ABŞ-ın “BÖYÜK MƏRKƏZİ ASİYA” LAYİHƏSİ:Əfqanıstan Yaxın Şərqdən Mərkəzi Asiyaya qapı olacaqmı? - TƏHLİL
Fikrət ŞABANOV,
analitik
I HİSSƏ
Yenixeber.org: Əfqanıstan və onun Mərkəzi Asiya bölgəsindəki rolu son zamanlar həm KİV-lərdə, həm də ekspert cəmiyyəti mühitində önəmli müzakirə mövzusu olub. Onun qonşular və Mərkəzi Asiya (MA) ölkələriylə inteqrasiyası hansı məcrada gedəcək?
ABŞ-ın buna dair – Mərkəzi Asiya bölgəsinin yenidən biçimlənməsi üzrə əsas geopolitik meydanlardan biri kimi, bu dövlətlərlə birbaşa bağlı öz planları var. Yenidənyüklənmə “Böyük Mərkəzi Asiya” (BMA) adlı layihələrdən biri vasitəsilə həyata keçirilməli olacaq. Bu layihənin mənasını daha yaxşı anlamaq üçün Yaxın Şərqin “Böyük Yaxın Şərq”ə yenidən yüklənməsi üzrə əsas proqramı nəzərdən keçirmək lazım gəlir. Həm bu, həm də o biri halda açar söz “Böyük”dür.
Mərkəzi Asiyaya münasibətdə siyasət Birləşmiş Ştatların dünya səhnəsindəki maraq və prioritetləri kontekstində formalaşıb. Sanki bir-biriylə bağlı görünməyən proseslərin çoxunu məhz bu rakursda dəyərləndirmək gərəkdir.
ABŞ-ın Mərkəzi Asiya bölgəsindəki səyləri kompleks xarakter daşıyır və siyasi-diplomatik, hərbi, informasiya-analitika və qeyri-hökumət strukturlarının dəqiq koordinasiyasını nəzərdə tutur.
Bu planları həyata keçirmək üçün Şərqin və Mərkəzi Asiyanın bölgələrində nəzarət və hökmranlığın qurulması üzrə layihələr hazırlanıb.
Vaşinqton 2003-cü ildə dünya birliyinə Böyük Yaxın Şərqin (BYŞ; ingiliscə: Greater Middle East) yaradılması üçün layihə təqdim edib. BYŞ layihəsi Yaxın Şərqin ənənəvi ölkələrindən savayı İran, Türkiyə, Əfqanıstan, Pakistan, Qafqaz və mərkəzi-şərqi bölgələrin, həmçinin Şimali Afrikanın islama etiqad edən daha bir sıra ölkələrini əhatə edir.
BYŞ layihəsi haqda Rusiya Federasiyasının mövqeyi: "“Böyük Yaxın Şərq” (BYŞ) – Amerikanın Sovet İttifaqı dağılandan sonra Avrasiyanın “demokratikləşdirilməsi” geopolitik layihələrindən biridir. Ona (İsrail çıxdaş olmaqla) Şimali Afrikadan Mərkəzi Asiya, Fars körfəzi və Əfqanıstana qədər islam dünyası məkanı daxildir. Amerika layihəsi Yaxın Şərqi ayrı planda qurmaq, sovet geopolitik məkanını parçalamaq və keçmişdə bu birliyə daxil olan Cənubi Qafqazı ondan qoparmağı nəzərdə tutur.
ABŞ milli təhlükəsizlik strategiyasına əsasən, Yaxın Şərqdə bir çox ölkələrin sərhədlərinin dəyişdirilməsi və Mərkəzi Asiyanı “qəsb etmək” üçün meydan qurulması planlaşdırılır. Bölgədə əsas müttəfiqlər “Böyük İsrail” və ya Yaxın Şərqdəki “kiçik Amerika”, həmçinin İraqın şimalında oyuncaq Kürdüstan dövləti olmalıdır".
