İRANA QARŞI İQTİSADİ SAVAŞ SONDA HƏRBİ MÜNAQİŞƏYƏ APARACAQ:şübhəsiz, neft tankerlərinə hücumda İranın əli var – Təhlil
Natan Haas
Project Syndicate (ABŞ), 15.06.2019
Yenixeber.org: ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya, Çin, ya da KXDR-dənsə İrana hətta daha çox diqqət ayırır. Trampın antiiran kampaniyası son iki il yarım ərzində davam edir. ABŞ əvvəlcə nüvə sazişindən çıxıb, sonra İran neftinin tədarükünü bağlamaq üçün, demək olar, min fiziki və hüquqi şəxsə qarşı sanksiya qoyub və İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terrorçu təşkilatlar siyahısına daxil edib.
ABŞ siyasəti o mənada bəhrə gətirir ki, Trampın siyasəti ilə razılaşmayan ölkələrin çoxu İranla münasibətləri qurban verərək ABŞ-la ticarət və yatırım əlaqələrini saxlamağı qət edib. İran neftinin ixracı kəskin azalıb. Tehran artan iqtisadi təcridlə üzləşir. İrann iqtisadiyyatı 2018-ci ildə, təxminən, 4% azalıb. Bir sıra proqnozlar göstərir ki, İran iqtisadiyyatı 2019-cu ildə daha 6% azalacaq. Rial sürətlə düşür. Qiymətlərin kəskin sıçrayışı, ərzaq və tibb dərmanları qıtlığı, habelə “Hizbullah”a və başqa bölgəsəl qruplaşmalara maliyyə transfertlərinin azaldığı haqda məlumatlar gəlir.
Lakin antiiran kampaniyasının hədəfi indiyədək aydın deyil. Görünür, Tramp administrasiyasının bir çox təmsilçisi rejimi dəyişmək uğrunda çıxış edir. Onların buna nail olmaq ehtimalı azdır. İran hökuməti İslam İnqilabından sonrakı 40 il boyunca ABŞ tərəfindən basqıya qarşı durmaq üçün yetərincə güclü çıxıb.
Daha ağlabatan nəticə budur ki, İrana qarşı iqtisadi savaş yekunda hərbi münaqişəyə gətirəcək. Oman körfəzində neft tankerlərinə bu yaxınlardakı hücumda və Səudiyyə aeroportuna pilotsuzların Yəmən husilərinin təşkil etdikləri hücumda İranın, demək olar, şübhəsiz əli var. İran hökuməti də nüvə sazişində nəzərdə tutulmuş bəzi məhdudiyyətlərdən tədricən imtina haqda bildirib. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatına görə, İran nüvə yanacağı istehsalını yavaş-yavaş artırır. Ölkə habelə uranı zənginləşdirməyin səviyyəsini artırmaq qətiyyəti ilə doludur.
Bütün bunlar İran və bölgə ölkələri, yaxud ABŞ arasında baha başa gələn münaqişə riskini yüksəldir. Amma haradasa bahalı savaş və rejimi dəyişməyə cüzi ehtimal arasında dar diplomatik dəhliz var. Tramp KXDR-ə münasibətdə öz kursunu dəyişib, İrana münasibətdə də eyni şeyi edə bilər.
Tramp administrasiyasının nüvə sazişinin ünvanına tənqidi tamamilə ədalətli idi. Nüvə sazişinin İranın nüvə potensialını, doğrudan da, azaltmağa imkan verdiyinə və nüvə silahı yaratmaq üçün Tehrana gərək olan vaxtı uzatdığına baxmayaraq, nəzərdə tutulan məhdudiyyətlər nisbətən qısamüddətli xarakter daşıyır, çünki onun təsiri artıq növbəti onillikdə bitir. Amerika administrasiyasının nüvə sazişinin şərtlərinə yenidən baxmağa nail olacağı ehtimalı hələ də saxlanır. Yaponiyanın baş naziri Sindzo Abenin bu yaxınlarda Vaşinqton və Tehran arasında vasitəçi kimi çıxış etmək cəhdinin iflasına baxmayaraq, ola bilsin, diplomatik perspektivlər yaxşılaşıb – qismən İrana sanksiya basqısı gücləndiyinə görə. Tramp administrasiyası İran hökuməti ilə ilkin şərtlərsiz danışıqlar aparmağa hazır olduğunu ifadə edib. İran indiyədək danışıqlara qarşı çıxış edib, amma ABŞ İrana bəzi sanksiyaları ləğv etməyə söz verərsə, durum dəyişilə bilər.
Diplomatik səylərin yeni raundu üçün vaxt çatıb. Nüvə məhdudiyyətlərinin təsirini uzatmaqdan savayı nüvə sazişinə yenidən baxmaq habelə İranın ballistik raket yaratmaq üzrə proqramını da məhdudlaşdırmaq imkanı verərdi. Əvəzində ABŞ antiiran sanksiyalarının bir hissəsini ləğv edərdi. Vaşinqton habelə vurğu edə bilərdi ki, İran rejimini deyil, siyasətini dəyişdirməyə can atır. ABŞ-ın avropalı müttəfiqləri – Böyük Britaniya, Fransa, Almaniyanın ABŞ-ın yeni diplomatik səylərini dəstəkləməyə razılaşacağına bütün şanslar var. Yenidən baxılmış sazişi rəsmi təsdiq üçün Konqresə göndərmək bildirərdi ki, ABŞ sazişdən ikinci dəfə çıxmayacaq.
Yenidən baxılmış nüvə sazişini yeritmək İranla diplomatik münasibətləri normallaşdırmağa gətirməyəcək, amma Yaxın Şərqdə savaş ehtimalını və İranın nüvə silahının meydana çıxmasını kəskin azaldar. Yaxın Şərq artıq yetərincə təhlükəli məkandır, buna görə də durumu daha ölümsaçan mərhələyə keçirməyinə dəyməz.
Tərcümə: Strateq.az