Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Milli Şuradan Avropa Birliyi ilə bağlı mühüm sənəd

 

 

 

      Ölkə ictimaiyyəti Assosiasiya sazişinə qoşulmağı tələb edən bəyannamə imzaladı

 

   "Xeberinfo.com": İyunun 23-də Milli Şuranın təşəbbüsü ilə Azərbaycan ictimaiyyəti adından ölkənin Avropa Birliyinin Assosiasiya sazişinə qoşulmasına çağıran bəyannamə təqdim olunub. Təqdimat mərasimində Milli Şura üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib, sənədlə bağlı fikirlərini bölüşüblər.

 

Azərbaycan hansı yolla getməlidi: Avrasiya İttifaqımı, Avropa Birliyimi?

 

İlk çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli oldu. Cəmil Həsənli bildirdi ki, iyun 27-də post-sovet məkanın böyük bir coğrafiyası - Ukrayna, Moldova və Gürcüstan respublikaları Şərq Tərəfdaşlığı sazişini imzalayacaq və bununla da Avropa Birliyinin sərhədləri ikinci dəfə Şərqə doğru addımlar atmış olacaq: “Birinci mərhələdə daha çox keçmiş sosialist və pribaltika ölkələri bu birliyin müxtəlif proqramlarında iştirak edirdilər və birliyin üzvü oldular. İndi yeni bir dövlət qrupunun Avropa Birliyinə inteqrasiya olunması məsələsi gündəmə gəlib. Bizim düşüncəmizə görə, Azərbaycan da bu ölkələrin içərisində olmalı idi. Yəni, bütövlükdə Şərq Tərəfdaşlığı sazişi qeyd etdiyim ölkələrlə bərabər bizə də təklif edilmişdi. Bir sıra rəsmi məlumatlarda bu təklif inkar edilir. Avropa Birliyinin yaxın günlərdə rəhbərliyinin Bakıya səfəri zamanı mətbuat üçün xüsusi açıqlamada bildirildi ki, Ukraynaya, Moldovaya və Gürcüstana olunan təkliflər Azərbaycana da edilib. Bu prosesin gedişində ciddi çətinliklər var. Biz bunu anlayırıq. Ancaq eyni zamanda bu çətinliklərdən çıxışların yolu barədə də düşünmək lazımdı. Biz hesab edirik ki, bu yol Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramına inteqrasiya olunmaqdan ibarətdir. Son zamanlar Azərbaycana xarici ölkələrin dövlət başçılarının, beynəlxalq təşkilatlarının rəhbərlərinin səfərləri artıb. Bu daha çox seçim anının müəyyən edilməsiylə bağlıdı. Yalnız son iki həftə ərzində Rusiyanın yüksək vəzifə sahiblərinin də Azərbaycana səfərlərinin müşahidə etmişik. Bu səfərlər dalğası hələ də davam etməkdədi. Avrasiya İttifaqımı, Avropa Birliyimi? Seçim bundan ibarətdir. Azərbaycan hansı yolla getməlidi?”.

 

“20 il bir ölkənin seçim etməsi, öz yolunun müəyyənləşməsi üçün kifayət qədər böyük bir vaxtdı”

 

Milli Şura sədri deyir ki, Azərbaycan öz yolun hələ 1918-ci ildə müəyyən edib: “Bizim qurucu babalarımız Azərbaycan Cümhuriyyətini yaradanda o dövləti sivil dünyanın içərisəndə, Avropa məkanında gördüklərini bəyan etmişdilər, bunun uğrunda mübarizə aparmışdılar. Nəticə etibarı ilə Azərbaycan Birinci Dünya Müharibəsindən sonra ilk Türk-Müsəlman Cümhuriyyəti olaraq 1920-ci ilin yanvarın 11-də Versal Ali Şurası tərəfindən tanınmışdı. Yəni, həmin tarixdən etibarən Avropanın bir hissəsi olmuşdu. Azərbaycan müstəqilliyinin bərpasından sonra da bu istiqamətdə addımlar atılıb. Həm BMT-nin, həm ATƏT-in üzvlüyünə qəbul olunmuşdu və bir sıra beynəlxalq təşkilatlara inteqrasiya siyasəti götürülmüşdü. Ancaq son 10 ildə Avrointeqrasiyadan bu və ya digər formada çəkilmə müşahidə edirik. Ümid bəsləyirdik ki, Avropa Şurasında Azərbaycanın mövcudluğu Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyasında böyük bir addım olacaq. Təəssüflər olsun ki, biz bunun əksini gördük. 20 ildir ki, müstəqilik. Bu 20 il bir ölkənin seçim etməsi, öz yolunun müəyyənləşməsi üçün kifayət qədər böyük bir vaxtdır”.

