“Parlamentdə etimadı doğrultmayanlar həmişə olub”
Parlamentin ilk iclasından sonra açıqlama verən deputat Zahid Oruc maraqlı fikirlər söyləyib.
Xeberinfo.com: Əməkdaşımız öncə ondan parlamentin ilk iclasına münasibətini öyrənib.
O, geniş təhlili fikirlərini sonra yazacağını, lakin bir çox qərarlara, xüsusilə də yeni komitələrin formalaşdırılmasına müsbət yanaşdığını söylədi. Vaxtilə bununla bağlı ayrıca təşəbbüslə çıxış etdiyini vurğuladı, lakin bəzi məsələlərdən narazılığını da gizlətmədi.
O, ilk növbədə Milli Məclisin siyasi spektrinə qiymət verərək bunları söylədi: “Cənab prezident dünyanın indiki mürəkkəb şəraitində hökumətlərin və parlamentlərin vəzifəsinə dair çox prinsipial və açıq fikirlərlə dolu olan bir çıxış etdi. Bunları birinci şəxsin dilindən eşitmək çox əhəmiyyətli idi. Ona görə ki, beynəlxalq qeyri-sabitlik hər bir ölkənin bir nömrəli probleminə çevrilib və istənilən hakimiyyət orqanı bu faktı nəzərə almadan çalışa bilməz”.
Daha sonra deputat Məclisin hazırkı palitrasına nəzər salaraq bunları söylədi: “Parlamentin siyasi konfiqurasiyası ölkəmizin hazırkı qüvvələr nisbətinə uyğundur. Qanunverici orqanda müxtəlif partiyalar təmsil olunsa da, bu seçkilər prezidentin siyasi kursuna növbəti etimad aksiyasına çevrildi. Doğrudur, müxalifət Azərbaycan müasir tarixində heç vaxt indiki qədər pərakəndə və zəif olmayıb. Ona görə də seçkilər istər küçə və meydanlarda, istərsə də efir məkanında qarşılıqlı toqquşmalar və siyasi təlatümlərlə müşayiət olunmadı. Bu seçkilərin ən böyük nəticələrindən biri xalqın inqilabi ssenarilərə “yox” deməsiydi. Düzdür, bu il beynəlxalq dairələrin seçki prosesinə kəskin müdaxiləsinin qarşısı alınsa da, xarici təzyiqlər keçmiş dövrə nisbətən daha kəskin və genişmiqyaslı idi. Bununla belə, ölkəmizi siyasi izolə etmək və parlamentin üstündə dövlətimizlə əlaqələri durdurmaq xəttini heç bir təşkilatın seçməyəcəyi də əvvəlcədən proqnozlaşdırılırdı. Çünki dünya və Cənubi Qafqaz regionu maraqlar uğrunda amansız mübarizələrə səhnədir və heç kəs Azərbaycanı itirmək istəmir. Ona görə də spiker və onun müavinlərinin kimliyi müstəsna olaraq seçkilərdə qalib gəlmiş partiyanın lideri kimi ölkə başçısının qərarıdır. Yəni əslində, seçkilərdə qələbə konkret isimlərə və müxtəlif siyasi mənsubiyyətli şəxslərə deyil, prezidentə məxsusdur. İnsanlar hətta bəzən tənqidlə yanaşdığı namizədi yalnız qeyd etdiyimiz rəhbər amilinə görə qəbul ediblər. Ona görə də parlamentin rəhbərliyinin necə formalaşması sualında başlıca məqsəd Milli Məclisdəki işlək mexanizmi qoruyub saxlamaq, müxtəlif amillər üzrə qurulmuş siyasi elitanın monolitliyini pozmamaqdır. Həmin kriteriyadan çıxış edərək, Oqtay Əsədovun ötən illər ərzində prezidentə və dövlətə sədaqətlə çalışdığını inkar etmək mümkün deyil. Bir də ki, ən önəmlisi, qanunverici orqanı birinci şəxsin yürütdüyü siyasi xəttin hüquqi və siyasi yardımçısına çevirməkdir. Lakin bunu geniş müzakirə mühiti ilə, canlı diskussiyalarla və hökumətə sağlam nəzarət funksiyası ilə reallaşdıranda dövlətin orqanizmində “MTN” kimi şişlər formalaşa, yaxud yaransa da geniş şaxələnə bilmir”.
Zahid Oruc qeyd etdi ki, digər vəzifələrə təyinat alanların buna layiq olub-olmadığını müzakirə etmək istəyənlər iki məqamı nəzərə almalıdırlar: “Millətimiz üçün mühüm dönəmlərdə onlar aktiv bir şəkildə meydanda bütün riskləri öz üzərlərinə götürərək dövlətin qoruyucu zirehinə çevrilirlərmi? Bir qismi xeyr. Biz bunu prinsipial mövqe tələb olunan dövrlərdə çox görmüşük. Cənab prezident Milli Ensiklopediyaya həsr olunmuş müşavirədə elə mövqesizlərə münasibətdə “mən hakimiyyətə gəlməsəm, orada nələr yazacağınızı təxmin etmək çətin deyil” şəklində kəskinliklə ifadə etmişdi. İkinci, konyukturadan uzaq dayanaraq təmsil etdikləri insanlarla hakimiyyət arasında etibarlı körpü olmağa və ölkə başçısının yürütdüyü siyasəti uğurla təqdim etməyə, onun intellektual komanda üzvünə, təbliğatçısı və təşviqatçısına çevrilməyə çalışırlarmı? Hər kəsin cavabından asılı olaraq deyə bilərik ki, hazırda parlamentdə formalaşan bütün vəzifə bölgüləri zamanın çağırışlarına və ictimai-siyasi dəyişiklərə, beynəlxalq aləmdə tüğyan edən müharibə və terror risklərinin yaratdığı konyukturaya, sönən neft bumunun gerçəklərinə hansı səviyyədə uyğundur. Hər halda qiyməti hər gün aşağıya düşən neft kotirovkaları həmin resursa malik ölkələrin hamısında güclü siyasi komandalar ehtiyacını üzə çıxarıb. Söhbət bütün hakimiyyət qollarına nəzarəti konstitusiya çərçivəsində həyata keçirən və xəyanətdən uzaq olan komandalardan gedir”.
musavat.com