“ABŞ-ın çevriliş cəhdində əli olmayıb”
Türkiyə liderləri Birləşmiş Ştatların Türkiyədəki 15 iyul çevriliş cəhdində əli olmadığını düşünür.
Xeberinfo.com: Bunu sentyabrın 6-da ölkənin baş nazirinin müavini Numan Kurtulmuş deyib.
«The New York Times» qəzetində Rick Gladstone yazır ki, bu açıqlama Türkiyədə ABŞ-ın həmin çevriliş cəhdinə bağlılığına dair bu ölkədə müxtəlif nəzəriyyələrin yayıldığı bir məqamda verilib.
NİYYƏT MƏSƏLƏSİ
N.Kurtulmuş Türkiyə xalqının bir gözləntisini də dilə gətirib – ABŞ ilahiyyatçı Fethullah Gülen-i Türkiyəyə ekstradisiya etsin. Türkiyə Pensilvaniyada yaşayan Gülen-i çevriliş cəhdini himayə etməkdə suçlayır. Prezident Recep Tayyip Erdoğan-ın rəqib kimi gördüyü Gülen isə bunu təkzib edir.
«Bilirik ki, bu, vaxt aparacaq. Bu, siyasətçilərin deyil, ədliyyə sisteminin işidir», – Kurtulmuş «The New York Times»a müsahibəsində deyib.
Nazir müavininin sözlərinə görə, Türkiyə ədliyyə rəsmiləri ABŞ-dakı həmkarlarına 80 qutu fayl göndəriblər, həmin fayllarda Gülen-in çevriliş cəhdinə bağlılığını göstərən informasiya var. Buna görə də Gülen Türkiyəyə ekstradisiya olunub mühakimə edilməlidir.
«Bu, zaman deyil, niyyət məsələsidir. Amerikalı müttəfiqlərimizin Türkiyə demokratiyasını dəstəkləmək yönündə aydın niyyətini görmək istərdik», – Kurtulmuş söyləyib.
«HEÇ BİR SÜBUT YOXDUR»
Məqalədə vurğulanır ki, çevriliş cəhdindən dərhal sonra Türkiyə liderlərinin sərgilədiyi qəzəblə müqayisədə N.Kurtulmuş xeyli mülayim danışıb.
Ölkənin bəzi rəsmiləri Birləşmiş Ştatların həmin cəhdin arxasında durmasına inandığını dilə gətirib. Obama administrasiyası isə bunu qətiyyətlə təkzib edib. Bəzi hökumətyönlü qəzetlərsə eybəcər konspirasiyalar nəzəriyyələrini davam etdiriblər.
N.Kurtulmuş bu iddialarla bağlı deyib: «Rəsmi mövqeyimiz aydındır. ABŞ rəsmilərinin dövlət çevrilişi cəhdini dəstəkləməsinə heç bir sübut yoxdur. Belə bir şey olsaydı, bizi öncədən xəbərdar edərdilər».
Onun sözlərinə görə, «çevrilişçilər özlərini o qədər məharətlə gizlədiblər ki, çox güman, öz aralarında gizli şəbəkələri olub».
AMERİKA ARANI DÜZƏLTMƏYƏ ÇALIŞIR
Qəzet qeyd edir ki, son vaxtlar Amerika Türkiyəylə əlaqələri nizamlamağa çalışır. Ötən bazar günü prezident Barack Obama Çində G20 sammiti çərçivəsində türkiyəli həmkarı Erdoğan-la görüşüb. Obama «dəhşətli çevriliş cəhdi»ndə əli olanların məsuliyyətə cəlb edilməsində Amerikanın yardımını boyun olub.
Fethulla Gülen «The New York Times»a məqaləsində də çevriliş cəhdinə bağlılığını inkar edirdi. Amma Türkiyə hökuməti onu silahlı qüvvələr, məhkəmələr, xəbər mediası, hökumət və cəmiyyətin digər seqmentləri vasitəsilə çevrilişin təşkilində suçlayır.
Bir neçə saatdan sonra iflasa uğrayan çevriliş cəhdində 260-dan çox adam həlak olub. O vaxtdan Erdoğan Gülen-in ardıcılı və müttəfiqi olmaqda şübhəli bilinənləri təmizləməklə məşğuldur. İnsan haqları fəalları və digər tənqidçilər isə bütün bunların Erdoğan-ın avtoritar hakimiyyətinin göstəricisi olduğunu bildirirlər. (azadliq.org)