Bir sıra ekspertlərin fikrincə, Vaşinqtonun Yaxın Şərqdə əsas müttəfiq – “Müstəqil Kürdüstan” yaratmaq planı baş tutmayıb. Müstəqillik referendumu tanınmayıb və İraq hökuməti muxtar kürd vilayətinin ərazisini tamamilə öz nəzarətinə götürüb. Lakin bunun yalnız təxirə salındığı və tez bir zamanda gerçəkləşdiriləcəyini düşünən analitiklər də var. Bununla bağlı onların çoxlu səbəbi var. Amma bu mövzu ayrıca yanaşma tələb edir, çünki çox genişdir və başqa layihə çərçivəsində gerçəkləşdirilir.
Bu layihələri daha yaxşı anlamaq və yaradılma səbəblərinin dərk etmək üçün Mərkəzi Asiya və Əfqanıstanda XIX əsrdə baş vermiş tarixi proseslərə müraciət etmək lazımdır – dünya dövlətləri və bölgə ölkələrinin coğrafiya, siyasət, iqtisadiyyat və geostrateji maraqlarının indiki mənzərəsi buradan qaynaqlanıb.
Beləliklə, bir qədər tarixdən:
Mərkəzi Asiya bölgəsi və Əfqanıstanda baş verən hadisələrin çox dərin tarixi kökləri var. Mərkəzi Asiyanın tarixi çoxlarında iki məsələylə səsləşir: bölgə XIX əsrdə böyük dövlətlərin toqquşma səhnəsi idi, buna qədər isə iki min il ərzində Çini Avropa ilə birləşdirən və “İpək yolu” kimi tanınmış böyük ticarət marşrutunun tərkib hissəsi idi.
“Böyük oyun” və “İpək yolu” söz birləşmələri XIX əsrdə meydana çıxmış Avropa mənşəli ifadələrdir. Bunların Mərkəzi Asiya xalqlarının dil və mədəniyyətlərində kökü yoxdur. “Böyük oyun” terminini ilk dəfə 1840-cı ildə Mərkəzi Asiyanın Avropa sivilizasiyası və xristianlığa daxil edilməsi kontekstində Artur Konolli qeyd edib. Ona ser Con Keyin 1851-ci ildə yazdığı “Əfqanıstan müharibəsinin tarixi” kitabında rast gəlinir.
“Seidenstrabe”, “İpək yolu” termini ilk dəfə 1877-ci ildə alman tədqiqatçısı və coğrafiyaşünası Ferdinand fon Rihtgofen tərəfindən işlədilib.
Bu bölgənin əsas mənfəətdarlarından biri Böyük Britaniya idi. Artıq XIX əsrin başlanğıcından Məkəzi Asiyadakı fəaliyyəti Hindistan, həmçinin Yaxın və Orta Şərqin başqa ölkələri üçün təhdid yaradan Rusiyanın “ram edilməsi” rəsmi Londonun milli təhlükəsizlik xarici siyasət doktrinasının hərfi mənada təməl daşlarından birinə çevrildi.
İngiltərə Mərkəzi Asiyaya tarixən irimiqyaslı iqtisadi və hərbi müdaxilə edirdi ki:
1. Rusiyanın bu bölgəyə irəliləməsinə yol verməsin;
2. Rusiya mallarının ənənəvi bazarlara çıxışını bağlasın;
3. Rusiyanın Xəzəryanı, həmçinin Aralətrafı bölgənin Yaxın və Orta Şərq üzərindən Hindistan və Çinlə tranzit ticarətini nəzarətə götürsün;
4. Buxara əmirliyi, Xivə və Kokand xanlıqlarını Rusiyanın cənubuna Britaniya həmləsi üçün meydana çevirməyə nail olsun;
5. Hindistanda, həmçinin Əfqanıstan, İran və Türkiyədə qəti şəkildə möhkəmlənsin, bu qayda ilə Britaniya müstəmləkə imperiyasını bütün Şərqə genişləndirsin.