Cəmil Həsənlinin fikrincə Azərbaycan hakimiyyətin nəzərdə tutur ki, biz Avropaya neft, qaz və başqa yanacaq, energetika məhsulları satırıqsa, bunun əvəzində Qərb bizim antidemokratik, antihumansit əməllərimizə, seçki saxtakarlığımıza göz yummalıdır, ölkənin içərisində bizə fəaliyyət azadlığı verməlidi: “Əlbəttə, bu Azərbaycan xalqı, Azərbaycan milləti üçün sərfəli yol deyil. Buna görə də biz Azərbaycanın Avropaya inteqrasiyasının zəruriliyi barədə biz bəyannamə hazırladıq və bununla əlaqədar olaraq respublika ictimaiyyətinə, siyasilərə, QHT-lərə, gənclər və hüquq müdafiə təşkilatlarına, ziyalılara müraciət etdik. Qısa zamanda 85 nəfər bu bəyannaməni imzayıb. İndinin özündə də bəyannaməyə qoşulanlar var”.

 

“Bu prosesdən qalib gələcək əsas subyekt Azərbaycan xalqıdı”

 

AXCP sədri Əli Kərimli imzalanan bəyannamənin mahiyyətindən danışarkən qeyd etdi ki, bu sənədi imzalayan siyasilərin, vətəndaş cəmiyyəti nümayəndələrinin mövqeyi Azərbaycan tezliklə assosativ sazişi imzalamalıdı: “Niyə görə biz bu qərara gəlmişik? Biz qərara almışıq ki, Azərbaycan dövləti olaraq qurulanda belə Avropada formalaşmış dəyər və prinsiplər əsasında qurulmuşuq. O zamanda xalq cümhuriyyətinin əsas strateji xətti müasirləşmək, Avropaya inteqrasiya olub. İkincisi, biz nəzərə alırıq ki, Avropa Birliyi indiyə qədər bir neçə dəfə qətnamələr qəbul edib. Avropa parlamentində və Azərbaycanın bütövlüyünə güclü dəstək verib. Bunu nəzərə alırıq biz. Üçüncüsü, Avropa Birliyi elə bir qurumdur ki, o üzvlərinin müstəqilliyini əlindən almadan onlar istənilən vaxt oranı tərk edə bilirlər, istənilən vaxt qərarlarını qəbul edə bilirlər. Ancaq həmin üzvlərinin inkişafına xidmət edir. Nəhayət, ən vacibi isə odur ki, Avropa Birliyilə inteqrasiya, xüsusən Assosativ sazişin imzalanması bizi həyatın ən müxtəlif  sahələrində vergidən, gömrükdən tutmuş hətta kənd təsərrüfatı, bank işi, avtomobil yollarının tənzimlənməsi, qanunvericilik, seçki, məhkəmə sistemi, təhsil, səhiyyə bir sözlə Avropa Birliyində can atdığımız yüksək standartlara yaxınlaşdıracaq. Biz açıq bəyan edirik ki, bu seçimi edən zaman kiminsə xatirinə, kiməsə xoş gəlmək üçün yox, Azərbaycan xalqının daha yaxşı həyata yetişə bilməsi üçün edirik. Bu prosesdən qalib gələcək əsas subyekt Azərbaycan xalqıdı”.

