“Bəziləri dövlət büdcəsinə vəsait ödəməkdən yayınmağa çalışır…”
“Son illər baş verən qlobal iqtisadi böhran dünyanın əksər ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərib. Neftin qiymətinin son bir ildə aşağı düşməsinə paralel olaraq əksər ölkələrin milli valyutaları kimi Azərbaycan manatı da devalvasiyaya məruz qalıb. Neftdən asılılığın aradan qaldırılaraq ölkə iqtisadiyyatının qorunması məqsədilə yerli istehsalın stimullaşdırılması və inkişaf etdirilməsi, idxal-ixrac əməliyyatlarının təşviqi istiqamətində bir sıra addımlar atılır. Ancaq bu tədbirlərin reallaşdırılması zamanı sahibkarların, yerli istehsalçıların hüquqları ilə yanaşı, ilk növbədə dövlətin mənafeləri də qorunmalıdır”.
Xeberinfo.com: Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin bu gün yaydığı məlumatda bildirilir.
Məlumatda deyilir ki, bəzi işbazlar manatın devalvasiyaya uğraması ilə ölkədə yaranan iqtisadi mühitdən istifadə edərək, xüsusilə idxal əməliyyatları zamanı dövlət büdcəsinə çatacaq vəsaitin tam ödənməsindən yayınmağa çalışır.
Dövlət Gömrük Komitəsi Maliyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib ki, xarici iqtisadi fəaliyyət iştirakçıları ölkə ərazisinə idxal etdikləri malları bəyan edərkən qiymətlərə və malın dəyərləndirilməsinə çox diqqət etməlidir: “Mala istənilən sənəd təqdim etməklə istədiyi qiyməti tətbiq etmək niyyətində olmaq heç də malın düzgün qiymətləndirilməsinə gətirib çıxara bilməz. Əfsuslar olsun ki, bu gün bir sıra işbazlar bundan sui-istifadə edərək orijinal invoys adı altında mallarını bəyan etmək xəyalına düşürlər. Onlar düşünməlidirlər ki, Azərbaycan qanunları var, malın gömrük dəyərləndirilməsi gömrük tarifi haqqında qanuna görə həyata keçirilir. Gömrük xidməti bugünkü bazarı, yerli istehsalçıların və istehlakçıların maraqlarının qorunması məqsədilə malın bəyan edilməsinə nəzarət edir. Təqdim olunan sənədlərdə yanlışlıqlar baş verərsə, mal düzgün bəyan olunmayıbsa, QATT-ın VII maddəsində təsbit olunan prinsiplərə və “Gömrük tarifi haqqında” qanuna uyğun olaraq malın dəyərləndirməsi aparılır və dövlət büdcəsinə gömrük ödənişləri həyata keçirilir.
İdarə rəisi onu da bildirib ki, hazırda bu işbazlar əsasən armatur və meyvə məhsullarının idxalı ilə məşğul olan şəxslərdir.
M. Vahabov onu da əlavə edib ki, hazırda bütün məhsulların minimum qiymətləri müəyyən edilərək ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin bazasında yerləşdirilib, istənilən vaxt sahibkarlar müraciət edib qiymətlərlə tanış ola bilərlər.