyd edir ki, “dialoq üçün uyğun gündəlik yoxdursa, səfirliyin açılması özlüyündə durumu dəyişdimir”. Yeri gəlmişkən, bu il fevralın ilk günlərində Ermənistan hökumətinin toplantısında Ermənistanın diplomatik təmsilçiliyinin saxlanması üçün xərclərin bir bölümünü öz üzərinə götürməyə hazlır olduğunu bildirən Qətərdə də səfirliyin açılması haqda məsələ müzakirə olunub. Bu, İrəvanın Fars körfəzində iştirakı gücləndirmək niyyəti kimi dəyərləndirilib.
İsrail üçün Ermənistanın dəyəri bundan ibarət ola bilər ki, birincisi, bu xristian ölkəsi bölgəsəl müsəlman oyunçulara dini iplərlə bağlı deyil, bölgədə diaspor kapitalını hərəkətə gətirməyə qabildir. Amma yaxşı bəllidir ki, qabaqlar Yaxın Şərqdə erməni siyasi təşkilatlarının bir qismi ərəb ölkələri və HƏMAS-ın, Fələstin Azadlıq Təşkilatının və “Hizbullah”ın tərəfində İsarilə qarşı çıxış edib ki, bu da öz-özünə, amma İsrail və Ermənsitan arasında dövlətlərarası münasibətlərin durumuna təsir edib. Durum indi dəyişilə bilər. Özəlliklə də Bakı Yaxın Şərqdəki bəzi hadisələrə “müsəlman həmrəyliyi” göstərdiyinə görə. Amma məlumatlara inansaq, Aralıq dənizində İsrailə məxsus ərazi sularında nəhəng qaz ehtiyatları üzə çıxarılıb. İsrailin bir çox ekspertlərinin dəyərləndirdiyinə görə, bu, Bakı ilə energetik əməkdaşlığın perspektivlərinə xətt çəkə bilər. Tənzimlənməmiş Dağlıq Qarabağ münaqişəsinin qaldığı durumda İsrailin Ermənistan səfirliyini qəbul etməyi isə Azərbaycanla münasibətlərdə daha mürəkkəb durum yarada da bilər. İsrailin Ermənistanla yaxınlaşması Ankara üçün israillilərin Türkiyəyə əks-tarazlıq olaraq Kipr, Yunanıstan, Rumıniya və Bolqarıstan tək ölkələrlə münasibətlərin möhkəmləndirilməsi kimi hadisələrlə bir sırada qəbul oluna bilər.
İsrailin məşhur publisisti Avigdor Eskin hesab edir ki, İrəvanın bu kluba girməyi güclərin bölgə balansını dəyişdirə bilər. Lakin burası da var ki, bu gün birmənalı qiymət, hətta proqnoz vermək çətindir. Hər necə olsa da, Bakı eksperti Hüseynbala Səlimov öz qaynaqlarına istinadən Axar.az-da yazır ki, “Nikol Paşinyanın diplomatik qrafikində növbəti səfər ölkəsi İsraildir” və “İsraildə Ermənsitan səfirliyinin açılması olduqca mənalı və effektli gediş ola bilər”.Tərcümə: Strateq.az