QƏZZADAN SİNAYA UZANAN FƏLƏSTİN DÖVLƏTİ YARADILSIN–Almaniyanın sabiq xarici işlər nazirindən TƏKLİFLƏR
Yoşka Fişer
“Project Syndicate” (Çexiya)
Yenixeber.org: Biz geosiyasi keçid dövründə yaşayırıq. Dünyanın aparıcı qüvvəsi olaraq Çinin ABŞ-ı əvəz etməsi və ya ən azı qlobal liderlikdə ortaq olma səyi diqqəti özünə cəmləşdirir. Yaxın Şərqin uzun müddət sabit makro səviyyəli dinamikaları da dəyişir və burada da ABŞ-ın təsiri azalacaq.
Bir əsr bundan öncə Sayks-Piko Sazişi Yaxın Şərqi Fransa və Böyük Britaniya arasında bölüşdürdü və bu günə qədər mövcud olan milli sərhədləri qurdu. Amma indi regional qaydalar dəyişir.
İsrailin qurulduğu gündən bu yana Ərəb-İsrail münaqişəsi regionun geosiyasətində böyük dərəcədə üstünlüyə malik olub. İsrail 1948-ci ildə ilk ərəb-İsrail müharibəsini və onu təqib edən bütün müharibələri udub. İsraillilər və fələstinlilər məqbul həllə nail ola bilmir və bununla da Yaxın Şərqdə sülhün bərqərar edilməsi beynəlxalq məsələlərdə mərkəzi mövqe tutur.
İsraillilər və fələstinlilərin sülh əldə edə bilməsi imkanı 13 sentyabr 1993-cü ildə Oslo Sazişi və 4 noyabr 1995-ci ildə İsrail baş naziri Yitzhak Rabinin öldürülməsi arasında dövrdə mövcud idi. Həm 1993, həm də 1995-ci ildə Oslo Sazişlərində Qüdsün statusunun həll olunmamış qaldığını xatırladaraq. Bu həssas və mürəkkəb məsələnin nizamlanması sülh prosesinin sonuna saxlanılması razılaşdırılmışdı.
İsrail-Fələstin münaqişəsi 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsi və “Ərəb baharı”nın başlamasından sonra regionda öz mərkəzi rolunu itirib. 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi və İŞİD-in peyda olması regional gündəmə hakim olub. Amma indi, beynəlxalq koalisiya İŞİD-i Suriyada və İraqdakı "xilafət"dən məhrum edib, İran və Səudiyyə Ərəbistanı arasında regional dominantlıq mübarizəsi ön plana çıxıb.
Bu günə qədər İran və Səudiyyə Ərəbistanı Suriya və Yəməndəki vəkalət müharibələri ilə bir-birinə qarşı çıxıb. Lakin hər bir ölkənin Livandakı rəqib qruplara verdiyi dəstək, Qətərlə Səudiyyə Ərəbistanı arasında davam edən diplomatik mübahisə də onların böyük mübarizəsinin bir hissəsidir.
Bu zəmində nizamlanmayan İsrail-Fələstin münaqişəsi “kənara qoyulmuşdu”. ABŞ prezidenti Donald Tramp administrasiyası bu ay birtərəfli qaydada Qüdsü İsrailin paytaxtı olaraq tanımaq barədə qərar verənə qədər vəziyyət belə qalırdı.
İsrail hökuməti və Knesset (parlament) Qərbi Qüdsdədir və xarici məmurlar daim ora rəsmi səfərlər edirlər. Ancaq 1967-ci ildə, Altı günlük müharibədən sonra Şərqi Qüdsün İsrailə birtərəfli şəkildə birləşdirilməsindən asılı olmayaraq, bu, beynəlxalq səviyyədə tanınmayıb və digər ölkələr, o cümlədən ABŞ, səfirliklərini Tel-Əvivdə saxlayıb. Çünki onlar bilir ki, Qüdsün vəziyyəti təhlükəli siyasi və dini məsələdir.
Bundan başqa, bütün digər ölkələr Qüds probleminin birtərəfli həllinin 1947-ci ildə BMT-nin Fələstinin Bölüşdürmə Planına əsaslanan iki dövlətli həlli perspektivlərinə zərər verəcəyini başa düşürlər, çünki həm israillilər, həm də fələstinlilər bu şəhərə paytaxt kimi iddiaçıdırlar.
1947-ci ildə iki dövlətli həll yeganə seçənək idi, çünki ərəb dövlətləri İsrailin qurulmasına razı deyildi. 1993-cü ildə fələstinlilər israillilərin varlığını tanıyanda, bu qərar irəliyə doğru böyük bir addım kimi qəbul edildi.
Diplomatlar hələ də Yaxın Şərq sülh prosesini müzakirə etsə də, uzun illər sülhə nail olmaq üçün heç bir proses baş verməyib. İki dövlətli həll hər iki tərəfi razı salmaq üçün yeganə variant olaraq qalır, ancaq Qərb Şəriyyədəki İsrail yaşayış məntəqələrinin davamlı genişləndirilməsi ilə zamanla o daha az etibarlı olur. İndi ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanınması iki dövlətli həllin birdəfəlik rəddi və hər şeyin sona çatması deməkdir.
Amma alternativ tənzimləmə İsrailin demokratik və yaxud yəhudi dövləti (lakin ikisi də deyil) olması dilemma ilə qarşılaşacaq. Müzakirədən çıxarılan iki dövlətli həllə fələstinlilər mübarizəni tərk edərək, bərabər vətəndaş hüquqları tələb edə bilərdi.
Ən azı nəzəri olaraq üçüncü variant var: Qəzzada Fələstin dövləti yaradıla bilər, o, Şimali Sinaya uzanar və Misirin faktiki nəzarəti altına alınar, Qərb Şəriyyə isə İsrail və İordaniya arasında bölüşdürülə bilər.
Fələstinlilər bu nəticəni heç vaxt qəbul etməyəcək və İsrailin dövlət olma problemi həll edilməyəcək.
Maraqlıdır, Tramp niyə indi Qüdsə dair qərar verib? Bu, onun adi irrasionalizminin, yaxud daxili siyasətinin nəticəsidir? Yoxsa İsrail-Fələstin münaqişəsinin ənənəvi parametrlərini aşan yeni ərazi həllini gözləyir?
Qeyd edək ki, Trampın birtərəfli demarşı əsas ərəb ölkələrindən – Səudiyyə Ərəbistanı, Misir və İordaniyadan yalnız mülayim cavab alıb. Səudilər üçün İrana qarşı çıxmaq daha önəmlidir. Səudiyyə Ərəbistanı, xüsusilə də Livanda və Suriyada mübarizəni qazanmaqda çox zəif olduğundan, İranın digər rəqibləri, xüsusilə də bölgənin hərbi super gücü olan İsraillə əlaqələrini gücləndirəcək.
Səudiyyə Ərəbistanı ilə İsrail arasında yaranan ittifaq bir zamanlar ağa gəlməzdi, ehtimal ki, o, yeni Yaxın Şərqin hərəkət edən qüvvələrindən birinə çevriləcək. Bu anti-İran ittifaqının dəyəri nə vaxt bilinəcək?