Politoloq Elxan Şahinoğlu:"Boltonun açıqlamaları Türkiyəyə xəbərdarlıqdır"
ABŞ prezidenti Donald Trampın “Suriyadan çəkiləcəyik” mesajının ardınca baş verən hadisələr, prosesin heç də rəvan getməyəcəyini göstərir. Prezidentin komandasında baş verən istefaların ardınca, Ağ Evdən gələn təkzib bəyanatları da əvvəldən özünə yer tapmış şübhələrə geniş meydan verdi.
Yenixeber.org: Məlum oldu ki, Tramp bu qərarı Türkiyə prezidenti R.T.Ərdoğanla danışıqlardan dərhal sonra spontan şəkildə qəbul edib və sona qədər ölçülüb-biçilməyib.
ABŞ prezidentinin Milli təhlükəsizlik müşaviri Con Boltonun Ankaraya yola düşməzdən əvvəl verdiyi bəyanatlar da Vaşinqtonun Suriya ilə bağlı mövqeyində ciddi dəyişikliklərin baş vermədiyini göstərir.
Bəs proseslərin bundan sonra inkişafı hansı ssenarilər üzrə gedə bilər?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Strateq.az-a şərhində bildirib ki, Con Boltonun Türkiyə gəlməzdən əvvəl verdiyi açıqlamalar ABŞ-ın Suriya ilə bağlı siyasətində elə də ciddi korrektələrin baş verməyəcyini göstərir:
“Tramp qoşunların Suriyanı tərk edəcəyi ilə bağlı verdiyi məlum açıqlama ilə özünə qarşı müəyyən rəğbət oyatmışdı. Amma içi mən qarşıq müşahidəçilərdə belə şübhələr vardı ki, Tramp bu qərarı elan etməzdən əvvəl öz müşavirləri ilə, həmçinin Dövlət Departamenti, Pentaqonla məsləhətləşməyib. Gözlənildiyi kimi, bu bəyanatdan az sonra ABŞ-ın müdafiə naziri Cim Mattis, İŞİD üzrə koordinator vəziflərindən istefa verdiklərini bəyan etdilər. Bundan sonra Tramp geriyə addımlar atdı. Boltonun kürdlərə təminat almadan ABŞ qoşunlarının Suriyanı tərk etməyəcəyi barədə açıqlaması da bundan xəbər verir”.
E.Şahinoğlu hesab edir ki, Boltonun belə bəyanatlarla çıxış etməsi Türkiyəyə bir xəbərdarlıqdır: “Amerika qoşunları Suriyanı tezliklə tərk etməyəcək. Əlbəttə, bu, Ankaranı narahat edir. Danışıqlarda ortaq nöqtələr tapmaq lazımdır. Türkiyə – ABŞ münasibətlərinin çox gərgin olması hər iki dövlətin maraqlarına uyğun deyil. Ona görə, danışıqlar aparılmalıdır. Bu günlərdə ABŞ-dan Ankaraya bir heyət gəlmişdi ki, Fəthullah Gülənin geri qaytarılması ilə bağlı müzakirələr aparılsın. Doğrdur, bu o demək deyil ki, məsələ tezliklə həll olunacaq. Amma hər halda fikri mübadiləsi aparılır, gərginlik yumşaldılır. Türkiyənin mövqeyi bundan ibarətdir ki, PKK və onun uzantılarının regionda varlığına heç bir halda yol verilməyəcək. Gəlcəkdə ABŞ da bu amili nəzərə almalıdır”.