Bu, Britaniyanın Mərkəzi Asiyada öz iştirakını artırmaq üzrə strategiya və taktikasının praktik fəaliyyətiydi. İngiltərənin Mərkəzi Asiya və Rusiyaya bir neçə həm hərbi, həm də iqtisadi paralel ekspansiya variantı var idi. Bunlarda Qara və Xəzər dənizi sahillərindən bölgənin dətrinliklərinə nüfuz üçün gizli topoqrafik araşdırma və kəşfiyyat məlumatları əsasında göstərilən ən yaxşı marşrutlar aydın nişanlanmışdı.
Onlardan biri Qara dəniz yaxasıyla Şimali İrana və qərbə – Şimali Əfqanıstan boyu, sonra isə Oksus (Amudərya) üzrə Aral dənizinə gedirdi.
Digər marşrut Həştərxan şəhərinin yanında Volqanın başlanığıcından cənubi-şərqə doğru Xəzəri kəsir və sonra "Fransa marşrutu" deyilən kursla birbaşa şərqə – Şimali İran ərazisi boyunca Məşhədə, Herata və Həbər və ya Bolan aşırımlarına gedir.
Xivə üzərindən Aral dənizinə, sonra Peşəvar, Kabul və Xeybər aşırımına hərəkətlənən variant da var idi.
Bunların içində ticarətin inkişafı üçün ideal kimi təqdim edilən, birbaşa Qara dəniz sahiliylə uzanan marşruta (çağdaş “Qara dəniz” layihəsinə) üstünlük verilirdi.
Bütün bunlar liberalizmlə (Böyük Britaniya) mütləqiyyət (Mütləqiyyət Rusiyası) arasında ideoloji mübarizə xarakteri daşıyırdı. Bu dövlətlərin əraziləri Qərbdə Egey dənizindən Şərqdə Yapon dənizinədək uzanırdı.
İki ölkənin qarşıdurması yaxın Şərq, Qərbi Asiya, Mərkəzi Asiya bölgəsi, Hinduquş dağları, Tibet, Monqolustan və Şərqdə Sakit okean bölgəsi ərazilərini əhatə edirdi.
Böyük Britaniya və Rusiya maraqları daban-dabana zidd idi. RF-nin tarixi missiyası Aralıq dənizi bölgəsinə çatmaq və buzdan azad ərazilər üzərində nəzarət əldə etməkdən ibarət idi. Rusiya Federasiyası bu qayda ilə dünyanın qalan hissəsiylə qarşılıqlı təsirə girmək niyyətindəydi. İngiltərə bu mübarizədə Rusiyaya basqı göstərməkdə daha az məsrəfli və aşkar, lakin daha effektli üsul və vasitələrə güvənirdi. SSRİ formalaşandan sonra Mərkəzi Asiya Rusiyanın məsuliyyət zonası olub və 70 il ərzində bölgə uğrunda mübarizə Sovet İttifaqıyla qarşıdurmanın tərkib hissəsi idi. Bu dövrdə bölgəyə monolit bütövlük kimi yanaşılırdı.
1991-ci ildən sonra keçmiş sovet Orta Asiyasının ərazisində hər birinin öz siyasi və iqtisadi inkişaf trayektoriyası, müxtəlif start imkanları və xarici dünyaya açıqlıq dərəcəsi olan 5 müstəqil dövlət yaranıb.
Çox sayda oyunçularla və “yumşaq” və “ağıllı” gücdən tutmuş hibrid müharibələrə qədər fərqli texnologiyaların işlədildiyi müxtəlif meydançalarda “Böyük oyun”un bölgənin yenidən geopolitik biçimlənməsi və resurslar üzərində nəzarətin (birbaşa və yaxud dolayı) təşkiliylə bağlı yeni, xeyli daha qəliz mərhələsi başlanıb.
Anqlosaks tabeçilik və Mərkəzi Asiyanın idarəçiliyi siyasətini indiki mərhələdə dünyaya hərbi-siyasi təsirə malik olan və dünya maliyyə sistemini praktik olaraq nəzarətə alan ABŞ öz üzərinə götürüb. O, planetin yeni bölgələrinə, xammal resursları bazarlarına təsrini tədricən genişləndirərək, özünün dünya ağalığını qurur.
