Milli Şura Xocalı soyqırımını izdihamla yad etdi
Polis "Qarabağ" şüarı ilə yürüş edən müxalifətçilərə hücum çəkdi; fəallar Əli Kərimliyə qarşı təxribata imkan vermədi
xeberinfo.com: Xocalı faciəsinin 22-ci ildönümünü Demokratik Qüvvələrin Milli Şurası izdihamlı yürüşlə yad etdi. Yürüş saat 12.00 radələrində metronun “Xətai” stansiyası qarşısından başladı.
"Zəfər zəngi çalınsın, qisasımız alınsın!"
Metrostansiya qarşısında, Xocalı abidəsinin yerləşdiyi parkın sağ və sol tərəfindəki hər iki yol nəqliyyatın hərəkəti üçün bağlanmışdı. Ziyarətçilər metrostansiyanın önündən abidəyə doğru sağdakı yolla gedir, soldakı yolla da geri qayıdırdılar. Yəni, qarışıqlığın yaranmaması, basırıq olmaması üçün insanlar Xocalı abidəsinin başına dövrə vururdular.
Ancaq bu qayda, nədənsə, Milli Şura üzvləri ziyarətə başlamaq istəyəndə pozuldu. Qurumun rəhbərliyində təmsil olunan şəxslər, o cümlədən gənclər kalon şəklində Xocalı abidəsinə doğru hərəkətə başlayanda əks tərəfdən bir dəstə (onlardan bəzilərinin əllərində YAP-ın kiçik ölçülü bayrağı vardı) gəldi. Halbuki, ərazidəki polislər Milli Şura üzvlərindən öncə ziyarət edib geri qayıdanları yolun o biri tərəfinə istiqamətləndirirdi. Bu dəfə isə onlara heç bir söz deyilmədi. Qarşıdurma, narazılıq yaranmasın deyə, Milli Şura qarşıdan gələn heyətin ötüb keçməsini gözlədi.
Milli Şuranın kalonu hərəkətə keçmədən sıradakı insanlar, xüsusən də gənclər "Xocalıya ədalət!", "Qarabağ!" və "Zəfər zəngi çalınsın, qisasımız alınsın!" şüarları ilə ətrafa səs saldı. Kalon elə bu şüarlarla da hərəkətə başladı və şüarlar yol boyu təkrar olundu. Yürüş Xocalı abidəsinin önünə əklil və gül dəstələrinin qoyulması ilə başa çatdı. Abidənin qarşısında Milli Şura liderləri Cəmil Həsənli ilə Əli Kərimli qısa çıxış etdilər.
"Vətən torpaqları azad olunmalı, ərazi bütövlüyümüz təmin edilməlidir"
Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki, Xocalı faciəsi torpaqlarımızın bütövlüyü uğrunda işğalçılara qarşı mübarizənin ağır bir səhifəsidir: "Xalqımızın taleyində və tarixində Xocalı faciəsinin baş verdiyi gündür. Xocalı faciəsi vətənimizin, torpaqlarımızın bütövlüyü uğrunda işğalçılara qarşı mübarizənin ağır bir səhifəsidir. İnsanlığa qarşı törədilmiş ən ağır cinayətdir.
Xocalı günümüzün hadisəsidir. Bütövlükdə bir yaşayış məntəqəsinin əhalisi yer üzündən silindi. Qafqazda ən qədim arxeoloji mədəniyyət ocağı tarixdən silindi. Bu soyqırım erməni işğalçılarının və ona həmin dövrdə dəstək verən, Qarabağda dislokasiya olunan 366-cı rus alayının bilavasitə iştirakı ilə baş verib. Xocalıda dinc insanlara - qadına, uşağa, qocaya qarşı əməliyyatda iştirak edənlər bu gün Ermənistan dövlətinin başında oturublar. Xocalıda törətdiklərini gizlətmirlər. Bizim xalqımızın, millətimizin, vətənimizin Xocalı faciəsi ilə bağlı strategiyası ondan ibarət olmalıdır ki, işğal altındakı vətən torpaqları azad olunmalı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin edilməlidir".