 

“Siyasi məhbuslar azad olunmalı, digər demokratik islahatlar başlanmalıdı və bundan sonra Azərbaycanın Avropaya inteqrasiyasına zəmin yaranacaq”

 

AXCP sədri deyir ki, Azərbaycan Rusiyanın rəhbərliyi ilə formalaşan Avrasiya İttifaqına sürüklənməyə qoşulur: “Azərbaycana müxtəlif yollarla – həm həvəsləndirmə, həm təzyiqlərlə bu birliyə cəlb etmə səyləri var. Bu birlik Azərbaycanın nə siyasi, nə iqtisadi maraqlarına uyğundu. Azərbaycanın ixracatının yalnız 4 faizi, idxalatının 18 faizi bu birliyin üzvü olan ölkələr aiddi. Əgər iqtisadi birlikdirsə, bizim burda olmağımızın heç bir əsası yoxdur. Sadəcə bu faktla mövzunu qapatmaq lazımdı”.

Əli Kərimlinin sözlərinə görə, Azərbaycan hökuməti assosativ sazişi imzalamaqdan ötrü iki mühüm addım atmalıdı: “Azərbaycan hökumətindən bizi eşidən, tərəfdarımız olan minlərlə, yüzminlərlə insanın adından tələb edirik ki, nəhayət bu Assosasiya sazişini imzalayacağını bəyan etsin. Biz bəyannaməylə tələb edirik, vaxt gələcək başa düşməsələr mitinqlərlə bunu tələb edəcəyik. Bu bizim – Azərbaycan xalqının böyük bir kəsiminin tələbidi. Biz assosiya sazişinin imzalayacağının açıq bəyan olunmasını istəyirik. Azərbaycan hökuməti siyasi mövqeyini bildirsin. Bu barədə siyasi bəyanatınızı verin ki, sazişi imzalamağa hazırsınız, siz Azərbaycanın avrointeqrasiyadan qarşısını almayacaqsınız. Biz bunu tələb edirik. Azərbaycan bu sazişi imzalamaqdan ötrü iki mühüm addım atmalıdı. Biri ondan ibarətdir ki, 18 illik uzadılan danışıqlardan sonra Azərbaycan dünya təşkilatına üzv olmalı, ikincisi bugünki rejim şəraitində Avropaya inteqrasiyamız real söhbətə oxşamır. İlk növbədə siyasi məhbuslar azad olunmalıdır, digər demokratik islahatlar başlanmalıdı və bundan sonra Azərbaycanın Avropaya inteqrasiyasına zəmin yaranacaq”.

 

“Hakimiyyət Azərbaycan vətəndaşına, dövlətinə xidmət etməlidi”

 

KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycan hökumətinin qorxaq, amansız və şanslı olduğunu söylədi: “Azərbaycan hakimiyyəti qorxaqdı, vətəndaş olaraq bunu gözəl bilirik. Amansızdı öz vətəndaşına qarşı - bunu hər kəs bilir. Şanslıdı, hər zaman qəribə bir bəxti gətirir ki, bu və ya digər hallarda biz dolayı yolla da olsa hakimiyyətə dəstək oluruq. Azərbaycan naminə dəstək oluruq, ona bir yol göstəririk, əl uzadırıq, mesaj veririk, hesab edirik ki, Azərbaycan naminə bu addımlar atılmalıdı. Seçim qarşısında olan Azərbaycan hakimiyyəti də doğru, dürüst nəticə çıxarmalıdı. Azərbaycan vətəndaşına, Azərbaycan dövlətinə xidmət etməlidi”.

