ÇİNİN NƏHƏNG LAYİHƏSİNDƏ PROBLEM -“Eurasianet” yazır
Çin Avrasiyadakı iqtisadi iştirakını daha da genişləndirmək yolunda özünün nəhəng “Bir zolaq və bir yol” layihəsinə xüsusi önəm verir.
Yenixeber.org: Belə bir təşəbbüsün reallaşması, iri miqyaslı dəmir yol infrastrukturunun genişləndirilməsi üçün böyük yatırımlar tələb edir.
Lakin bu layihənin həyata keçirilməsi və planlaşdırılması təşəbbüsü çərçivəsində həm Çin Xalq Respublikasının (ÇXR) daxilindəki müxtəlif dövlət strukturlarının koordinasiyalı fəaliyyətində və həm də Çin ilə Mərkəzi Asiya dövlətləri arasında problemlər mövcuddur.“Bir zolaq və bir yol” təşəbbüsünün dəmir yolu seqmenti ambisiyalı və çox mürəkkəb layihədir. Plana müvafiq olaraq Mərkəzi Asiyanın ərazisi ilə üç əsas dəmir yolu qolu çəkilməlidir.
Qərb istiqamətindəki “Bir nömrəli qol” Çinin Sinçzyan əyalətindən başlayıb Qazaxıstan ərazisində davam edərək, Trans-Sibir magistral qovşağına qədər uzanıb, sonradan Belarusdan keçərək, Avropa Birliyinə kimi çatmalıdır.
Qərb istiqamətindəki ”İki nömrəli qol” Sinçzyandan Qazaxıstana, daha sonra isə Türkmənistan, İran, Türkiyədən keçməklə, Avropa Birliyinə gedən yoldur. Bu marşrutun bir istiqaməti isə ayrılaraq Qazaxıstan ərazisini, sonra Xəzər dənizini bərələrlə keçərək Qafqaza qədər gedəcək.
Qərb istiqamətindəki “Üç nomrəli qol” ÇXR-in qərbindəki Kaşqar şəhərindən başlayıb, İrkeştam aşırımını keçmək şərtiylə Qırğızıstanın Oş şəhərinə çatdıqdan sonra Özbəkistan, Türkmənistan, İran, Türkiyə ərazilərindən gedərək Avropaya uzancaq.
Bu istiqamətlərlə yanaşı, həmçinin şərq istiqamətində də qol ayrılır. Həmin istiqamət Orta Asiyadan yan keçməklə, Çinin Daxili Monqolustan əyalətindən başlayaraq, Trans-Sibir magistralı ilə Avropaya doğru gedir.
Hələlik ÇXR planının həyata keçməsinə məneə törədən səbəblərdən biri də, Pekinin Mərkəzi Asiyanın özünəməxsusluğunu anlamamasından və eyni zamanda da Çin rəhbərliyinin buradakı dövlətlərin sosial-mədəni aspektlərini nəzərə almamasından irəli gəlir.
Mərkəzi Asiya liderləri ilə ünsiyyət zamanı Çin hökuməti “Bir zolaq və bir yol” təşəbbüsünü xalis praqmatik tərzdə və iqtisadi terminlərdən istifadəyə baş vuraraq izah edirək, deyirlər ki, bunun həyata keçməsi bütün ölkələrə fayda gətirəcək. Amma bir çox müstəqil icmalçılar hesab edirlər ki, məsələyə bu cür yanaşılması digər mühüm aspektlərin nəzərə alınmaması ilə bağlıdır.
Birincisi – siyasi nöqteyi-nəzərdən Mərkəzi Asiya dövlətləri özünün mərkəzi siyasi sistemi ilə fərqlənən Çinə bənzəmirlər. Mərkəzi Asiya ərazisində dövlət idarəetməsinin müxtəlif formaları mövcuddur. Əlavə faktor isə bu dövlətlərin Moskva ilə müxtəlif səpgidəki əməkdaşlığıdır və bəzən mərkəzi hökumət ilə yerli hakimiyyət arasında sadə olmayan münasibətlər hökm sürür.
İkincisi – belə görünür ki, Çin məmurları Mərkəzi Asiya liderlərinin sosial-iqtisadi sferadakı qorxularını anlamırlar. Mərkəzi Asiya liderləri hesab edirlər ki, nəhəng Çin iqtisadiyyatı onların daha kiçik iqtisadiyyatlarını udaraq, öz içərisində əridəcək və beləliklə də, dövlət ilə cəmiyyət tamamilə transformasiyası olunacaq.
Həmçinin, Pekin bu ambisiyalı planın həyata keçirilməsi yolunda daxili əngəllərlə də qarşılaşır. Nəqliyyat probleminin həll edilməsi istiqamətində Pekinin əsas vasitələrindən biri də, istehsalın artırılması üçün beynəlxalq əməkdaşlıq siyasətidir. Bu proqramın başlıca məqsədi Çindəki istehsalı bir mərkəzdə cəmləmək əvəzinə yeni istehsal yerlərinin açılmasından ibarətdir. Beləliklə də, Pekin hökuməti ölkədəki istehsal yükünü azaltmaq və yollardakı daşıma çətinliyi problemini həll etməklə, Çin məhsullarının effektiv ixracını artıra bilər.
Bu siyasət çərçivəsində Pekin Çin firmalarına ölkə xaricinə çıxmaqla, orada zavod və fabrik qurulmasının vacibliyini təlqin edir. Çin hakimiyyəti bir sıra istehsal şəbəkələrinin xaricə çıxarılmasına yardım edilməsinə və qonşu ölkələrdəki nəqliyyat infrastrukturlarının maliyyələşməsi ilə bağlı dövlət müəssisələrinə müvafiq göstərişlər verib. Əslində bu qonşu ölkələr üçün də əlverişlidir. Çünki həmin sistem istehsalın həcmini artırmağa köməklik göstərir.
Problem ondadır ki, bu proqramın həyata keçirilməsi paytaxtdakı planlaşdırma mütəxəssislərinin yardımı ilə ayrıca şəkildə Çinin əyalət rəhbərlərinə tapşırılıb. Çin maliyyə təşkilatları əyalət rəhbərliyi səviyyəsində istifadə oluna biləcək maliyyə mexanizmləri yaradırlar. Lakin bu strategiya olduqca risklidir. Ən böyük çətinlik məmurların xarici hökumət və təşkilatlarla ünsiyyət qabiliyyəti və təcrübələrinin aşağı səviyyədə olmasından qaynaqlanır. Bu da öz növbəsində xeyli problemlər törədə bilər.
Pekin “Bir zolaq və bir yol” təşəbbüsünün uğurla başa çatmasından ötrü, beynəlxalq arenada səmərəli iş aparmaq üçün yerli məmurları lazımı hazırlıq səviyyəsinə gətirməlidir. Digər tərəfdən isə sabit maliyyə təmin edilməsi çox vacibdir. Həm də ki, çinli məmurlar Mərkəzi Asiya ölkələrinə yanaşmalarına yenidən baxmalıdırlar. Onlar regionu bütün rəngarəngliyi ilə birlikdə yaxşı öyrənməli və qonşularının sosial və mədəni sferalardakı qorxularına daha çox diqqət yetirməlidirlər.
(“Eurasianet”-ABŞ)