Yenixeber.org: Gözlənildiyi kimi, məxsusi diqqət mərkəzində regiondakı durum, o cümlədən Azərbaycanla Ermənistan arasında sülh sənədinin imzalanması məsələsi olub. Belə bir ortaq yanaşma ifadə edilib ki, “Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın və qardaş Türkiyənin ərazi bütövlüyünə davam edən iddialar, habelə Ermənistanın kütləvi hərbiləşmə siyasəti sülhə əsas əngəl və hədələrdir”.
Beləcə, İrəvanın təkcə Azərbaycana yox, Türkiyəyə də konstitusion ərazi iddiasının sülh müqaviləsinə əsas əngəl olduğu artıq açıq bəyan edilməyə başlayıb. Yəni Ermənistan hansı cildə girir-girsin, özünü nə qədər “sülh göyərçini” kimi aparır-aparsın, özünün iki qonşusuna torpaq iddiasından rəsmən əl çəkməyincə bağlayacağı sülh sazişlərinin, oxuyacağı sülh nəğməsinin qara qəpiklik dəyəri olmayacaq.
Demək, kapitulyant ölkə təcrid durumda qalmağa davam edəcək. Çünki sən ilk fürsətdəcə qonşunun başını yarmaq üçün qoltuğunda daş gizlədirsənsə, o zaman qarşındakı ilə sülhdən danışa bilməzsən. İllah da həmin daşı hamı görürsə...
Ermənistan rəhbərliyinin özünü aldatması yetər. İrəvan habelə Bakı ilə sülh müqaviləsi imzalamadan Türkiyə ilə münasibətlərin qaydaya düşəcəyini xəyal etməməlidir. H.Fidanın görüşdən sonra söylədiyi kimi, “Azərbaycan və Türkiyə regionda sülhün bərqərar olması üçün birgə addımlar atmağa davam edəcək”.
Bu - Türkiyə dövlətinin dəyişməz mövqeyidir. Eyni zamanda, məntiqlidir. Ona görə ki, qardaş ölkə ilə normal əlaqələr qurub inkişaf edən Ermənistan “barıt qoxulu” konstitusiyasını dəyişməyə daha az həvəsli olacaq. Xüsusən də fors-major vəziyyətdən sonra – Paşinyan iqtidarını daha radikal və revanşist qüvvə əvəzlənəndən sonra.
Ayrı sözlə, Bakı və Ankaranın müştərək Ermənistan siyasəti sırf Nikol Paşinyan hökuməti üzərində və ya onu əvəzləyəcək legitim, yaxud qeyri-legitim şəxs üzərində qurulmayıb, qurula bilməz. Bu, iqtidarı, müxalifəti və cəmiyyəti ilə birgə ümumən Ermənistana və onun toplumuna ünvanlanıb. Nə qədər çəkəcəyi isə yalnız erməni xalqından asılıdır...
Bu mənada iki qardaş dövlətin İrəvana münasibətdə sərgilədiyi ortaq və dəyişməz mövqe nə qədər sərt görünsə də, ədalətlidir. Çünki həm də beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanır.
Necə deyərlər, dərman nə qədər acı olsa da, əsas onun gətirəcəyi faydadır. Yetər ki, erməni tərəfi onu qəbul eləsin. Cənubi Qafqazda “Ermənistan” adlı qondarma dövlətin yeganə varlıq şərti və yeni müharibədən sığortalanmasının tək yolu bəlli.
Zaman gedir. Kaputulyant ölkəyə uzadılan barışıq əli sonsuzadək havada qalmayacaq. Məqamı çatanda, erməni tərəfi özünü ağıllı aparmayanda barışıq əli təzədən yumruğa da çevrilə bilər!..
Azərbaycan-Türkiyə hərbi-siyasi tandeminin bu prinsipial mövqeyi həmçinin Ermənistandan maşa kimi istıfadə edib bölgəmizi qarışdırmaq istəyən xarici dairələrə çox aydın mesajdır. Özlərini boşuna yormasınılar. Güney Qafqazın yiyəsi var – buranın köklü xalqları. Pərdə arxasından çirkin siyasi oyunlar qurmaq zamanı keçib.
Bakı və Ankara ən azından “erməni kartı” ilə özlərinə qarşı yeni oyunlara imkan verməyəcək. Bayramov-Fidan görüşündən Qərbdəki məkrli çevrələrə verilən bir mühüm mesaj da bu idi...(musavat)