Qərbin Türkiyəyə qarşı planı - Ankara hərəkətə keçdi
Britaniyanın nüfuzlu "Financial Times" qəzetində “Türkiyə G20-nin Hindistan-Yaxın Şərq ticarət dəhlizi planına alternativ yaratmağa çalışır” sərlövhəli məqalə dərc olunub.
Yenixeber.org: Məqalədə Türkiyənin planından bəhs edilib.
Müəllif deyir ki, Türkiyə bu ay keçirilən G20 sammitində razılaşdırılan Hindistan-Yaxın Şərq ticarət dəhlizi planına alternativlə bağlı gərgin danışıqlar aparır.
Hindistan-Yaxın Şərq planı çərçivəsində Hindistandan göndərilən məhsullar Avropa bazarlarına keçmişdə olduğu kimi Bağdad və Türkiyə vasitəsilə deyil, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail vasitəsilə göndəriləcək.
Bu dəhlizin yaradılmasını dəstəkləyən ABŞ və Avropa İttifaqının (Aİ) məqsədinin Çinin bölgədəki təsirini azaltmaq olduğu bildirilir. Buna baxmayaraq, məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu plandan razı qalmadığı vurğulanıb.
Qəzet Türkiyənin xarici işlər naziri Hakan Fidanın İraq, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə gərgin danışıqlar apardığını diqqətə çatdırıb. Məqalədə alternativ xətt yaratmaq üçün danışıqların davam etdiyi bildirilib.
Qəzet Ərdoğanın G20 sammitindən sonra verdiyi açıqlamaya da diqqət çəkib. Ərdoğan Hindistanda keçirilən G20 sammitindən sonra təyyarədə jurnalistlərin sualına belə cavab verib:
"Biz bunu deyirik ki, Türkiyəsiz dəhliz yoxdur. Türkiyə mühüm istehsal və ticarət bazasıdır. Şərqdən qərbə nəqliyyat üçün ən uyğun xətt Türkiyədən keçməlidir".
Xatırladaq ki, bir neçə gün öncə dünyanın 20 ən böyük iqtisadiyyata malik ölkəsinin liderləri ötən həftə Hindistanda bir araya gəlib. Bazar günü başa çatan sammit zamanı liderlər konsensus sənədi hazırlamağa, Dünya Bankı kimi institutların "əsaslı təmir edilməsi" kimi məsələlərdə irəliləyiş əldə etməyə və Ukraynadakı müharibə ilə bağlı dərin fikir ayrılıqlarını aradan qaldırmağa cəhd ediblər.
Sammit zamanı Birləşmiş Ştatlar, Hindistan və Səudiyyə Ərəbistanı liderləri Yaxın Şərq, Cənubi Asiya və Avropa arasında dəmir yolu və liman əlaqələri qurmaq planlarını açıqlayıblar. ABŞ prezidenti Co Baydenin bunun "əsl böyük bir iş" olduğunu söyləyib .
Müşahidəçilər deyir ki, Bayden administrasiyası Vaşinqtonu G20 qrupunda inkişaf etməkdə olan ölkələr üçün alternativ tərəfdaş və sərmayəçi kimi təqdim etməklə Çinin “Bir kəmər və bir yol” təşəbbüsünə qarşı mübarizə aparmağa çalışır.
Lakin Yaxın Şərqdə dəmir yolu xətlərinin çəkilməsini və sonra onları liman vasitəsilə Hindistana birləşdirməyi nəzərdə tutan layihənin kim tərəfindən maliyyələşdiriləcəyi və ya vaxt çərçivəsi haqqında heç bir məlumat verilməyib.(modern)