Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ərəb dünyasının içərisindən çıxa bilmədiyi böhran

 

Tunisdə 30-cu sammitini keçirən ərəb ölkələri İsraillə yanaşı, İran və Türkiyəni də düşmən elan etdilər, amma vəziyyəti dəyişmək üçün resept təklif edə bilmədilər

Martın 31-də Tunisdə Ərəb Liqasının 30-cu sammiti baş tutub. Toplantıya Səudiyyə Ərəbistanı kralı və Qətər əmiri də daxil olmaqla, ümumilikdə 13 dövlət başçısı qatılıb.

Yenixeber.org: Toplantıya Tunisin prezidenti Baci Qaid Sibsi sədrik edib. Lakin onsuz da qalmaqaldan başı açılmayan ərəb dövlət başçılarının sammiti də qalmaqalsız olmayıb. Belə ki, sammit başladıqdan az sonra Qətər əmiri Təmim bin Hamad əs-Sani toplantı salonunu tərk edib.

Buna səbəb isə Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeytin çıxışı zamanı İran və Türkiyəni ərəb ölkələrinin daxili işlərinə qarışmaqda və regionda qeyri-sabitlik yaratmaqda ittiham etməsi olub.

O, çıxışına davam edərkən Qətər əmiri gözlənilmədən ayağa qalxaraq zalı tərk edib. Daha sonra isə Qətər əmirinin, ümumiyyətlə, Tunisi tərk etdiyi bildirilir.

Baci Kaid ile ilgili görsel sonucu

Qətər məhz körfəz ərəb ölkələri ilə münaqişəyə girəndə Türkiyə bu ölkəni açıq dəstəkləyib. Daha sonra isə blokadada ərzaq qıtlığı yaşayan ölkəyə İran və Türkiyə ərzaq göndərib. Ancaq aydındır ki, Qətər Tunis sammitində bu şəkildə başlanğıcın onun üçün müsbət nəsə vəd etmədiyini gördükdən sonra toplantını tərk edib.

Hazırda siyasi böhran yaşayan Əlcəzair və Sudanın dövlət başçıları isə Tunisə təmsilçi göndərib. Bundan başqa, Bəhreyn və Oman kimi ölkələr də Tunisdə birinci şəxslə təmsil olunmayıb.

Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt sammitdəki çıxışında bildirib ki, ABŞ prezidentinin Colanı İsrail ərazisi kimi tanıyan qərarı beynəlxalq hüquqa ziddir. Beynəlxalq təşkilatların qərarlarında Colan Təpələri ərazisinin Suriya ərazisi olaraq tanındığını xatırladan Əhməd Əbu Qeyt  Trampın Colan qərarının bütün beynəlxalq normaları pozduğunu və İsrailin mərhələli olaraq ərəb torpağı işğal etmək məqsədi güddüyünü deyib. Eyni zamanda o, bu qərarın İsraili daha da cəsarətləndirəcəyini, İsrail hökumətini qanunsuzluqlara sövq edəcəyini bildirib.

Ahmet Ebu Gayt ile ilgili görsel sonucu

Ən gözlənilməz ittihamlar isə İran və Türkiyəyə qarşı yönəlib. Ərəb Liqasının baş katibi deyib ki, İran və Türkiyənin müdaxiləsi ərəb dünyasındakı böhranları daha da dərinləşdirir. Sitat: “Ərəb milli təhlükəsizliyi modern tarixində bənzəri görünməmiş təhdidlərə məruz qalır. Bölgəmiz çox çətin bir vəziyyətdədir. İran və Türkiyənin müdaxiləsi bölgədəki böhranları daha da dərinləşdirdi və uzatdı. Regional güclərin məzhəbi məqsədlər uğrunda bu və ya digər qrupları dəstəkləmək üçün ərəb məsələlərinə müdaxiləsi qəbuledilməzdir. Nəticə etibarı ilə yalnız siyasi qərarlar toqquşmaları sona çatdıra və sabitlik yarada bilər. Vətəndaş müharibələrinin qalibi yoxdur, sadəcə, məğlubları var”.

Qeyd edək ki, Ərəb Liqasının toplantısında quruma dönəm liderliyi Səudiyyə Ərəbistanından Tunisə keçib. Təhvil-təslim çıxışında Səudiyyə kralı Salman bin Əbdüləziz bildirib ki, Fələstin xalqı suveren hüquqlarına qovuşana qədər Fələstin münaqişəsi Səudiyyə Ərəbistanı dövləti üçün əsas məsələlərdən biri olmaqda davam edəcək. Eyni zamanda kral bəyan edib ki, ölkəsi Suriyanın Colan Təpələri üzərindəki suverenliyinə əl uzadılmasını rədd edir.