 

“Avropa Birliyinin Ukraynanın, Gürcüstanın, Moldavanın ərazi bütövlüyünə olan münasibətlə Azərbaycanın ərazi bütövlüyünə münasibəti arasında heç bir fərq yoxdu”

 

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli dedi ki, iyunun 27-də baş tutacaq imzalanma mərasimi bizim Avropa inteqrasiya yolumuzun önün açan hadisə olacaq: “Bundan sonra Azərbaycan cəmiyyəti, demokratik kəsimi daha çox öz qüvvələrini səfərbər etməlidi. Azərbaycanda avrointeqrasiya tərəddüd edən insanlar ən çox sığındığı yer Qarabağ məsələsidi. “Qarabağ məsələsini Rusiya həll edə bilər”, “Qarabağ problemini açarı Rusiyanın əlindədi”, “Avropaya getməklə Qarabağı itirəcəyik”, “Ukraynada nələr baş verdi onu gördük” deyirlər. Bu yaxınlarda Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri öz diliylə cəmiyyətimizin bir kəsimində olan bu illuziyalara son qoydu. Bildirdi ki, Dağlıq Qarabağ beynəlxalq bir konfiliktdi və bunun həllini hamıdan gözləmək düzgün deyil. Bununla da o opponentlərimizin Avrointeqrasiyaya ləngiməyimizin sığındıqları yeganə arqumenti də darmadağın oldu. Bundan əlavə Avropa Birliyinin Dağlıq Qarabağla bağlı kəskin mövqeyi var. İşğal olunmuş ərazilərin bərpa olunmasını bəyan edib. Avropa Birliyinin Ukraynanın, Gürcüstanın, Moldavanın ərazi bütövlüyünə olan münasibətlə Azərbayacanın ərazi bütövlüyünə münasibəti arasında heç bir fərq yoxdu”.

 

“Avropaya yaxınlıq isə istər-istəməz bir zamanlar onun törətdiyi əməllərə görə xalqın qarşısında cavab verməli olacaq”

 

İbrahim İbrahimli isə hesab edir ki, Azərbaycan hakimiyyətin siyasi cəhətdən Rusiyaya, iqtisadi cəhətdən Qərbə bağlı olduğundan müstəqil siyasət yürüdə bilmir: “20 ildən artıq “balanslaşdırılmış siyasət” və bu siyasət geosiyasi konyuktura üzərində qurulduğuna görə dünyada baş verən proseslərin sürəti təbii ki, konyukturanın sürətlə dəyişməsinə səbəb olur. Buna görə də Azərbaycan hakimiyyəti özünü qoruyur. İndiyə qədər dövlət maraqlarından deyil, şəxsi maraqlardan çıxış edərək Rusiyaya Amerika müstəvisində manevr etməklə özünün şəxsi hakimiyyətini qoruyurdu. İndi manevr imkanları tükənir. Artıq növbəti bir mərhələ gələn ilin yanvar ayında Praqa sammitində olacaq. Bu sammitdə Azərbaycanın qarşısına daha ciddi seçim etmək tələbi qoyulacaq”.

Tanınmış vəkil Namizəd Səfərov deyir ki, çıxışına Ukrayna hadisələrindən başladı. O qeyd etdi ki, Ukrayna Rusiya meyilli bir mövqe nümayiş etdirdi, öz cəmiyyətiylə razılaşmadı, nəticədə belə bir arzuolunmaz hal baş verdi, inqilab oldu: “Bir daha təsdiq olundu ki, Ukraynanın Avropaya inteqrasiyadan başqa yolu yoxdu. Biz də öz növbəmizdə Ukrayna hadisələrindən dərs götürməliyik. Yeganə, düzgün yolun Avropaya inteqrasiya olduğunu qəbul etməliyik”.

 

Namizəd Səfərovun fikrincə hakimiyyət üzünü Rusiya tərəf yönəldir: “Çünki yaxşı bilir ki, törətdiyi əməllərə görə gələcəkdə yayınmaq üçün  yolu şərqə üz tutmaqdı. Avropaya yaxınlıq isə istər-istəməz bir zamanlar onun törətdiyi əməllərə görə xalqın qarşısında cavab verməli olacaq. Öz mövqeyimizi həm bu bəyanatda, həm də hadisələrin sonrakı gedişində ortaya qoymalıyıq”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam