"Türkiyə referenduma gedir"
Türkiyə referenduma doğru gedir və Erdoğan-ın səlahiyyətlərini artırmaqdan ötrü, yəqin ki, gələn yaz səsvermə olacaq.
Xeberinfo.com: Britaniyanın «The Independent» qəzeti analitiklərə əsaslanaraq belə yazır.
Türkiyədə iyuldakı çevriliş cəhdindən sonra fövqəladə vəziyyət hökm sürdüyündən hakimiyyət 10 minlərlə adamı asanlıqla cəzalandırır. Cəhdin arxasında dayanmaqda, ya da dayananlarla əlaqədə suçlandırılan 100 mindən çox adam ya işdən qovulub, ya da həbs edilib. Amma buaykı həbslər – kürd liderlərinin, müxalif «Cumhuriyet» qəzeti redaktorlarının tutulması, analitiklərin fikrincə, hakimiyyətin xeyli dərinə getdiyini, prezident Recep Tayyip Erdoğan-nın vəziyyətdən yararlanaraq, ölkə konstitusiyasını, sistemi dəyişmək niyyətini göstərir.
MHP-NİN DƏSTƏYİ
«The Independent»in yazdığına görə, Türkiyə rəsmiləri hesab edirlər ki, Erdoğan-ın dövlət başçısı ofisini kökündən dəyişdirməsi, yaranan durumu qanuniləşdirməsi üçün ölkədə tam bir prezident sisteminin qurulması zəruridir.
Referendum keçirməkdən ötrü Erdoğan-ın parlamentdəki çoxluğun razılığına nail olması şərtdir. Buna görə onun ultra-millətçilərin – Milli Hərəkat Partiyasının (MHP) dəstəyinə ehtiyacı var. MHP lideri Devlet Bahçeli isə hal-hazırda Erdoğan-ın çevriliş cəhdindən sonrakı siyasətini tam dəstəkləyənlərdən biridir.
Vaşinqtonda Yaxın Şərq Siyasəti İnstitutunun Türkiyə proqramının rəhbəri Soner Çağaptay AFP xəbər agentliyinə müsahibəsində deyib ki, məhz MHP ilə danışıqlar Erdoğan-ın kürdlərin siyasi partiyası ilə PKK qədər sərt davranmasına təkan verib: «Yaxın 6 ay ərzində biz Erdoğan-ın sağçı və millətçi proqramla çıxış edən çox güclü şəxsə çevrildiyini görə bilərik». S.Çağaptay-ın fikrincə, yaxında Erdoğan həm dövlətin, həm hökumətin, həm də hakim partiyanın başçısı ola bilər.
TRUMP-DAN GÖZLƏNTİLƏR
«Hürriyet» qəzetində Erdoğan-a yaxın məqalələriylə tanınan şərhçi Abdulkadir Selvi isə Türkiyədə aprel, ya da mayda referendum keçiriləcəyini yazır. Onun sözlərinə görə, səsverməyə qoyulacaq əsas məsələ vitse-prezidentin müəyyən edilməsi, parlament və prezident seçkilərinin keçirilməsi olacaq.
Erdoğan özü də ötən həftə çıxışlarından birində deyib ki, Fransa, ya da Birləşmiş Ştatlardakı kimi prezident sistemi Türkiyənin daha sürətlə inkişafına imkan verər.
Amma parlamentdə MHP-dən sonra 3-cü yerdə olan HDP (kürdlərin Xalq Demokratik Partiyası) dəyişikliklərin müxalifəti boğmaq məqsədi daşıdığına əmindir. HDP-nin hazırda həbsdə olan lideri Selahattin Demirtaş dəyişikliklərə qarşı çıxan əsas fiqurlardan biridir. Onun müavini Hişyar Özsoy deyib ki, Erdoğan HDP-ni məhz sistemi dəyişməyə əngəl olduğuna görə aradan qaldırmağa çalışır.
«The İndependent» qəzeti Erdoğan-ın Donald Trump-ı ABŞ-ın prezidenti seçilməsi münasibətilə təbrik edən ilk liderlərdən olduğunu vurğulayır, Ankaranın Trump-dan Obama ilə müqayisədə daha yumşaq yanaşma gözlədiyini yazır. Ancaq «Carnegie Europe» fondundan Marc Pierini qəzetə müsahibəsində buna inanmadığını, Trump-ın Türkiyədə insan haqları məsələsinə, dəyərlərə fərqli yanaşacağını gözləmədiyini bildirib: «Donald Trump-ın xarici siyasətinin nədən ibarət olduğunu, eləcə də Türkiyəyə münasibətini hakimiyyətə gəlişindən sonra biləcəyik».