"Bizim qisasımız torpaqlarımızı azad etmək, firavan dövlət qurmaq olacaq"
AXCP sədri Əli Kərimli çıxışında qeyd etdi ki, Xocalı faciəsi yalnız millətimizə qarşı soyqırım deyil, həm də millətimizin təhqir olunmasıdır: "Allah Xocalı şəhidlərinə və bütün Qarabağ şəhidlərinə rəhmət eləsin. Xocalı faciəsi yalnız millətimizə qarşı soyqırım deyil, həm də bütövlükdə millətimizin təhqir olunmasıdır. Xocalı bizim hamımızı qisasa çağıran bir faciədir. Bizim qisasımız bənzəri bir hadisəni ermənilərə yaşatmaqla bağlı olmalı deyil. Bizim qisasımız o torpaqları geri almaq, o torpaqlarda bu narahat ruhları rahatladacaq abidələr qoymaq, o torpaqlara Azərbaycan bayrağını sancmaq, Azərbaycan ərazisində hüquqi, firavan dövlət qurmaq və bütün işğal altında olan torpaqlarımızı azad etməkdən ibarət olacaq. Allah bizim hamımıza o gücü, o qüvvəti versin ki, nə başımıza gətirilən bu faciəni unudaq, nə də qisas və özümüzə inam hissi bizi tərk etsin. Hamımıza o günü arzulayıram ki, nəhayət, millət olaraq başımızı dik tutub deyə bilək ki, bizim tariximizdə belə bir faciə var idi, ancaq biz toparlandıq, qisasımızı aldıq, bayrağımızı həmin ərazilərdə bir daha ucalda bildik. Allah şəhidlərimizə rəhmət eləsin".
Polisin təxribatı...
Milli Şura üzvləri geri qayıdarkən də eyni şüarları ("Xocalıya ədalət!", "Qarabağ!" və "Zəfər zəngi çalınsın, qisasımız alınsın!") səsləndirməyə başladılar. Ərazidəki bəzi polislərin və görkəmindən rəhbər şəxslərə oxşayan mülki geyimlilərin bundan qıcıqlandığı hiss olunurdu. Lakin metrostansiyanın qarşısına qədər Milli Şuranın kalonuna hər hansı müdaxilə və ya xəbərdarlıq olmadı. Metrostansiyaya çatanda izdihamda təbii olaraq, bir qədər seyrləmə baş verdi. Kalon isə Milli Şura rəhbərliyinə daxil olan şəxsləri yola salmaq üçün hərəkətini davam etdirdi. Bir qədər irəlilədikdən sonra qəfildən polislər kalona hücum çəkdi. Polislərə bir neçə nəfər mülki geyimli də kömək edirdi. Onlar Milli Şura fəallarını dağılışmağa məcbur etmək, Qarabağ, Xocalı haqda səslənən şüarların dayandırılmasını istəyirdilər. Kalona hücum çəkənlərin əsas hədəfinin AXCP sədri Əli Kərimli olduğu açıq-aşkar hiss edilirdi. Fəalların müqaviməti sayəsində AXCP liderinə qarşı təxribat baş tutmadı. Əli Kərimli polis və mülki geyimlilərə rəhbərlik edən şəxsi süni qarşıdurma yaratmamağa çağırdı. Bildirdi ki, avtomobili bir qədər irəlidədir, dinc qaydada ora qədər gedib, dağılışacaqlar. Bununla belə, polislər canfəşanlıqla fəalların dərhal dağılışmasını istəyirdilər. Lakin müqavimət güclü olduğundan istəklərinə çata bilmədilər. Əli Kərimli onu müşayiət edən fəalları sakitləşdirdi və onlarla birgə avtomobilinə qədər gələrək, sağollaşıb getdi. Qarşıdurma zamanı fəallardan bir neçəsinə zor tətbiq olundu. Yüngül xəsarət alanlar