Rusiya Azərbaycana Tovuzdan girmək istəyir
Moskva Bakıdan Ukraynanın qisasını alır.
Nyu-Yorkda Krımla bağlı səsvermədən az sonra Kreml Ermənistanın düyməsini basdı.
Azərbaycanın bir neçə kəndi gülləboran edildi.
Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasına şikayət edəcək.
"xeberinfo.com": Azərbaycanın martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin lehinə səs verən 100 dövlətin arasında olmasına Rusiyanın cavabı özünü çox gecikdirmədi. Krımda keçirilən referendumun nəticələrini tanımayan sənədin qəbulundan az sonra Ermənistan ordusunun Azərbaycana qarşı həyata keçirtdiyi təxribatlar düymənin Moskvadan basıldığına şübhə yeri qoymur.
Qeyd edək ki, erməni silahlı bölmələri martın 27-dən 28-nə keçən gecə Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Bundan əlavə, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Daşkəsən, Göygöl və Xocəvənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Rəsmi məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Tovuzdan verilən ilkin məlumatda erməni silahlı bölmələri tərəfindən atəşkəsin pozulması nəticəsində silahlı qüvvələrimizin bir əsgərinin yaralandığı deyilirdi. Ancaq Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, son iki gündə cəbhə xəttində Azərbaycan əraziləri Ermənistan tərəfindən intensiv atəşə tutulsa da, atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun heç bir hərbi qulluqçusu xəsarət almayıb və bu haqda yayılan xəbərlər də həqiqətə uyğun deyil. Daxili İşlər Nazirliyi isə Tovuzun dinc sakininin ermənilər tərəfindən vurulması faktı ilə bağlı məlumat yayıb. Məlumata görə, martın 28-də saat 02:00 radələrində Tovuz rayonunun Əlibəyli kənd sakini Elman Tağıyev ermənilər tərəfindən açılmış atəşdən xəsarət alıb.
Millət vəkili ermənilərin yaraladığı mülki vətəndaşın yaralanmasından yazıb
“Gecə demək olar ki, yata bilməmişik”. Məlumata görə, Tovuz rayonundan seçilən millət vəkili Qənirə Paşayeva 27 mart gecəsindən etibarən rayonun Əlibəyli kəndi istiqamətində ermənilərin atəşkəsi pozmasından və nəticədə bir nəfər mülki vətəndaşın yaralanmasından yazıb. Deputat cəbhədəki vəziyyət barədə öz facebook səhifəsində məlumat paylaşıb. “Ermənistan və onun silahlı qüvvələri yenə də özlərinin çirkin hərəkətlərindən əl çəkmirlər.
Gecə demək olar ki, yata bilməmişik. Ermənistan Silahlı Qüvvələrinin Tovuzun Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması, axşam saatlarında mülki vətəndaşın maşınını, sonra isə kənd sakini Etibar Tağıyev qardaşımızın evini, kənd sakinlərinin evlərini atəşə tutması nəticəsində gərgin və narahat bir gecə yaşadıq. Sivil insanların evlərini atəşə tutmaq və onlara zərər vurmaq. Özəlliklə axşam saatlarında. Çünki o zamanlar bütün ailə evdə olur. Ermənistanın və onun silahlı qüvvələrinin xisləti bundan ibarətdir. Bu dəfə də insanlığa sığmayan əməllərini davam etdirərək Etibar qardaşımızın evini gülləyə tutublar və güllələrdən biri evin divarını keçərək onu ayağından yaralayıb. Rayon xəstəxanasına çatdırılan Etibar qardaşımızın vəziyyəti çox şükür indi normaldır. Həkimlər sağ olsunlar, bütün yardımlar olunub və qardaşımız ayağını itirmə təhlükəsi daşımır. Etibar qardaşımızın özü ilə də telefonla danışdım və keçmiş olsun diləklərimi çatdırdım”.