Tarixi təcrübədən irəli gəlir ki, Mərkəzi Asiya Çinlə Avropanı birləşdirən böyük ticarət marşrutunun əsas hissəsi olmaqla həmişə böyük dövlətlərin toqquşma səhnəsi olub. Və indi də əvvəlkitək əsas oyunçular arasında belə döyüş meydanı olaraq qalır.
ABŞ milli təhlükəsizliyi üzrə keçmiş müşavir Zbiqnev Bjezinski hesab edirdi ki, Avrasiya Balkanları, həmçinin Cənubi Qafqaz (Azərbaycan, Ermənistan, Gürcüstan) və Mərkəzi Asiya (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan, Tacikistan) əlavə olaraq Yeni Yaxın Şərqin ölkələri olmalıdır.
UNESKO-nun geoməkan nisbəti versiyası üzrə, Monqolustan, Çinin qərb bölümü, Tibet, şimali-şərqi İran, Kəşmir ərazisi, Əfqanıstan, Pakistan, Rusiyanın şərq hissəsi, Tayqanın cənub zonaları, Mərkəzi Asiya dövlətləri, Uttar Pradeş, Xaryanu, Ximaçal Pradeş, Pəncab və Pakistan Mərkəzi Asiyaya daxil edilməlidir.
Vaşinqton Yaxın Şərqdə öz nüfuzunu gücləndirmək yoluyla bölgədə durumu sabitləşdirməyə hədəflənib. Birləşmiş Ştatlar hesab edir ki, bu bölgədə avtoritar rejimlər, aşağı yaşayış səviyyəsi hələ də saxlandıqca, terrorizmin əsas qaynaqlarından biri kimi, Amerikanın təhlükəsizliyi üçün təhlükə təşkil edir.
ABŞ-da Böyük Yaxın Şərq (BYŞ) planına əlavə olaraq, dünyann başqa bölgələrinin də yenidən təşkili üzrə layihələr hazırlanıb. O cümlədən Böyük Mərkəzi Asiyanın (BMA; Greater Central Asia) yaradılması konsepsiyası da.
O, BYŞ layihəsinin tərkib hissəsidir və həmin strateji hədəflərə tabedir: strateji maraqların şaxələndirilməsi və “məkanın sabitləşdirilməsi” – bu da Amerikanın üstün nüfuzunu nəzərdə tutmalıdır…
Amerika Birləşmiş Ştatları hər ikin layihənin – BYŞ və BMA-nın gerçəkləşməsindən sonra böyük bölgələrə nəzarət etməyi planlaşdırır.
Bu konsepsiyalar Vaşinqtondakı Con Hopkins Universitetiylə əməkdaşlıqda Mərkəzi Asiya və Qafqaz İnstitutunun iştirakıyla hazırlanıb. Layihənin əsas hipotezaları 2005-ci ilin avqustunda "Foreign Affairs" jurnalında müəllifi Frederik Starr olan “Əfqanıstan və qonşuları üçün Böyük Mərkəzi Asiya layihəsi”məqaləsində şərh edilib.
Böyük Mərkəzi Asiya ən böyük çoxmədəniyyətli və çoxmillətli bölgələrdən biridir. Onun sistem yaradan ən önəmli ünsürlərindən biri islamın geniş yayılması, həmçinin bir sıra geopolitik amillərdir (yeni və ən yeni dövrün dünya imperiyaları arasında bufer durumu ilə zəngin xammal resursları və mühüm geostrateji düzüm).
İndiki BMA təbii resurslar, böyük insan potensialı və Avropa ilə Cənubi Asiya, həmçinin Asiya-Sakit Okean Bölgəsinin anklavları arasında əlverişli ticarət marşrutları uğrunda dünya rəqabəti mərkəzlərindən biri kimi formalaşır.
