ABŞ Türkiyə ilə bağlı mühüm planı:Yeni birlik qurulur
Trampın Bağdada səfəri göstərir ki, ABŞ Yaxın Şərqdən çəkilmir, strateji yerdəyişmə edir.
Yenixeber.org: Bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ABŞ Prezidenti Donald Trampın Suriyadan hərbiçilərini çıxarması fonunda Türkiyə ilə yaxınlaşmaq siyasəti regionda yeni situasiya yaradacaq:
“Vaşinqton artıq Ankara ilə müttəfiqlik əlaqələrini bərpa edərək bundan sonra Yaxın Şərqdə ortaq hərəkət etmək niyyətindədir. ABŞ-ın “Patriot” havadan müdafiə sistemlərini və yeni nəsil F-35 qırıcılarının Türkiyəyə satışına razılıq verməsi Ankara ilə aparılan konfedensial razılaşmanın nəticəsidir. Demək, iki müttəfiq ölkə strateji anlaşmaya gedərək, bir-birlərinin maraqlarına uyğun hərəkət edəcək. Məhz Vaşinqtonun YPG terrorçularını yarı yolda buraxması da Ankara ilə razılaşmanın nəticəsidir”.
Politoloq vurğulayıb ki, Türkiyə ilə birgə hərəkət edərək ABŞ regionda mövqeyini gücləndirməyə çalışacaq:
“Gec də olsa, Tramp Ankara ilə münasibətləri normal vəziyyətə gətirdi. Ancaq Türkiyə-ABŞ yaxınlaşması Rusiya-İran-Türkiyə oxunu zəiflədəcək. Türkiyə Rusiya və İranla birgə Suriyada ortaq çalışmalardan tədricən geri çəkilə bilər. Eyni zamanda, ABŞ-ın Suriyadakı hərbiçilərini çıxartması Vaşinqtonun manevr edərək Ukrayna və Şərqi Avropa cəbhəsində güclənməsinə gətirib çıxaracaq”.
Politoloqun sözlərinə görə, ötən gün Trampın qəfil İraq səfəri bu ölkənin Suriyadan qoşunu çıxarmasına baxmayaraq, regiondan getmədiyini göstərir:
“Həmçinin ABŞ Suriyadakı hərbi qüvvələri İraqda yerləşdirəcək. Vaşinqtonun əsas hədəfi “Ərəb NATO-su” qurmaq, bu plana Türkiyəni cəlb etmək və regiondan Rusiya və İranı uzaqlaşdırmaqdır. Doğrudur, Suriyadan hərbiçilərin bir hissəsini ölkəsinə qaytararaq Tramp seçkiöncəsi verdiyi sözü tutmuş olacaq. Amma əsas hədəf Yaxın Şərqdə yeni nizamı formalaşdırmaqdır. Rusiya və İran burada müvəqqəti üstünlük əldə etməsinə baxmayaraq, bir müddətdən sonra hadisələr fərqli inkişaf ssenarisi ilə davam edəcək. Tramp Türkiyə ilə İsrailin də barışmasını reallaşdıracaq. ABŞ Türkiyə-İsrail-Səudiyyə oxu formalaşdırmaqla Rusiya-İran oxunu sıxışdıracaq”.
Politoloq vurğulayıb ki, regionda davam edən bu proseslər, ABŞ-ın Türkiyə-İsrail-Səudiyyə Ərəbistanı müttəfiqliyinə getməsi, ölkəmizin də maraqlarına uyğundur:
“Azərbaycan Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı vasitəsi ilə ABŞ-ın Qarabağ münaqişəsinə daha çox diqqət ayırmasına nail ola bilər”.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp və xanımı gözlənilmədən İraqa sürpriz şəkildə səfər edib.(axar)