Hələ ki ATƏT-in Minsk Qrupu erməni təcavüzünə reaksiya verməyib. Düzdür, son günlər təmas xəttində qarşılıqlı itkilərlə müşayiət olunan intensiv atışmalar baş verirdi. Ancaq Tovuz rayon sakinlərinin bildirdiyinə görə, ən azı son 6 ayda düşmən tərəfin bu qədər azğınlıq nümayiş etdirməsinin şahidi olmamışdılar. Krımı özünə birləşdirəndən sonra Rusiyanın nəzərlərini tamamilə ram edə bilmədiyi daha bir GUAM üzvünə - Azərbaycana yönəldəcəyi barədə çox danışılırdı. Son günlər hətta beynəlxalq səviyyədə də Azərbaycanın hədəfdə olduğu barədə xəbərdarlıqlar çoxalmışdı. Kremlin Dağlıq Qarabağı özünə birləşdirməklə bağlı planı işə salacağı, bölgədə müharibəni alovlandıracağı barədə ehtimallar səslənir. Rusiyalı politoloq Sergey Markedonov isə demişdi ki, Rusiyanın Dağlıq Qarabağı müstəqil ölkə kimi tanıması Azərbaycanla münasibətlərindən asılıdır. BMT-dəki səsvermə isə Moskvaya Bakı ilə münasibətlərinə yenidən baxmaq üçün əlavə bəhanə verir.
Bu mənada Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması təəccüblü görünmür. Gərginliyin işğal altındakı Azərbaycan ərazilərindəki erməni hərbçiləri ilə Azərbaycan əsgərlərinin təmas xəttində deyil, iki ölkənin sərhədində müşahidə olunması da şübhəsiz ki, məqsədlidir. Məsələ bundadır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü və hərbi müttəfiqi kimi Rusiyanın Ermənistana birbaşa hərbi dəstək verməsi baxımından cəbhənin Tovuz bölgəsi Moskva üçün əlverişli sayılır. Ötən ilin ortalarında Gümrüdəki hərbi bazasındakı qüvvələrini bir neçə dəfə artıran Rusiya şübhəsiz ki, Azərbaycanın Ermənistana zərbə endirməsi üçün bəhanə gəzir. Bu mənada Tovuzda dinc sakinlərin atəşə tutulmasının Moskvada hazırlanmış təxribat planı olmasına şübhə yeri qalmır.
Yeri gəlmişkən, bu gərginlik Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyanın Haaqada keçirdiyi görüşdən bir gün sonraya təsadüf etdi. Ancaq ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin öz twitter səhifəsində yazdığı kimi, prezidentlər budəfəki görüşdə qısa danışıblar. Bu isə görüşün gərgin keçməsi və faktiki olaraq baş tutmadığı anlamını verir. Mümkündür ki, prezidentlərin görüşünün uğursuzluğu da Rusiyanın Sərkisyanı təlimatlandırmasının nəticəsidir.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə şübhə etmir ki, Tovuz bölgəsində baş verənlər Rusiyanın təhdididir: “Rusiya bir yandan Dağıstanda hərbi manevrlər keçirir, digər tərəfdən Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəsi ermənilərə pozdurur. Atəşkəsə rəhbərlik edən Moskvadır. Atəşkəs onun istəyinə uyğun olaraq pozulur. Biz bu təxribatlara hazır olmalıyıq, çünki bizim başqa çıxış yolumuz yoxdur. Əks təqdirdə gərək müstəqilliyimizdən imtina edib Ermənistanın gününə düşək.
Məsələn, Raqozin deyib ki, Rusiyanı BMT-də dəstəkləməyənlər Amerikanın dabanaltılarıdır. Ondan soruşmaq lazımdır ki, bəs biz sizin tərkibinizdə olanda nə idik? Bu gün Rusiya özünü olduqca aqressiv aparır və ordumuz hər bir həmləni dəf etməyə hazır olmalıdır. Bizim buna lazımi qədər imkanımız və qüvvəmiz də var”. Politoloq deyir ki, Rusiya Azərbaycana qarşı təxribatlara əl atsa da, ölkəmizi işğal etməyə cürəti çatmaz: “Ona görə ki, Azərbaycanın işğalı Amerikanın neft şirkətlərinə və maraqlarına zərbə deməkdir. Belə vəziyyətdə isə Rusiyaya müharibə elan oluna bilər. Ukraynada nə ABŞ və Avropanın konkret marağı yox idi, Krımda hansısa Avropa, Amerika şirkəti çalışmırdı. Amma Azərbaycan artıq Qərbin bir hissəsidir. Rusiya sadəcə bizi qorxudur. Ukrayna böhranı hələ təzə başlayıb, düşünmək olmaz ki, dünya Krımın işğalı ilə razılaşacaq. Azərbaycan BMT-də Rusiyanı dəstəkləmədiyi üçün Moskva tərəfindən təhdid olunur”. V.Quluzadə deyir dünyanın diqqəti Azərbaycandadır: “Rusiyanın bütün əsgəri hərəkətləri Amerikanın peykləri tərəfindən izlənilir.
Burda ictimaiyyət səviyyəsində hay-küy qaldırmağa dəyməz. Azərbaycan rəhbərliyinin kanalları var, o, istənilən ölkə ilə təmaslar qurmağa qadirdir”.
Tovuzun özünümüdafiə batalyonunun keçmiş komandiri Etibar Əmiraslanov baş verənlər barədə “Yeni Müsavat”a dedi ki, atışma gündüz saatlarında başlamışdı: “Ancaq sakinlərin evlərə yığılan vaxtı gərginlik görünməyən dərəcədə artdı. Ermənilər hətta alışqan istifadə edənlərə də atəş açırdılar.
Bütün evləri deşik-deşik ediblər. Bu kənd hətta Qarabağ müharibəsində də belə hadisə görməmişdi”. E.Əmiraslanov Azərbaycan tərəfinin düşmənə adekvat cavab verməməsindən təəccüblənib: “Bir var cavab qaytarıla, o halda camaatın da ürəyincə olur. Ancaq bu dəfə düşmənin 100 atəşinə, 3-4 güllə ilə cavab verilirdi. Vaxtilə ermənilər səngərə güllə atanda biz düşmənin yaşayış məntəqələrini atış altında saxlayırdıq ki, erməni sakinlər hərbçilərin özbaşınalığına etiraz edib onları durdursun. Ancaq indi onlar kəndimizə atır, bizimkilər səngəri atəşə tutur. Əksinə, kəndlərə atmaq lazımdır ki, erməni əhalisi də narazı olsun, öz hərbçilərinin cavabını versin.
Ermənilər atəşkəs dövründə sərhəd boyunca səngərlər qazıb möhkəmləndi, indi də bizi güllə altında saxlayır. Bir gecədə həmin 3-4 səngər götürülsə, ermənilər birdəfəlik yerində oturar, camaat da sakit yaşayar. Ancaq düşmən görür müqavimət yoxdur, azğınlaşır. Əhali gecələr ailə-uşağı kənddən çıxarır”. E.Əmiraslanov bir daha ordu rəhbərliyi ilə görüşmək istədiyini vurğuladı: “Ermənilər təmiz harınlayıb, özü də onlar peşəkar hərbçilər, muzdlu döyüşçülərdir. Hər 10 gənc əsgərin yanına iki köhnə döyüşçü qoyulmalıdır. Biz keçmiş döyüşçülər buna hazırıq”.
Rəsmi Bakı Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü və cəbhədəki təxribatları ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət edəcəkmi?
XİN-in mətbuat katibi Elman Abdullayev açıqlamasında bunu istisna etmədi: “Ermənistan tərəfinin cəbhə xəttində həyata keçirtdiyi təxribatları barədə mütəmadi olaraq BMT və digər təşkilatlara məlumat göndərilir. Birbaşa BMT-nin baş katibinə həmin məlumatlar bizim daimi nümayəndə tərəfindən ünvanlanır, bu barədə ətraflı hesabat verilir və BMT-nin rəsmi sənədi kimi həmin qurumda yayılır. Təkcə sonuncu yox, bütün təxribatlar, ölüm halları, xəsarətlər, günahsız insanlara qarşı hücum faktları toplanır və BMT-yə ünvanlanır”. Bəs rəsmi Bakı Ermənistan-Azərbaycan cəbhəsindəki gərginliklə əlaqədar BMT Təhlükəsizlik Şurasının toplantısının çağırılması təşəbbüsü ilə çıxış edə bilərmi? E.Abdullayev: “Biz dəfələrlə bu məsələni qaldırmışıq. BMT-nin Baş Assambleyasının gündəliyində işğal altındakı Azərbaycan ərazilərdəki vəziyyətlə bağlı bənd var. Bu bənd altında Azərbaycan istədiyi vaxt bu bəndə istinad edərək müzakirələrə və ya qətnamənin qəbul olunmasına yol aça bilər. Yəni Azərbaycan həmişə bu hüququnu saxlayır və buna istinad edir”.