Bu layihənin məğzi Mərkəzi Asiya dövlətləri və Əfqanıstanın vahid hərbi-strateji və geopolitik bütövlüyünü yaratmaqdır.
Bundan savayı, ABŞ-ın nəzarətində olacaq və Mərkəzi Asiya dövlətlərini və Əfqanıstanı ABŞ-ın nəzarəti ilə birləşdirəcək Əməkdaşlıq və İnkişaf üzrə Tərəfdaşlıq Bölgəsəl Forumu (Greater Central Asia Partnership (GCAP)) yaratmaqla, Böyük Mərkəzi Asiyanı Böyük Yaxın Şərq layihəsi ilə əlaqələndirmək planlaşdırılır. Bu, Amerikaya bu bölgədə qəti şəkildə möhkəmlənmək imkanı verəcək.
Layihənin başqa məqəsdi genişləndirilmiş bölgənin əlahiddələşməsi və Moskva və Pekinin inhisarçı təsirindən çıxarmaqdır.
Bu proqramın növbəti elementi Əfqanıstanın Pakistanın qarışdırıcı təsirindən çıxarmaq, Mərkəzi Asiyanın daha Qərbyönlü bölgəsinə bağlamaqdır.
BMA layihəsi ABŞ-ın və NATO-ya üzv ölkələrin iştirakıyla Əfqanıstanda durumun bundan sonrakı sabitləşdirilməsi perspektivləri çərçivəsində göstərilən cizgiləri cızır.
Bu planların əlaqələndirilməsi üçün Amerika dövlət müəssisələrinin yenidən institutlaşdırılması (yenilənməsi) prosesi həyata keçirilib.
Vaşinqton bölgəsəl və xarici siyasət vəzifələrini həyata keçirməyi qarşısına məqsəd qoyub ki, bu da ABŞ strategiyasının gerçəkləşdirilməsi üzrə bir sıra təşkilati-texniki və diplomatik tədbirləri həyata keçirməyi nəzərdə tutur.
Moskva və Pekin məhz buna görə Birləşmiş Ştatların bölgədə iştirakını öz maraqlarına təhdidi kimi qəbul edir.
Vaşinqton Yaxın Şərqdə Hindistan və Pakistanın fəallaşmasını təşviq edir, amerikalılar bununla da Rusiya və Çinin son dərəcə güclənəcəyi halda geopolitik manevr üçün yeni imkanlardan istifadə etməyə can atırlar.
Amerika Əfqanıstan və Mərkəzi Asiya bölgəsini bazar iqtisadiyyatı, dünyəvi və dövlət idarəçiliyinin açıq sistemləri ilə suveren dövlətlərin təhlükəsiz zonasına çevirməyə yardım etməlidir.
Başlıcası onların ABŞ-la tərəfdaşlıq münasibəti saxlamasıdır. Bunun üçün Əfqanıstana və qonşularına özlərini radikal islamdan, narkotik tacirlərindən qorumaq imkanı vermək, bölgə iqtisadiyyatını, dövlət institutlarını bölgənin Yaxın Şərqlə Cənubi və Şərqi Asiya arasında iqtisadi və siyasi körpü qismində xidmət etməyə iqtidarlı olacağı səviyyədə gücləndirmək, bölgə ticarət əlaqələrini və nəqliyyat strukturunu sabitləşdirmək lazımdır.
BMA layihəsinin iqtisadi bölməsində bölgə ölkələri üçün bu cür yönlər həyata keçirilir:
– Dünyanın ABŞ və Qərb ölkələrinin dominant olduğu maliyyə-iqtisadi strukturlarına sürətlə bağlanmaq;
– Bölgədə ticarət-nəqliyyat kommunikasiyalarının inkişafı, BMA-nın mal və xammal nəqlində mühüm qovşağa çevirmək;
– Bölgə ölkələrinin iqtisadiyyatında sənaye inkişafının qarşısında prioritet kimi aqrar sektora yardım.
ABŞ və Qərb ölkələri bu planı həyata keçirmək üçün planetin bütün bölgələrində müxtəlif layihələr hazırlayır. Vaşinqtonun bu layihələri həyata keçirməsi üçün energetika və nəqliyyat-kommunikasiya dəhlzilərini gerçəkləşdirməyi, sonralar isə qarşılıqlı ticarəti inkişaf etdirməyi lazımdır.
Buna uyğun olaraq həyata keçirilməsi ABŞ-ın ticarət və inkişaf üzrə Agentliyinin rəhbərliyi altında baş verən “Mərkəzi Asiyada inteqrasiya və inifrastruktur üzrə təşəbbüs” proqramının gerçəkləşdirilməsi başlanıb.
Onda sıradakı əsas vəzifələr müəyyən edilib: “Əfqanıstanı dünyanın başqa ölkələriylə bağlamaq, Mərkəzi və Cənubi Asiyanı birləşdirən infrastruktur obyektlərini yenidən qurmaq və inşa etmək, həmçinin adamlar arasında təmasların genişləndirilməsi hesabına sabitliyi yüksəltmək”.
Əfqanıstana energetik (gəlirlərin ən qazanclı maddəsi kimi) və digər resurslar üçün tranzit dəhlizi rolunu oynamağa, perspektivsiz durumdan iqtisadiyyatı inkişaf edən ölkələr kateqoriyasına çıxmağa potensial imkan verilir.
ABŞ Xəzər-Mərkəzi Asiya bölgəsi ölkələrinin diqqətini uzunmüddətli beynəlxalq təcrid və durğunluqdan sonra Əfqanıstanın reabilitasiyası üçün şərait yaratmaq mərhələsinə cəlb etməyə, bununla özündəki öhdəliklərin bir hissəsini qonşu dövlətlərə həvalə etməyə və xərclərin əsas yükünü onların üzərinə qoymağa can atır.
Lakin bunların hamısı yalnız Birləşmiş Ştatların maraqlarının gözlənəcəyi və yalnız amerikalılar üçün mənfəət halında həyata keçiriləcək.
Sovet təhsili almış müəllimlərin geniş zümrəsinin hələ də mövcud olduğu Mərkəzi Asiya ölkələrində təhsil sahəsinə xüsusi diqqət ayrılacaq.
Gələcək nəsillərin dünyagörüşünün dəyişilməsi və formalaşdırılması üçün Qərb standartları üzrə tədris proqramlarının islahatı və yenidən hazırlanmasına böyük vəsaitlər yönəldiləcək.
NATO-nun bölgədə fəaliyyətinin fəllaşdırılması, həmçinin BMA layihəsi çərçivəsində ABŞ-ın daimi əsasda bütün bölgəsəl siyasəti əlaqələndirəcəyi və təsir edəcəyi tərəfdaşlıq və əməkdaşlıq üzrə Özəl Şura yaradılması planlaşdırılır.
Siyasi prioritet parlament institutları və siyasi partiyaların, həmçinin vətəndaş hüquq və azadlıqları, qanunun aliliyinin inkişafı olacaq.
İki layihə qarşılıqlı şəkildə bir-birinə “calanıb” və onların calanması BMA və Mərkəzi Avrasiyada gələcək beynəlxalq münasibətlərə açardır.
Erkən inkişaf mərhələsində yalnız məkanın magistrallaşdırılmasının funksional vəzifələrinə malik olan “Məkan şəbəkələrinin dinamik modelləri” (Spatial Network Dynamics Model) deyilən xarici siyasət planlaşdırmasının ön plana sürülməsi “siyasi funksiyanın simvolu” kimi iki yöndə önəm qazanıb: təhlükəsizliyin təmini (yəni geostrateji planlaşdırma) və vahid geopolitik sahə çərçivəsində bu prosesin bütün qeyri-bərabərliyi ilə yanaşı, bölgə ölkələrinin daxili-siyasi inkişafı üçün bərabər şəraitin yaradılması.
Bu neokonsept öz hədəflərinə yetişəndə, aktuallığını itirir…