Ümumilikdə Ərəb Liqası sammitinin gündəmində 19 maddə müzakirə olunub. Əsas müzakirə mövzuları Fələstin məsələsi, Ərəb-İsrail münaqişəsi və ərəb sülh prosesinin hərəkətə gətirilməsi, eləcə də Suriya böhranı, Liviya və Yəməndəki vəziyyət, İraqın suverenliyi, ərazi bütövlüyünün Türkiyə ordusu tərəfindən pozulmasına qarşı ortaq ərəb mövqeyinin bildirilməsi, Sudan və Somalidə sülhün dəstəklənməsi və inkişafa dəstək verilməsi maddələri yer alıb.

Bundan başqa, İranın ərəb ölkələrinin daxili işlərinə müdaxiləsi, BƏƏ-yə məxsus 3 adanın İran tərəfindən işğalı qınanacaq. İran rəsmilərinin ərəb ölkələri barədə açıqlamaları qınanacaq, İranın regionda qanunsuz silahlı dəstələrə dəstəyi pislənəcək və ərəb ölkələri arasında informasiya koordinasiyası, kəşfiyyat əməkdaşlığının gücləndirilməsi qərarlaşdırılacaq.

Həmçinin Tunis zirvəsində Liqa daxilində ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, əməkdaşlıq mexanizminin yaradılması, həmçinin İraqın xarici borcunun 75 faizinin ərəb ölkələrinin dəstək fondları tərəfindən ödənilməsi, eləcə də ərəb ölkələrindəki qaçqınlar, xüsusən də iraqlı qaçqınlar haqqında maddə mövcuddur.

Bundan başqa, ərəb liderlər Fələstinin BMT-nin tamhüquqlu üzvü olmasına bir daha dəstəklərini bildiriblər. İsrailin bölgədəki vəziyyəti dəyişməyə hesablanmış addımları rədd olunub, Colanın İsrailə aid edilməsi ilə bağlı qərar qınanıb.

Eyni zamanda ərəb ölkələri Yəmənin qanuni hökuməti olaraq Mansur Hadi hökumətini dəstəkləyib, eyni zamanda Yəmənin ərazi bütövlüyü və suverenliyinə vurğu edilib.

Xatırladaq ki, Ərəb Liqası və ya Ərəb Dövlətləri Liqası ərəbdilli ölkələr arasında siyasi əlaqələrin qurulması və ittifaqın yaradılması məqsədilə 1945-ci ildə Misirdə təsis olunub. Təşkilatın baş ofisi də Misirdə yerləşir. Ərəb Liqası ilə yanaşı Ərəb Parlamenti adlı qurum da var. Ümumiyyətlə, ərəb ölkələri arasında ilk ittifaq 1936-cı ildə İraq və Səudiyyə Ərəbistanı arasında qurulub və 9 ildən sonra ittifaqa çevrilib. Hazırda ərəbcə danışan 22 ölkə Liqanın üzvüdür. Yalnız Suriyada münaqişə başlayandan sonra Dəməşqin bu təşkilatdakı statusu dondurulub.

Ancaq indi yalnız Suriya deyil, eləcə də Yəmən, həmçinin Qətər münaqişəsi səbəbindən ərəb ölkələri arasında bölünmə var. Suriya dəvət olunmasa da, Qətər sammitə dəvət olunub, ancaq ərəb ölkələrinin mövqeyi səbəbindən Qətər dövlət başçısı toplantını tərk edib.

MÉhÉmmÉd bin Salman ile ilgili görsel sonucu

Ərəb ölkələri arasında dərin fikir ayrılığı indi o qədər dərinləşib ki, hətta ərəblərin ən qədim problemi hesab olunan və bütün ərəb ölkələrini bir araya gətirə bilən Fələstin münaqişəsi ilə bağlı da indi ortaq reaksiya yoxdur. Çünki bir sıra körfəz ölkələri Fələstin münaqişəsinin tez bir zamanda həll olunması üçün güzəştə gedilməsini dəstəkləyir. Hətta Səudiyyə vəliəhdi Məhəmməd bin Salman ABŞ-da səfərdə olduğu zaman ötən il bildirmişdi ki, fələstinlilər təklif olunan planla razılaşmalı, ya da sakitləşməlidirlər. Çünki indi anti-İran cəbhəsi hesab edir ki, Tehran Fələstin münaqişəsi və İsrail əleyhdarlığından öz nüfuzunu artırmaq üçün istifadə edir.

Ərəb Liqası baş katibinin çıxışı və Qətərin reaksiyası onu göstərir ki, indi ərəb ölkələri arasında böhran daha dərindir. Ənənəvi olaraq İsrail-Fələstin məsələsi, İranla bağlı münaqişəli vəziyyətlə yanaşı indi Türkiyə də körfəzin ərəb ölkələri tərəfindən təhlükə olaraq görülür. Və nəhayət, Əlcəzair və Sudanda etirazlar, eləcə də Liviya, Yəmən və Suriyada müharibə ərəb dünyasının içindən çıxa bilmədiyi dərin böhrana çevrilib.(müsavat)

Kənan RÖVŞƏNOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam